Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov

Təzyiqlər var: manat ucuzlaşa bilərmi? - Vahid Əhmədov
Milli Məclisin üzvü, iqtisadçı Vahid Əhmədovun Axar.az-a müsahibəsi:

- Hazırda qida təhlükəsizliyi dünyada prioritet məsələyə çevrilib. Ancaq Prezident İlham Əliyev bunu illər öncədən görmüş və buğda istehsalının təşviq edilməsi ilə bağlı sərəncamlar imzalamışdı. Artıq 2007-ci ildən fermerlərə subsidiyalar verilirdi. Aradan 15 ilə yaxın zaman keçib. Ancaq yenə də buğda istehsalı istehlakın 50%-nə belə çatmır və biz idxalçı ölkəyik. Sərəncamdan irəli gələn hansı vəzifələr yerinə yetirilmədi ki, biz idxal asılılığından qurtula bilmədik?

- Əslində bu məsələ ilə bağlı Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev hələ 2004-cü ildə Gülüstan sarayında böyük bir tədbir keçirmişdi. Cənab Prezident həmin tədbirdə regionların iqtisadi inkişafıyla əlaqədar çıxış etdi. O, Azərbaycan hökuməti qarşısında 2 əsas məsələ qoydu: Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkşafı.

Bu baxımdan aradan 15 yox, 17 ildən də çox zaman keçib. Düzdür, hazırda qeyri-neft sektorunun inkşafı ilə bağlı Azərbaycanda ciddi artımlar var, kifayət qədər böyük səy göstərilib, o cümlədən aqro-parklar, sənaye parkları yaradılıb və bu, ixracda müəyyən artımlara səbəb olub. Bəzi ərzaq məhsulları var ki, Azərbaycan özünü təxminən 90-100% təmin edir. Məsələn, mal-qoyun əti, süd məhsulları və s. Amma əsas ərzaq sayılan buğda, xüsusilə un üçün istifadə olunan qidalıq buğdanın istehsalında problemlər var. Bu problemlərə cənab Prezident bir neçə dəfə öz çıxışlarında dəqiqliklə toxunub, öz münasibətini bildirib. Fikir verdinizsə, 2022-ci il yanvar ayından qiymət artımı baş verəndə hiss olundu ki, Azərbyacanda kifayət qədər taxıl ehtiyatımız yoxdur və hətta cənab Prezident Ukraynaya səfər etdi, taxıl istehsalı üçün orada torpaq icarəyə götürüldü.

Buğda ilə ölkəni tam təmin etmək Azərbaycanda qeyri-mümkündür, çünki taxılla tam təminat üçün torpaq fondu kifayət qədər deyil. Bu günə qədər, hardasa, 650-660 min hektar torpaq sahəsində buğda əkilir. Bu isə kifayət deyil. Hazırda işğaldan azad olunmuş təxminən 1.200.000 hektar torpaqdan da istifadə başlayıb. Amma o torpaqların hamısı taxıl üçün yararlı deyil. İşğaldan azad edilmiş ərazilər hesabına buğda istehsalını təxminən 200-250 min ton artırmaq olar. Bu sahədə də artıq işlərə başlanıb və yəqin ki, mövsümün axırında müəyyən qədər taxıl götürəcəyik. Ancaq bu da taxılla tam təminat demək deyil. Ümumiyyətlə, o dövlət təhlükəsiz hesab edilir ki, qida istehakının ən azı 80%-ni daxili resurslar hesabına təmin edir. Biz isə bəzi ərzaq məhsullarını, o cümlədən buğdanı idxal edirik. Buğda əsasən Rusiyadan tədarük edilir və Rusiyada son vaxtlar qiymətlər bahalaşıb. Hesab edirəm ki, Azərbaycan özünü heç olmasa taxılla 80% təmin etməlidir.

Cənab Prezident son illər dünyada ərzaqla baş verən problemləri nəzərə alaraq, Taxıl Agentliyi yaratdı. Həmin o agentlik hazırda taxılın alış-verişi ilə bağlı təminatla məşğuldur. Mənim yadıma gəlir ki, Qazaxıstanla müəyyən müqavilələr imzalanmışdı, burda anbarlar tikildi. Məqsəd taxıl ehtiyatlarını 1 illik həcmə qaldırmaq idi. Yəni bu taxıl çox vacib bir məsələdir. Ona görə də bu qida ilə Azərbaycanın təmin edilməsi həmişə hökumətin, dövlətin diqqət mərkəzində olmalıdır. Biz çalışmalıyıq ki, birincisi, əgər 1 hektardan 30-32 sentner taxıl götürürüksə, bunu heç olmasa 40-45 sentnerə qaldıraq. Fermer təsərrüfatlarının sayını artırmaq lazımdır və hesab edirəm ki, Azərbaycan ciddi şəkildə bu işlə məşğul olsa, daxili imkanlarla taxıl təminatını 2023-cü ildə 80%-ə çatdıra bilər.

- Hazırda bütün dünyada baş verən qida bahalaşması Azərbaycana da təsir edir. Bahalaşma prosesinin pandemiya ilə əlaqəli olduğunu bildirən iqtisadçılar yaxın zamanlar üçün müsbət proqnozlar verirlər. Sizcə, bahalaşma 2022-ci ilin hansı dövrünə qədər davam edə bilər və stabilləşmə hansı aylarda gözləniləndir?

- Bahalaşma, dediyiniz kimi, dünyada gedir və hazırda bu məsələ tək Azərbaycanda yox, bütün dövlətlərin diqqət mərkəzindədir. Hətta Avropa dövlətlərinin bir qismində qiymətlərin tənzimlənməsi üçün məsələ qaldırırlar. Çünki çox ciddi qiymət artımı var və əsas da odur ki, dünyada ərzaq təhlükəsizliyi - ərzaq çatışmazlığı, qıtlığı problemi yaranıb. Artıq bəzi dövlətlər ehtiyatlar yığır. Məsələn, Çin dünya taxıl ehtiyatının təxminən 55%-ni alıb, özündə saxlayır. Yəni bu dövlət öz insanlarının taleyini fikirləşir. Biz də qida ehtiyatımızı görməli və ən azı bir illik ehtiyat toplamalıyıq.

O ki qaldı qiymət artımının nə qədər davam edəcəyinə, burda iki məsələ var: birincisi, obyektiv səbəbdir. Biz müəyyən ərzaq məhsullarından asılıyıq, idxal edirik və dünyada qiymət bahalaşdıqca bizə də təsir edir. İkincisi, subyektiv səbəbdir – yəni süni qiymət artımı. Bəzi sahibkarlar bu vəziyyətdən istifadə edərək, yalnız idxal olunan məhsulları deyil, Azərbaycanda istehsal olunan məhsulları da müəyyən qədər bahalaşdırırlar. Fikir verirsinizsə, hər bayramqabağı qiymət artımı baş verir. Bu, süni qiymət artımıdır və bunun qarşısı alınmalıdır.

Biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəndə cənab Baş nazir orda idi və ona bu sualı ünvanladıq, o da geniş məlumat verdi və dedi ki, tədbirlər planı işlənib hazırlanır. Hardasa 1 həftə bundan əvvəl Əli Əsədovun rəhbərliyi altında böyük bir iclas keçirildi və orda əsas məsələ süni qiymət artımının qarşısını almaq üçün tədbirlər planının işlənib hazırlanması idi. İqtisadiyyat Nazirliyinin tərkibində Antiinhisar Xidməti var, o qurum süni qiymət artımının qarşısını almaq üçün bütün bölgələrdə, o cümlədən Bakıda çox ciddi tədbirlər, monitorinqlər həyata keçirir. Elə vaxt olur ki, bir gündə 100-ə yaxın tədbir keçirir və cərimələr tətbiq edirlər. Amma buna baxmayaraq, süni qiymət artımı baş verir. Ona görə də biz çalışmalıyılq ki, yerli istehsalı artıraq. İqtisadiyyat Nazirliyi bu işlə çox ciddi məşğuldur və qeyri-neft sektonun inkşafı hər il idxaldan azad olmaq üçün addımların atıldığını təsdiqləyir. Yəni işlərin görülmədiyini iddia etmək olmaz. Amma hesab edirəm ki, bunu daha da təkmilləşdirmək, dərinləşdirmək, sürətləndirmək lazımdır ki, Azərbaycanda süni qiymət artımı baş verməsin.

Bir də əsas məsələlərdən biri bazarda azad rəqabətin təşkilidir. Əgər haqsız rəqabət və ya inhisarçılıq varsa, əlbəttə, bu, qanunsuz sövdələşmələrlə süni qiymət artımına gətirib çıxaracaq. Buna görə də mən cənab Baş nazirdən xahiş elədim ki, azad rəqabət məsələsi həll olunsun. Bununla əlaqədar artıq İqtisadiyyat Nazirliyi qanun da hazırlayıb və Azərbaycan hökumətinə təqdim edib. Yəqin ki, yaxın 1 il ərzində bu məcəllə qəbul ediləcək.

Süni qiymət artımının qarşısını almaq üçün bu məcəllə çox vacibdir. Uzun müddətdir ki, biz bunu planlaşdırırıq. Çox minnətdaram ki, cənab Baş nazir tez reaksiya verdi və iqtisadiyyat naziri Mikayıl Cabbarov bu qanun layihəsini hazırlayıb artıq təqdim edib. Yəqin ki, layihə yaxınlarda Milli Məclisə daxil olacaq.

- Hazırda əhalini ciddi narahat edən məqamlardan biri də manatın məzənnəsidir. Təəssüf ki, bu barədə vaxtaşırı şayiələr yayılır. Bəzi bankların tez-tez valyuta satışını dayandırması da bu şayiələrin genişlənməsinə səbəb olur. Necə düşünürsünüz, neftin barrelinin 90 dollar civarında olduğu bir zamanda manatı hansısa ucuzlaşma təhlükəsi gözləyirmi?

- Bu, ümumiyyətlə, çox ciddi məsələdir və mütəmadi olaraq mətbuatda müzakirə obyektinə çevrilir. Xüsusilə son vaxtlar Ukrayna ətrafında baş verən hadisələr, ABŞ-Rusiya münasibətlərində gərginlik milli valyutalara çox ciddi problemlər yaradır. Diqqət edin ki, Türkiyədə türk lirəsi birdən-birə nə qədər düşdü, eyni zamanda rus rublu kəskin ucuzlaşdı - ən son məlumata görə, 1 dollar artıq 78-79 rubla qalxıb. Amma Azərbaycan manatı məzənnəsini qoruyub saxlayır. Bu qoruyub saxlanmanın arxasında müəyyən amillər durur. Azərbaycanın dövlət başçısı çalışır ki, xalq çox zərər görməsin. Ona görə də manatın məzənnəsinin sabit qalması ilə bağlı müəyyən tədbirlər görülür.

Manatın dəyərdən düşməsi üçün 2 ən mühüm şərt tələb olunur: neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarımızın azalması.

Biz dövlət büdcəsində neftin bir barrelini 45 dollardan götürmüşük, hazırda 90 dollaradır. Neft Fondunun və Mərkəzi Bankın isə 53 milyard dollar civarında ehtiyatı var. Və istənilən vaxt bu ehtiyatlardan istifadə eləmək olar.

Ona görə də məncə, yaxın aylarda, hətta ilin sonuna qədər manatın ucuzlaşması gündəmdə ola bilməz.

Ümumi vəziyyəti nəzərə alaraq, mən də hesab edirəm ki, manatın hələlik qorunub saxlanmasına ehtiyac var. Çünki bu, əhali üçün də çox vacibdir. Amma bu qorunma nə qədər davam edəcək – əlbəttə ki, dünyada gedən proseslərdən asılıdır. Çünki bizim Rusiya və Türkiyə ilə çox ciddi iqtisadi əlaqələrimiz var. Qonşu dövlətlərdə stabil vəziyyət olacaqsa, bizdə də elə bir ciddi problem olmayacaq.

- Azərbaycanda bütün sahələrdə, o cümlədən iqtisadi sahədə islahatlar aparılır. Ancaq mövcud şəraitə görə islahatların sürətlənməsi gərəkdiyi haqda iqtisadçıların təklifləri də səsləndirilir. Sizcə, hansı iqtisadi islahatlara ehtiyac var?

- İslahatlara hər zaman ehtiyac var. İqtisadçılar, əlbəttə ki, bu islahatların sürətlənməsini istəyirlər. Amma bilirsiz, istənilən islahat müəyyən qədər vəziyyəti gərginləşdirədə bilər. Dövlət başçısı bütün bunları nəzərə alaraq, islahatları elə aparır ki, ciddi problem yaranmasın. Fikir verin, kadr islahatları, korrupsiyaya qarşı mübarizə gedir, nə qədər icra başçısı həbs olunur. Bu, kadr islahatlarıdır. Düzdür, təəssüf ki, yenə də bəzi icra başçıları öz işləri ilə məşğuldur: yenə korrupsiya, rüşvət halları var və s. Bunun qarşısının alınması üçün proses davam edir.

O ki qaldı struktur islahatlarına, bu sahədə də ciddi addımlar atılıb. Amma məncə, rayon icra hakimiyyətləri ilə əlaqədar daha ciddi islahatlara ehtiyac var. Cənab Prezident Qarabağ zonasında yeni bir formadan istifadə etdi. Qarabağda öz nümayəndəliyini təyin elədi və onun Aparatını yaratdı. Hesab edirəm ki, Azərbaycanda nə qədər iqtisadi zona varsa (ölkəmizdə 14 iqtisadi zona mövcuddur – red.), həmin iqtisadi zonalar ətrafında da bu islahatı aparmaq lazımdır. Misal üçün 4-5 rayonu bir iqtisadi zonaya daxil edib ora nümayəndəlik təyin etmək lazımdır. Həm də bu icra başçılarının əksəriyyəti - əlbəttə, hamısına aid edə bilmərəm - rüşvətə öyrəşiblər. Buna görə də bu tip struktur islahatları olmalıdır. Çünki cəmiyyət dayanmır, hər zaman inkişaf edir. Cəmiyyət inkşaf etdikcə dövlət də müəyyən islahatlar həyata keçirir. Mən özüm dərin islahatların tərəfdarıyam, əlbəttə, amma bunun yavaş-yavaş və ölkədəki ictimai-siyasi vəziyyəti nəzərə alaraq həyata keçirilməsi zəruridir.

OXŞAR XƏBƏRLƏR

Çox açıq-saçıq paltar geyindikləri üçün təyyarədən qovuldular - FOTOLAR

34 yaşlı Tereza Araujo ad gününü qeyd etmək üçün rəfiqəsi Tara ilə Los-Ancelesdən Nyu Orleana (ABŞ) uçmaq istəyib. “Spirit Airlines” ekipaj üzvləri ...

Palçığın içindən tapdığı daş minlərlə dollar dəyərində çıxdı - FOTO

Qeyri-adi daşlar tapmağa həvəsi olan Patrk Gundersen Avstraliya çölünü gəzərkən, palçıq yığınının içində gizlənmiş qeyri-asi kristal tapıb. O, kəşfi haqqında &l...

4 milyon dollarlıq fırıldaq - İnsanları gəncliklərinə qaytaracaqlarına inandırıblar

Rajeev Kumar Dubey və həyat yoldaşı Raşmi Dubey bəşər tarixində ən inanılmaz fırıldaqlardan birinə imza atıblar. Cütlük fırıldaqlarının qurbanı olan insanlardan...

Zığ dairəsi-Hava Limanı yolu yanlış xətlənib?

Zığ dairəsi-Hava Limanı yolunun düzgün xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.   Sfera.az-ın məlumatına görə, bu barədə ta...

Pilot infarkt keçirdi: Uçuş təcrübəsi olmayan qadın təyyarəni yerə endirdi

Las-Veqaslı heç bir uçuş təcrübəsi olmayan 69 yaşlı İvon Kinane-Uells pilot əri Eliot Alper infarkt keçirdikdən sonra təyyarənin idarəsini ələ keçirməyi bacarıb...

Zülfiyyə Xanbabayeva vəfat edən qardaşından yazdı

Xalq artisti Zülfiyyə Xanbabayevaya ötən ay vəfat edən qardaşı Rəcəblə bağlı sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, sənətçi mərhum...