Metronun bağlı qaldığı hər gün bu qədər pula qənaət edilir - Açılmama səbəbi budur?
14:07 / 23.02.2021
2713
Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar
olaraq uzun müddətdir ki, Bakı metropoliteninin fəaliyyəti dayandırılıb. Metronun
bağlanması virusa yoluxanların sayının azaldılması tədbirləri ilə əlaqələndirilir.
Bəs, metronun bağlı qalması ona iqtisadi cəhətdən hansısa
zərər və ya fayda gətirirmi?
"Bakı Metropoliteni” QSC-nin 2020-ci ildəki maliyyə
vəziyyətinə dair hesabatı hələlik açıqlanmayıb, son hesabat məlumatı 2019-cu ilə
aiddir.
2019-cu ilə dair olan hesabata əsasən deyə bilərik
ki, metronun bağlı qalması onun zərərlərini xeyli azaldır. Həmin ildə metronun illik
gəliri 124 milyon manat təşkil edib. Gəlirin 68,92 milyon manatı sərnişindaşımadan,
5,7 milyon manatı sair əməliyyat (reklam, xidmət və s.) gəlirlərindən, 49,4
milyon manatı dövlət büdcəsindən ayrılan subsidiyadan ibarətdir. Buradan aydın
olur ki, metronun günlük gəliri orta hesabla 340 min manat, yalnız sərnişindaşıma
və digər gəlirlər nəzərə alınarsa 204 min manat olub.
Xərclər daha böyükdür. Metronun xərcləri təxminən
179 milyon manat təşkil edir. Ən böyük xərc istiqamətləri amortizasiya (torpaq,
tikili və avadanlıqlarla bağlı) (95,8 milyon manat), işçi heyəti üçün xərclər (46
milyon manat), elektrik enerjisi xərcləri (11,2 milyon manat), istifadə edilən
materiallar (6,4 milyon manat), su və kanalizasiya xidməti xərcləridir (4,1
milyon manat). Metro fəaliyyət göstərdikdə bir gündə orta hesabla 490 min manat
xərcləyir. Əmək haqqı nəzərə alınmadıqda isə günlük xərc 364 min manatdır.
2019-cu ildə metropolitenin zərəri 55,1 milyon manat,
gündəlik zərər orta hesabla 151 min manat olub.
Metronun uzun müddət bağlı qalması onu günlük 204
min manatlıq subsidiyadan kənar (sərnişindaşıma və digər gəlirlər) gəlirdən məhrum
etdiyi kimi 364 min manatlıq əmək haqqından kənar olan gündəlik xərclərin böyük
hissəsindən də azad edir. Metro istifadə edilmədikdə gündəlik 262,4 min
manatlıq amortizasiya xərclərinə, 30,7 min manatlıq elektrik enerjisi, 17,5 min
manatlıq material, 11,2 min manatlıq su və kanalizasiya xərclərinin böyük hissəsinə
qənaət olunur. Nəticədə metronun işləmədiyi hər gün üzrə adıçəkilən xərcləri dəfələrlə
azalır. Ən yaxşı halda bu növ gündəlik xərclər 30-35 min manatı ötmür.
Beləliklə, metro fəaliyyət göstərmədikdə onun yeganə
gəliri subsidiya olur. Subsidiyanın günlük məbləği 135 min manatdır. Əmək haqqı
(günlük 135 min manat) və digər xərclər (30-35 min) nəzərə alınarsa cəmi gündəlik
xərclər 161 min manatı ötmür. Deməli, metro işləmədikdə gündəlik zərər 26 min
manat səviyyəsinə düşür ki, bu məbləğ metro işlədikdə qeydə alınan 151 min
manatlıq gündəlik zərərdən təxminən 6 dəfə və ay 125 min manat azdır.
2020-ci ildə metro uzun müddət bağlı olub. Ötən
ilin martın 31-dən mayın 9-na kimi, iyulun 4-dən sentyabrın 14-nə kimə və oktyabrın
19-dan ilin sonuna qədər bağlı qalıb. Ümumilikdə 2020-ci ildə metro 186 gün
bağlı qalıb. Amma fəaliyyətinə icazə verildiyi dövrlərin bəzi şənbə və bazar
günlərində də metro işləməyib. Bu da nəzərə alınarsa ötən il metro 200 gündən
çox bağlı qalıb.
Vasif
Sfera.az