“Naoborot, hər şey qaydasındadır, idman edib arıqlamışam” - Elmar Məmmədyarov
Müsahibə
11:58 / 02.02.2022
660
Sfera.az Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun "Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- İki ilə yaxındır ki, nazir deyilsiniz, bu müddət ərzində həyatınızda nə dəyişib?
- Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm. Evdə dünyada baş verənlərə tamaşa edirəm. Məsləhətlər verməyə davam edirəm. Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm.
- Hazırda nə işlə məşğul olursunuz?
- İdmanla məşğul oluram. Əməlli başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm. Uşaqlıqdan futbola böyük sevgim var, bir futbol oyununu belə buraxmıram. Həm milli komandanın, həm də "Qarabağ” və ya "Neftçi” klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedirəm.
- Uzun illər siz Azərbaycanın xarici siyasətinə cavabdeh şəxs olmusuz. Elə bil son illər baş verən hadisələrə, özəlliklə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı şərhlər vermirsiz. Sizdən soruşan yoxdur, yoxsa özünüz danışmırsız?
- Birincisi, soruşan yoxdur. İkincisi də nəyi soruşmaq? Tam şəkildə vəziyyət dəyişib. Azərbaycanın işğal altında olan torpaqları var idi. Ona görə də həmsədrlərlə tez-tez görüşürdük, müzakirə olunan bəzi təklifləri qəbul edirdik. Lakin 44 günlük müharibədən sonra vəziyyət tam şəkildə dəyişilib. Münaqişəni ilk illərindən bəri, hələ 1993-cü ildə Nyu-Yorkda işlədiyim, BMT-nin 4 qətnaməsi qəbul olunan vaxtdan bəri, danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın hissəsi olması mövqeyi ilə aparılıb. Artıq biz öz ərazi bütövlüyümüzü həll etmişik. Bütün məsələlər faktiki olaraq həll olunub. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onlardan kim istəyirsə, orada qalsın, kim istəmirsə, Marsel, Los-Ancelesə, Moskvaya gedə bilər. Onlar hara getmək istəklərində azaddırlar. Qoy getsinlər.
- Bir müddətdir Azərbaycan – Ermənistan arasında sülh sazişi barədə müzakirələr aparılır, siz nə düşünürsüz?
- Bu gec-tez baş verəcək. Ayrı yolumuz yoxdur, Ermənistanın da ayrı yolu yoxdur. Normal şəkildə münasibətləri davam etdirmək üçün sülh sazişi bağlamalıyıq. Mən nazir olanda da həmişə deyirdim ki, torpağı götürüb, harasa qaçmaq olmaz. İlk növbədə qonşularla dil tapmaq lazımdır. Nə qədər tez olsa bir o qədər sərf eləyər. İkincisi isə ermənilər özləri də Qarabağ klanının onlara nə qədər ziyan vurduğunu başa düşməyə başlayıb. Təsəvvür edin ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan kəməri müzakirə ediləndə belə bir təklif var idi ki, kəmər Ermənistan ərazisindən də keçsin, amma onu qəbul etmədilər. Nə var, nə var Qarabağ klanı qoymadı. Əgər Bakı-Tbilisi Ceyhan Ermənistan torpağından keçsə idi, nə qədər pul qazana bilərdilər. İndi onu da itirdilər. Ermənistan haradadır indi? Onların ən böyük problemi elə Qarabağ klanıdır. Biz müzakirə edəndə belə bir söhbət var idi ki, bilinmir Ermənistan Azərbaycanı işğal edib, ya Qarabağ klanı Ermənistanı? Ümumiyyətlə belə bir həqiqət var ki, Qarabağ klanı Ermənistanı işğal edib. Ona görə də bütün problemlər ortaya çıxıb.
- Sizcə, həmsədrlərin tərəflər arasında sülh məsələsində hansısa rolu ola bilər?
- Yenə deyirəm kontekst dəyişib, məsələ tam həll olunub. Həmsədrlər özləri nə ilə məşğul olduqlarını fikirləşib təklif etməlidirlər. Çünki statusdan da belə söhbət gedə bilməz. Ermənistanın revanşist siyasətçiləri deyirlər ki, status məsələsi həll olunmayıb. Necə yəni həll olunmayıb? Status BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib – Dağlıq Qarabağ regionu Azərbaycanın ərazisi kimi göstərilib. Onlar nə ilə məşğul ola bilərlər? Onlar Azərbaycan-Ermənistan arasında sülh sazişi layihəsi üzərində işləmək istəyirlərsə, qoy təklif versinlər. Hələ ki, bir xəbər yoxdur. Bəyanatlarını oxusanız görərsiniz ki, yalnız humanitar məsələlərlə məşğul olurlar.
- Maraqlıdır niyə sosial şəbəkələrdə yoxsuz. Ümumiyyətlə, fikirlərinizi, müşahidələrinizi sosial şəbəkədə paylaşmağı düşünürsünüz?
- İnanmıram ki, bu yaxşı fikirdir. Mənim üçün ora böyük maraq kəsb eləmir. Sosial şəbəkə belə bir şeydir ki, cümə axşamı söhbətlərinə dönür. Mən fikirlərimi qərar qəbul edən adamlarla bölüşmək istəyirəm. Mən öz fikirlərimi onlara çatdıra bilərəm. Sosial şəbəkələr mənim üçün maraqlı deyil.
- Bir ara səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər çıxmışdı?
Yox, naoborot. Hər şey qaydasındadır. Gündə ən azı bir saatdan, üç saata qədər idmanla məşğul oluram. Təsəvvür elə səhhətim pisdir...