"Düşmənə bir daha imkan verməməliyik ki, bizə məxsus olanı özününküləşdirsin" - Elnur Allahverdiyevlə MÜSAHİBƏ

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev Sonxeber.az-ın suallarını cavablandırıb.

- Bu gün xalqımız uzun müddətdir ki, həsrətində olduğu torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın cənnət məkana çevrilməsi və soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsi istiqamətində atılan addımlar hər birimizi qürurlandırır. Vətəndaşlarımıza Ağdamı və Qarabağın tacını görmək imkanları yaradılıb. Elnur bəy, ilk olaraq, 30 illik torpaq həsrətinə son qoyularaq Füzuli Beynəlxalq Hava Limanının qonaqları qarşılaması, Şuşaya və Ağdama avtobus reyslərinin açılması və bu kimi atılan digər addımlarla bağlı fikirlərinizi bilmək istərdik.

- Təbii ki, müasir tariximizin ən qürurverici anlarını yaşayırıq. Çünki bu illərimizin ən böyük dərdi torpaqlarımızın işğal altında olması idi. Şuşasız, Ağdamsız, Qarabağsız böyüyüb boya-başa çatmış bütöv bir nəslimiz var. Mənim özüm Qarabağ işğal olunanda məkdəbdə oxuyurdum. Bu baxımdan, indi yaşadıqlarımız tamamilə fərqli hisslərdir, yeni reallıqdır. Bugünlərdə deputat həmkarlarımla Dubayda keçirilən "Ekspo-2020" sərgisində idik. Azərbaycana, bizim pavilyonumuza hədsiz maraq var. İndi biz sərgilərdə həsrətlə, işğal edilmiş ərazilərimizi deyil, azad olunmuş torpaqlarımızda gördüyümüz işləri nümayiş etdiririk, bu barədə informasiya veririk. Vətən müharibəsindən sonra xarici səfərlərdə, xarici həmkarlarımızla görüşlərimizdə bizə fərqli münasibəti görürük. Bunlar, təbii ki, xalqımızla, dövlətimizlə bir daha fəxr etməyimizə əsas verir. O torpaqları bizə bəxş edən qəhrəman övladlarımızın, şəhid və qazilərimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun hansı ölçüdə tarixi missiyanı həyata keçirdikləri barədə dəfələrlə düşünürük, qürur duyuruq.

- Elnur bəy, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edildi. Bu mühüm addım özündə hansı çağırışları və mesajları ehtiva edir?

- Şuşa şəhəri 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Bütün dünyaya bu şəhərin guya onlara məxsus olması barədə car çəkiblər. Ancaq bu illər ərzində tarixi şəhərimizi, Qarabağ xanlarının yurdunu ancaq dağıdıb, talayıblar. Biz indi əyani şəkildə görürük ki, ermənilər Şuşanı nə qədər məqsədli şəkildə yer üzündən silmək istəsələr də, buna nail olmayıblar. Zahiri görkəminə xələl gətirə biliblər, binalar yandırılıb, uçurulub. Ancaq əvvəla, şəhərin ruhu yaşayıb. İkincisi isə, ermənilərin hətta daşlarla 30 il apardıqları mübarizə istədikləri nəticəni verməyib. Şuşanın harasına baxırsan, tariximizi əks etdirən bir abidə, tikili var. Üzərindəki tarixi yazıları silib, öz işarələrini qoymaqla deyil axı.

Bu baxımdan, cənab Prezidentin bu ili "Şuşa İli" elan etməsinin konkret hədəfləri var. Dünya bu şəhərin gerçək sahiblərinin kimliyini dərk etməlidir. Hamı görməlidir ki, 30 il dağıdılan Şuşa indi kimlər tərəfindən tikilir, yenidən qurulur. Özü də bu tikinti işləri quru torpaqda aparılmır. Biz orada ermənilər kimi saxta tarix yazmırıq. Tarixi irsimizi, maddi-mədəniyyət abidələrimizi bərpa edirik. Xanlarımıza, Şuşanın məşhur ailələrinə, tarixi şəxsiyyətlərinə məxsus sarayları, evləri bərpa edirik. Şuşalıların dönüb şəhərdə yaşamaları üçün yaşayış binaları tikirik. Bu il orada çoxsaylı mədəni tədbirlər keçiriləcək. Şuşanın tarixinə, arxada qalan 270 ilə dönəcək, xatırlayacaq, bir daha nəticə çıxaracağıq. Bütün dünya görəcək ki, bu şəhər bizə məxsusdur, bizim olub. Livandan, Suriyadan 3-5 ermənini gətirib Şuşada məskunlaşdırmaqla, internet əsrində tarixi nağıllar danışmaqla torpağı özününküləşdirmək, tarixi saxdalaşdırmaq mümkün deyil.

Ümumiyyətlə, hər birimiz, hər bir azərbaycanlı bu istiqamətdə nə isə etməlidir. Siz, media işçiləri, təliğat sahəsində, elm adamları elmi araşdırmalarında, inşaatçı həyata keçirdiyi tikinti işlərində və s. Məsələn, bir ildən çoxdur ki, könüllü, vətənpərvər gənclərlə birlikdə Vikipediya platformasında layihə həyata keçirilir. Mən həmin gənclərə bacardıqda kömək etməyə çalışıram, eyni zamanda, özüm də onlardan öyrənirəm. Bilirsiniz ki, ermənilər bu illər ərzində Qarabağda, Zəngəzurdakı tariximizi silməyə çalışıb. Yer adlarını dəyişib, tarixi abidələri saxtalaşdırıb. Eyni prosesi Vikipediya kimi qlobal açıq ensiklopediyada da ediblər. Bu platforma yanlış informasiya ilə doludur. İndi gənclərimiz "Qorqud" Vikipediya Metodik Klubu ilə birgə bu kimi hallara qarşı mübarizə aparırlar. Bu il cənab Prezidentin çağırışı ilə onlar da Vikipediyada "Şuşa İli"nə həsr olunmuş aksiyaya başlayıblar. Şəhərin 270 illiyi ilə əlaqədar olaraq, Şuşa barədə 270 məqalə yaratmağı qarşılarına məqsəd qoyublar. Fikrimcə, bu kimi layihələrə bizim çox ehtiyacımız var.

- Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər digərlərindən fərqlənir. Belə ki, qəhrəman oğullarımız heç bir hərbi texnika olmadan, əlbəyaxa döyüş taktikası ilə düşmənə qan udduraraq, bizi illərlə həsrətində olduğumuz Şuşamıza qovuşdurdular. Şuşamızın azad edilməsi uğrunda canlarından və sağlamlıqlarından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi, tanıdılması üçün Şuşada da ikinci Zəfər müzeyinin tikilməsinə ehtiyac varmı?

- Düşünürəm ki, dövlətimiz nə məqsədəmüvafiqdir, edəcək. Əslində, Şuşanın özü bir Zəfər muzeyidir. Şəhərdə hər addımbaşı qəhrəmanlarımızın, şəhid və qazilərimizin izi var. Bizim üçün "Şuşa" sözü "zəfər", "qələbə" ifadələri ilə sinonim təşkil edir. Tarixi qələbəmizi də məhz Şuşanın azad olunduğu gün qeyd edirik. Odur ki, gözləyək. Açığı, hər bir vətəndaş kimi, mən də Qarabağda, Şuşada həyata keçirilən tikinti, layihələr, yeniliklər barədə xəbərləri maraqla gözləyir və izləyirəm. Azad olunmuş torpaqlarımızda həyata keçirilən işlər cənab Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Orada həqiqətən də işini bilən peşəkarlar işləyir, çalışırlar. Xalqımız üçün ən yaxşısı nədir, o da ediləcək.

- Cənab Prezident İlham Əliyev jurnalistlərə sonuncu müsahibəsində məmur özbaşınalığının ifşasında mətbuatın roluna da toxundu. Sizcə, bu gün Azərbaycan mediası bu istiqamətdə öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilirmi?

- Medianın mövcudluğu, fəaliyyəti cəmiyyətdə olan neqativ təzahürlərin aşkarlanması, ictimailəşdirilməsi baxımından çox önəmlidir. Təbii ki, bu nöqteyi-nəzərdən milli mediamızı hərtərəfli dəstəkləməliyik. Dövlət tərəfindən bu istiqamətdə atılan addımlar göz önündədir və bu gün ölkə başçısının mətbuatın rolunu yüksək qiymətləndirməsi bu diqqətin ən yüksək səviyyədə nümayişidir. Ümumiyyətlə, mediamız da bu illəri, ağrı-acıları, sevincli günləri xalqımızla, dövlətimizlə birgə yaşayıb. Milli mətbuatımız bu dövr ərzində çoxsaylı sınaqlardan keçib. Siz bu tarixi məndən yaxşı bilirsiniz. Mediamızın maddi-texniki bazasının zəifliyi, maddi resurslarının kasadlığı - bunların hamısını yaşamışıq. İndi, şükürlər olsun, vəziyyət tam fərqlidir. Sizin məhsuldar çalışmanız üçün şərait var. Təbii ki, mətbuatın da vəzifəsi cəmiyyətimizdə olan qüsurları aşkarlayıb üzə çıxarmaqdır. Neqativləri ancaq bu yolla neytrallaşdırmaq olar.

Bununla belə, mən bu sahənin mütəxəssisi olmadığıma görə, sualınıza tam cavab verə bilməyəcəm. Şəxsi qənaətim budur ki, media sferasında da qüsurlar var. Ancaq fikrimcə, bu qüsurlar sistemli deyil, fərdi, şəxsi xarakter daşıyır. Qərəzli yanaşma, reallığı bilmədən, sübutsuz, bilərəkdən gözdənsalma, ləkələmə hallarını nəzərdə tuturam. Məncə, bu, həm qeyri-peşəkarlığın nəticəsidir, həm mövcud münbit şəraitdən sui-istifadədir, həm də, təbii ki, şəxsi maraqlardan irəli gələn haldır. Çünki belə hallarla mütəmadi olaraq mən də rastlaşıram. Ümid edirəm ki, yenicə qəbul olunmuş və mediamızın fəaliyyətini tənzimləyəcək qanun bu istiqamətdə qüsurların aradan qaldırılmasına ciddi təsir göstərəcək.

- Elnur bəy, hazırda ölkəmizdə həyata keçirilən çox genişmiqyaslı islahatlar kursu bütün sahələri əhatə etməklə, möhtəşəm uğurlarla müşayiət olunur. Son 18 ildə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər bir daha 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinə dəstək verməsinin, bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin parlaq nəticələridir. Cənab Prezident tərəfindən aparılan uğurlu siyasət ölkəmiz üçün nələri vəd edir?

- Sabitlik və inkişaf. Fikrimcə, sualınıza konkret şəkildə belə cavab verə bilərəm. Bilirsiniz, dünya çox mürəkkəb olub. Son illərə nəzər yetirin, müharibələr, terror, maliyyə bazarlarında seysmik vəziyyət, ən əsası isə sabaha inamsızlıq, ümidsizlik. Bu gün dünyanın ən böyük problemi qeyri-müəyyənlikdir. Sabah nə olacaq, proqnozlaşdırmaq mümkün deyil. Xüsusilə, bizim kimi böyük olmayan ölkələr üçün bu vəziyyət təhlükəlidir. Ona görə də əgər biz Ulu öndər Heydər Əliyevin 1993-cü ildən xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən bugünədək olan dövrü əhatə ediriksə, məncə, bizim üçün ən böyük sərvətlər sabitlik və inkişafdır. İnkişaf ancaq sabitlik şəraitində ola bilər. Bu iki amil olan yerdə rifahdan danışmaq mümkündür. İşğal altında olan torpaqlarımızı azad etdikdən sonra dövlətimizi, xalqımızı daha firavan gələcək gözləyir. Cənab Prezidentin siyasi kursu məhz bundan ibarətdir.

- Artıq münaqişə başa çatıb və post-münaqişə dövründə həm ölkəmiz, həm də region üçün tamamilə yeni mənzərə yaranıb. Bu yeni mərhələdə Azərbaycan dövlətinin qarşısında hansı vəzifələr durur?

- Ən əsas vəzifəmiz tariximizi və düşmənimizi unutmamaqdır. Bir daha imkan verməməliyik ki, düşmən bizə məxsus olanı özününküləşdirib ələ keçirsin. Geniş anlamda ən böyük vəzifəmiz məhz budur. Ordumuzu gücləndirmək, iqtisadiyyatımızı möhkəmlətmək və digər bu kimi işlər həmin başlıca məqsədi reallaşdırmamızın yollarıdır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: elmə və təhsilə yatırım. Övladlarımızın yaxşı təhsil almaları üçün çalışmalıyıq. Vətən müharibəsi gənclərimizdə olan vətənpərvərlik hissini bizə göstərdi. Deməli, bu illər ərzində bu hisslərin övladlarımıza aşılanması üçün düzgün iş aparılıb. Burada təhsilimizin, məktəbin, müəllimin rolu danılmazdır. Bu gündən sonra da təhsil sistemimizi gücləndirməliyik, müasirləşdirməliyik. Aparıcı texnoloji kəşfləri, yenilikləri ölkəmizə gətirməli, tətbiq etməliyik. Bunlara nail olsaq, heç bir düşmən bizə bata bilməz.

- Elnur bəy, bilirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Müraciətlər təbii ki, müxtəlif məzmunludur. Var ümumi xarakterli istək, xahiş, məsələn, məşğulluq, yaxud sosial müavinətlər. Müharibədən sonra qazilərimiz, şəhid ailələrimizin qarşılaşdığı çətinliklər olur, onların həllinə kömək etmək hər birimizin borcudur. Bu, məncə, hər bir həmkarımın rastlaşdığı reallıqdır. Bir də var, hər bir dairənin özəl vəziyyəti. Bizim dairənin böyük bir hissəsi "Sovetski" kimi tanıdığımız əraziyə düşür. Burada ən böyük problem infrastrukturla bağlı çətinliklərdir. Evlər çox köhnədir, bu ərazidən əhalinin normal şəraitli evlərə köçürülməsi planı hələ sovet dönəmində mövcud olub. İndi, şükürlər olsun, dövlətimizin imkanları çoxalıb, tikinti ilə məşqul olan sahibkarlarımız var. Bu ərazinin tədricən sökülməsi, əhaliyə yeni evlər təklif edilməsi, yaxud kompensasiyaların ödənməsi prosesi gedir. Düzdür, indi işlər istədiyimiz sürətlə getmir. Pandemiya nəticəsində iqtisadiyyata dəyən zərəri hamımız bilirik. Bu zərər dövlət kimi, özəl sektora da dəyib. Ona görə də prosesin sürəti azalıb. Bax, bizim seçiciləri, deyərdim ki, ən narahat edən məqamlardan biri, bəlkə də birincisi budur. Bilmək istəyirlər ki, köçəcəklərmi, nə vaxt köçəcəklər, hazırki evlərinin müqabilində veriləcək kompensasiya gələcək normal yaşayışlarına bəs edəcəkmi. Bu suallara dərhal cavab vermək olmur. Tikinti ilə məşğul olan heç bir sahibkarı da tələsdirmək mümkün deyil. Yəni bu məsələ zaman tələb edir və vaxtı gəldikcə həllini tapacaq.

OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...