Gündəm

Mübariz Mənsimovun telefonunu izləyiblərmiş – HƏBSİN SƏBƏBLƏRİ, DANIŞDIĞI ADAMLAR

Mübariz Mənsimovun telefonunu izləyiblərmiş – HƏBSİN SƏBƏBLƏRİ, DANIŞDIĞI ADAMLAR
Dünəndən etibarən Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov və şirkətin meneceri Nuray Nurcahan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Mənsimov və Perkerin FETÖ-nun yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə olduğu bildirilib.

Mənsimovun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış aparıldığı və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunub.

Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanılan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nun yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan "Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.

Bundan başqa Mənsimovun FETÖ-nun Rusiya imamı olan və haqqında axtarış elan olunan "Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan "Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.

Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çu Müəmmər İhsan Kalkavan, FETÖ-nun Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası müzakirədədir.

Şirkətin idarəçisi Nuray Nurcahan Perkerin Mənsimovun bütün işlərini idarə etdiyi qeyd edilib.

Qeyd edək ki, xeyriyyəçi kimi məşhur olan M.Mənsimovun xüsusilə FETÖ ittihamı ilə saxlanılması Azərbaycan ictimaiyyətində narahatlıqla izlənilir.

Yayılan məlumatı saytımıza şərh edən M.Mənsimovun dostu, tanınmış jurnalist Fuad Abbasov bildirib ki, mediada yayılan bütün bu ittihamlar hələlik rəsmi təsdiq olunmayıb:

"Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olması iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, - deyə Abbasov qeyd edib.

O, Mübariz Mənsimovun həbs olunması xəbərinin də həqiqəti əks etdirmədiyini qeyd edib. Bildirib ki, Mənsimov bazar günü səhər saatlarında saxlanılıb, evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir:

"İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, - deyə Abbasov qeyd edib.
 
(axar.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930