Cavanşir Feyziyev: "Ermənistanın bir gözü yeni müttəfiq axtarışındadır" - MÜSAHİBƏ
Müsahibə
16:03 / 27.01.2022
1007
Sfera.az bildirir ki, gündəm məsələləri ilə bağlı Turkustan.az-ın sualları Milli Məclisin deputatı Cavanşir Feyziyev cavablandırır:
- Cavanşir müəllim, hazırda aktiv şəkildə yaşanan Rusiya-Ukrayna, eyni zamanda, Rusiya-Qərb qarşıdurması fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi sanki, bir qədər arxa plana keçib. Bu təəssürat nə dərəcədə doğrudur?
- Dünyanın müxtəlif bölgələrində həmişə çox fərqli hadisələr baş verir. Rusiya-Ukrayna və ya Rusiya-Qərb qarşıdurması bu hadisələrin yalnız bir hissəsidir. Bütün bu hadisələri əsassız olaraq bir-biri ilə və xüsusilə də Ermənistan – Azərbaycan münasibətləri ilə əlaqələndirmək və ya iki Cənubi Qafqaz dövləti arasında münasibətlərin normallaşmasına hansısa təsir göstərəcəyini demək düzgün olmazdı. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha çox bu iki ölkənin özündən asılıdr. Bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atıb, münasibətlərin normallaşması üçün hansı addımların hansı ardıcıllıqla atılmasının vacibliyini bildirib. Hadisələrin davamı Ermənistanın nə dərəcədə adekvat addımlar atacağından asılıdır. Son günlərdə Ermənistan siyasi rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, Ermənistan höküməti də münasibətlərin normallaşdırılmasının bölgə üçün prioritet məsələ olduğunu anlayır. Amma ölkədəki daxili siyasi sabitsizlik höküməti müvafiq addımların atılmasından çəkindirir. Bütün bunlar zaman məsələsidir. Əminəm ki, Ermənistandakı bütün siyasi qüvvələr qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının Ermənistanın özü üçün həyati zərurət olduğunu tezliklə anlayacaq, qəbul edəcək və ondan sonra hadisələr bir qədər sürətlənəcək.
- Təbii ki, Azərbaycan normallaşma, eyni zamanda, sərhədlərin müəyyənləşməsi prosesinin daha tez bir zamanda gerçəkləşməsində maraqlıdır. Hazırda, Rusiyanın gündəmini başqa mövzuların məşğul etdiyi bir vaxtda, bu məsələlərin dalandan çıxarılması üçün hansı mexanizmlər işə düşə bilər? Məsələn, Avropa İttifaqı zəmnində, bu mümkündürmü?
- Xeyr, mümkün deyil. Avropa İttifaqı heç vaxt bu münaqişə ilə birbaşa məşğul olmayıb və bu heç onların marağında da deyil. Çünki belə bir problemin çözülməsi üçün Aİ-nın müvafiq resursları da yoxdur. Nə Azərbaycan, nə də Ermənistan sərhədlərin müəyyənləşdirilməsi və ya digər məsələlərlə bağlı Rusiyaya və ya Avropa İttifaqına ümid etməməlidir. Vasitəçilərə və ya üçüncü qüvvələrə istinadların edilməsi sadəcə təbliğat xarakteri daşıyır. Bunlar iki dövlət arasında olan problemlərdir. Problemin beynəlxalq vasitəçilərin köməyi ilə 30 il ərzində həll oluna bilmədiyini və nəticədə hər iki ölkənin hansı itkilərə məruz qaldığını artıq hər iki tərəf görüb. Elə bilirəm ki, son 30 il ərzində baş verənlər və bu günkü nəticələr Ermənistan üçün dərs olmalıdır.
- Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələrin Moskva görüşündən sonra rəsmi Ankara bəyan etdi ki, növbəti görüşün üçüncü ölkədə keçrilməsi şərt deyil. Bu görüş Ankarada və ya, İrəvanda da keçirilə bilər. Eyni zamanda, Türkiyə Ermənistanı apreldə keçiriləcək Antaliya diplomatiya sammitinə dəvət edib və bu dəvət Paşinyan tərəfindən qəbul edilib. İki ölkə arasında diplomatik trafikin indiki hərəkətliliyi hansı perspektivləri göstərir?
- Perspektivlər haqqında fikir yürütmək hələ çox tezdir. Amma istənilən halda tərəflər arasında birbaşa danışıqlar prosesləri sürətləndirilə bilər. Bu danışıqlarda və onların uğurlu nəticəsində hər iki tərəf maraqlıdır və xüsusilə, Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılması ölkənin 30 illik blokadadan çıxmasına və müəyyən mənada ölkədə iqtisadi-sosial vəziyyətin sabitləşməsinə yardım etmiş olar. Türkiyə Ermənistansız yaşayır, inkişaf edir və güclənir. Ermənistan isə Türkiyəsiz tənəzzül edir və boşalır. Əhali sakit və yaxşı həyat axtarışı ilə xarici ölkələrə üz tutur. Bu vəziyyətin yaranmasında Ermənistan -Türkiyə sərhədlərinin bağlı olması və iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin olmaması da mühüm rol oynayır. Əminəm ki, Ermənistan rəhbərliyi bu həqiqəti anlayır.
- Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə görüşündə "Ermənistandan müsbət xəbərlər alırıq" deyə bildirdi. Burada, nikbinlik yaradan məqamlar əsasən nə ilə bağlıdır?
- Nikbinlik yaradan Ermənistandan gələn müsbət siqnallar və bu siqnallara Ermənistan daxilində destruktiv qüvvələrin getdikcə öləziyən müqavimətidir. Soçi və Brüssel görüşlərindən sonra Paşinyanın iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılmasının zəruriliyi ilə bağlı səsləndirdiyi tezislər daxili auditoriyada daha az müqavimətlə qarşılanır. Və ya Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün hələ 1992-ci ildə Ermənistan tərəfindən rəsmən tanındığını söyləməsi onun müxalifətin qarşısına daha cəsarətli çıxışını göstərir. Amma Ermənistan daxilində siyasi vəziyyət hələ də kifayət qədər sabit olmadığından nikbin olmaq bir qədər tezdir. Hələ də Ermənistanda Qərbdən və ya okeanın o tayından gəlib onların qeyri-real iddialarına dəstək ola biləcək qüvvələrin mövcudluğuna inanan psevdo-siyasətçilər var. İnam isə bildiyiniz kimi ən sonda ölür. Bu sonluq da çox uzaqda deyil.