“Məktəblər iki günlük bağlanmalıydı” – Ekspert Təhsil Nazirliyini tənqid etdi
12:46 / 25.02.2021
2237
"Apardığımız sorğular göstərir ki, dünən və bu
gün hava şəraitinə görə çox az faiz şagird dəsrlərdə iştirak edib. İştirak edənlər
əsasən 2, 3 və 4-cü siniflərdir. Ümumiyyətlə, davamiyyət iki gün ərzində 50
faizin altında olub”.
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti
Kamran Əsədov deyib. O bildirib ki, təkcə şagirdlərin yox, eyni zamanda müəllimlərin
də dərs prosesində iştirakı 50 faizdən aşağı olub:
"İlk növbədə qeyd etmək istəyirəm ki, təhsil
sisteminin kütləviliyini nəzərə alsaq, bu sahə özündə ölkədəki ictimai-siyasi,
sosial, eyni zamanda fövqəladə hallara çevik reaksiya verməyi tələb edir. Sinoptiklər
bir neçə gündür, ölkə ərazisində hava şəraiti ilə əlaqədar məlumat yayırlar. Hətta
təhlükəli hava şəraiti ilə əlaqədar kifayət qədər ciddi xəbərdarlıqlar
olunmuşdu. Bütün bunları nəzərə alaraq, Təhsil nazirliyi qeyri-sabit hava şəraiti
ilə əlaqədar məktəbləri azı 2 gün, 24 və 25 fevralda tətilə buraxılmalı idi”.
K.Əsədov vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına
əsasən, Təhsil Nazirliyinin məktəblərdə tətil elan etmək səlahiyyəti var:
"Düşünürəm ki, belə hava şəraitində Təhsil Nazirliyi
müvafiq əmr imzalayaraq, bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və
tədbirləri iki günlük dayandırılmalı idi. Çünki hazırda yollarda təhlükəli vəziyyətdir,
ictimai nəqliyyatda gecikmələr var. Fikrimcə, çevik qərar qəbul edib istənilən
növ tədris tədbirləri - dərs, imtahan dayandırılmalı və bu proses
distant-onlayn qaydada təşkil edilməli idi. Xüsusi ilə də istər dövlət, istər
özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxil olmalı və
qeyri-sabit hava şəraitində tədris onlayn qaydada keçirilməli idi. Ölkədə bir neçə dəfə belə hal baş verib. Hətta
2019-cu ildə hava şəraiti ilə əlaqədar dərslər iki günlük dayandırılıb”.
Günay Rəsulqızı
Sfera.az