Flora Kərimova: Mən onun qarşısında baş əyməyə bilmərəm

Flora Kərimova: Mən onun qarşısında baş əyməyə bilmərəm
Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox

Bir müddət öncə Xalq artisti Flora Kərimovanın "Daha müxalifətçiliyə yer qalmayıb” fikri müxalif düşərgəni ona qarşı çevirdi. Onun bu fikirləri AXCP və "Müsavat” tərəfindən aqressiv qarşılanmışdı.

Hər zaman açıqsözlülüyü ilə seçilən Flora Kərimova hər iki müxalifət partiyasının rəhbərlərinə sosial şəbəkələrdə tutarlı cavab verdi. Amma yenə də ürəyində sözü var. Dövlət başçısının Sərəncamı ilə bu ilin iyul ayında Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verildi, avqust ayında "Şərəf” ordeni ilə təltif edildi. Bu təltiflər qarşısında Xalq artistinin cavabı "Mən Sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın Sizin kimi oğlu var!”, - deyərək sevincini ifadə etdi. Bu gün Xalq artisti Flora Kərimova ilə söhbətləşirik. Nə ömür yolundan, nə də yaradıcılığından danışacağıq. İllərini mübarizələrdə keçirmiş bu qadının dəyişən siyasi düşüncələri, dəyişməyən Vətən sevgisi barədə danışırıq.

- Flora xanım, bircə dəfə "daha müxalifətə gərək yoxdur” deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyifiniz gəldi?

- Heç bir dediyim sözə, yaşadığım ana heyifsilənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam. Vicdanımın səsini dilləndirmişəm.

Bilirsiniz, vicdanını qoltuq altında gəzdirənlər çoxdur, vicdan o zaman özünü təhqir olunmuş sayır, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən "qurşaqdan aşağı vicdan” məvhumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür.

Vətəni qorumaq üçün aslan ürəyi lazımdır. Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə "satılmış” desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mən onun gördüyü işləri deməsəm Allah cəzamı verər. Yeganə xalqıq ki, "şəhidlik zirvəsinə ucaldı” kəlməsini işlədirik. Vətən yolunda ölümü ucalıq kimi görürük. Biz bu azadlıq naminə qanımızdan, canımızdan keçmişik. Bunu deməyib başqa nəyi deyək? Mənim 80 yaşım var, nə üçün satılım?. Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?

- Bugünkü müxalifətin mübarizə formasından razısınız?

- Çoxunun öz maraqları naminə, kimlərdənsə nə qədərsə vəsait alaraq müxalifətçi olduğunu bilirik. Kütlənin qınağından qorxub real həqiqətləri dilinə gətirə bilməyənlərin mənim Vətən sevgimə, cəsarətimə şübhəsi var. Sizlərdən fərqli olaraq "çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var "Müxalifətçilik” etməyə! Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm - mənim davam torpaq - qürur davası olub, qarın yox! Mən haqq bildiyimi danışmışam, bu gün də həqiqət bildiyimi deyirəm. Əgər mən bu torpağın qəhrəmanına satılmışamsa, min dəfə deyin, təki bu satqınlığın nəticəsi olsun. Millətimin namusu toxunulmaz olsun, torpaq namusdur, bu qədər möhtəşəm iş görülüb, Qarabağı yalnız ermənilərin yox, neçə-neçə böyük güclərin əlindən qoparıb geri almışıq. Bunu dərk etmək lazımdır.

- Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?

- Bu, dövlətin mənə olan münasibəti idi. Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Onlar mənim ürəyimi, münasibətimi gördülər. Böyüklük etdilər. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı? Mənə düz danışmaq, sözübütöv olmaq gücünü torpağıma hopan qanlar verdi, bölünmüş Vətənim üçün ağladığım günlərim verdi. Mənim bütün dərdim-sərim işğal altındakı Vətən torpaqlarım olub, bunu da dönə-dönə demişəm.

- Qələbədən sonra hansı hissləri yaşayırsınız?

- Dünən yanlış bir xəbər eşitdim, siz inanın ki, mənim həyəcandan, əsəbdən, ağlamaqdan təzyiqim yüksəldi. Səhv bir məlumat eşitdim ki, guya Minsk qrupu gəlib, yenə öz bildiyini edəcək. Nə qədər stress keçirdim. Yaşlanmışam, bəzən rusdilliyəm deyə oxuduğum materialı səhv başa düşə bilirəm. O saat köməkçilərimə, inandığım adamlara üz tuturam, soruşuram ki, bizdən heç nə geri alınmadı, heç kim bizə heç nə eləmədi ki, əlimizdən nəyisə almadılar ki? Heç kim mənim günümü yaşamasın. Mənə Allah ürəyimə bu dərin hissiyatı, bu qədər böyük Vətən sevgisi verməklə bəlkə də, cəza verib. Mən heç zaman özüm üçün göz yaşı tökmədim, amma bu yaşa çatmışam, torpağım, Vətənim üçün körpə uşaq kimi titrəyirəm.

- Amma müxalifəti hətta qələbə sevincimiz belə qane eləmədi. Sizcə niyə?

- Bilirsiniz, bir çox özünə müxalifətçi deyənlər çıxıb boş-boş populist çıxışlar edirlər, kütlə də onlara inanır. Amma o kütlə demir ki, o raket başqasının yox, mənim evimə düşsəydi, nə edərdim? Kənardan durub gurultulu sözlər demək asandı, amma o sponsorlu müxalifətçilərin özlərinin evinə, bağına raket düşsəydi, balaları həlak olsaydı, necə olardı? Bunu düşündülərmi? Bunu öz hissləri üzərində sınadılarmı? Gərək Bakını da düşmənlərimiz vuraydı, partladaydı? Onda ürəkləri soyuyacaqdı? Axı nə istəyirlər, arzuladıqları nədir? Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox.

Müxalifətçilik intellektlə Vətənə olan sevginin vəhdətidir. İndiki söyüş müxalifətini mən qəbul edə bilmərəm. Bu, Azərbaycan adına yaraşmaz. Kiminsə qadınına, anasına, bacısına söymək mübarizə üsulu deyil. Bu nədirsə, o qədər alçaq bir işdir ki, mən ona deməyə ayrı söz tapmıram, ifadə edə bilmirəm. Siz söyərkən hədəfə Azərbaycanı qoyursunuz. Bu söyüşləri söyərkən hədəfiniz bütün Azərbaycan qadınlarıdır. Müxalifət əsil olmalıdır. Müxalif fikir olmalıdır, müxalifət qarın güdmək üçün yol olmamalıdır. Bu söyüşü söyüm, filankəsi təhqir edim, əvəzində pul qazanım, xalqın gözündə düz danışan adam kimi yüksəlim, amma qazanım - bu düşüncələrlə müxalifətçilik etmək Vətəni satmaq deməkdir, bu cür yaşamaq, yalan müxalifət olmaq xainlik deməkdir. Bu milləti bölmək olmaz.

Üz tuturam soruşuram, nə üçün bölürsünüz bu xalqı, müharibəyə gedən xalq sizdən soruşdu getdi? Ölümə getdiklərini bilə-bilə getdilər, Vətən uğrunda savaşmaq üçün növbələrə düzüldülər, Səfərbərlik xidmətlərinin qarşısında gənclərimiz "bizi də aparın” deyib az qala dava edirdilər. Belə bütövürəkli bir cəmiyyətimiz var. Bu birliyə xələl gətirmək məncə, günahdır. Niyə ara qızışdırırsınız? Mən həm iqtidara, həm də müxalifətə deyirəm. Bir-birinizdə düşmən axtarmayın, hamı bir millətin övladıdır.

- Torpaqlarımız alındı. İndi hansı arzunuz qalıb?

- İnsan arzuları bitməz-tükənməzdir. İndi tək arzum nəvəm balaca Floranı görüb, bağrıma basmaq, qoxulamaqdır. Pandemiyaya görə ayrı düşmüşük. Ömür vəfa eləsin təki. Bu gün iqtidar bu qələbəylə məni bir insan kimi ucaltdı. Hamımız xalq, millət kimi ucaldıq. Biz daha utanmırıq, sınmırıq. Sabah bu iqtidarın xalqıma, torpağıma qarşı bir səhvi olsa, mən susmaram, etiraz səsimi ucaldaram, amma mən İlham Əliyevin böyük torpaq sevgisini gördüm. Onu tanıdım, sevdim. Ona görə də, arxayın öləcəyəm.
 
(yeniazerbaycan.com)

OXŞAR XƏBƏRLƏR

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda tikintidə bədbəxt hadisə olub.   Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib.   Burada...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...

Bu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...