Universitet müəllimləri sertifikasiyaya cəlb oluna bilər? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə universitet müəllimlərinin də sertifikasiya imtahanına cəlb olunması ilə bağlı fikirlər səsləndirilir, təkliflər irəli sürülür.
Bu fikirlər isə müəllimlər tərəfindən birmənalı qarşılanmayıb.
Bəs həqiqətən də, universitet müəllimlərinin sertifikasiya imtahanından keçməsinə ehtiyac varmı?
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Sfera.az-a açıqlama verib. O bildirib ki, məhz bu təklifi irəli sürən şəxslərdən biri də odur və hazırda ali təhsil müəssisələrinin böyük bir qismində kadr hazırlığı sahəsində ciddi problemlər mövcuddur:

“Universiteti bitirən gənclərimiz əmək bazarına rahat şəkildə qoşula bilmirlər. Tələbələrdən soruşduqda onlar bildirirlər ki, bütün müəllimlərə aid olmasa da, dərs deyən müəllimlərin bir qismi arzuolunan səviyyədə tədris aparmır. Onların öz ixtisasları üzrə kifayət qədər bilik və bacarıqlara malik olmadıqları, beynəlxalq təhsil və müasir tədris metodları barədə yetərli məlumatlarının olmadığı qeyd olunur. Əgər ali təhsil müəssisəsi inşaat mühəndisliyi, maşın mühəndisliyi, geologiya mühəndisliyi və digər ixtisaslar üzrə kadr hazırlayırsa, həmin universiteti bitirən gənclər əmək bazarına daxil olduqda öz sahələri üzrə lazımi bilik və bacarıqlara malik olmalıdırlar. Əks halda işəgötürənlər problemlə üzləşir və xarici ali təhsil müəssisələrinin məzunlarına üstünlük verməyə başlayırlar. Belə olan halda sual yaranır: niyə yerli ali təhsil müəssisələrinin məzunlarına eyni etimad göstərilməsin?”.
Mütəxəssis universitet müəllimlərinin məhz sertifikasiya imtahanından keçməsinin yox, yoxlama mexanizminin tətbiq olunmasının əsas məqsəd olduğunu bildirib:
“Hazırda elə şəxslər var ki, yalnız magistratura təhsilini başa vurduqdan sonra müxtəlif yollarla ali təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər. Halbuki tədris etdikləri ixtisası kifayət qədər mükəmməl bilmirlər. Bundan başqa, bəzi universitetlərdə ingilis dilində tədris olunan ixtisaslar var. Lakin həmin ixtisaslarda təhsil alan tələbələrin əksəriyyəti bildirirlər ki, dərslər faktiki olaraq ingilis dilində keçirilmir. Bu da ciddi problemdir. Laboratoriya dərsləri lazımi səviyyədə təşkil olunmalıdır. Təəssüf ki, bəzi hallarda laboratoriya dərslərini tədris edən müəllimlərin özlərinin belə bu sahə üzrə kifayət qədər biliyi olmur. Nəticədə universitetlərdə daha çox Sovet dövründən qalan ənənələr əsasında nəzəri biliklər kitab üzərindən tədris edilir. Tələbə universiteti bitirdikdən sonra isə praktiki və laboratoriya biliklərinə sahib olmur, bu da onun əmək bazarına inteqrasiyasını çətinləşdirir. Mən hesab edirəm ki, ali təhsil müəssisələrində işinin peşəkarı olan müəllimlərin fəaliyyət göstərməsi üçün müəyyən yoxlama mexanizmi tətbiq edilməlidir. Müəllimlər qiymətləndirilməli, onların həqiqətən də tədris etdikləri sahənin mütəxəssisi olub-olmadığı müəyyənləşdirilməlidir".
Ekspert bəzi universitetlərdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin aparıldığını da istisna etməyib:
"Bəli, bəzi ali təhsil müəssisələrində müəllimlərin seçilməsi, beş ildən bir qiymətləndirilməsi və tədris prosesinin daxili yoxlanılması həyata keçirilir. Lakin bu yoxlamanı kim aparır? Universitet öz əməkdaşını nə dərəcədə obyektiv qiymətləndirə bilər? Məhz burada əsas problem yaranır. Düşünürəm ki, bu istiqamətdə müstəqil yoxlama mexanizmi olmalıdır. Məsələn, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu prosesdə daha fəal iştirak etməlidir. Əgər ali təhsil müəssisələrində müəyyən problemlər və nöqsanlar varsa, Agentlik tərəfindən mütəmadi monitorinqlər, reydlər və qiymətləndirmələr həyata keçirilməlidir. Bunun adını sertifikasiya da qoymaya bilərik. Əsas məqsəd odur ki, əgər tələbələr müəllimdən narazıdırsa, müəllim tələbəni əmək bazarına hazırlaya bilmirsə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Müəllim öz ixtisasını tədris edirsə, həmin sahə üzrə bilik və bacarıqları tələbəyə ötürə bilməli, laboratoriya dərslərini yüksək səviyyədə keçməli, elmi-tədqiqat fəaliyyətində iştirak etməlidir. Sadəcə auditoriyaya gəlib seminar keçməklə kifayətlənmək düzgün yanaşma deyil. Əlbəttə, bu fikirlər bütün müəllimlərə aid deyil. Bu gün ali təhsil müəssisələrimizdə yüksək peşəkarlığa malik professorlar, dosentlər, alimlər və tələbələrin formalaşmasına böyük töhfə verən müəllimlər kifayət qədərdir. Söhbət özünü inkişaf etdirməyən, beynəlxalq təhsil təcrübəsini izləməyən, yalnız nəzəri biliklə kifayətlənən və müxtəlif yollarla universitetlərdə işə qəbul olunan müəllimlərdən gedir. İbtidai sinif müəllimlərinin sertifikasiya imtahanları zamanı gördük ki, müxtəlif ixtisasları bitirmiş şəxslər müəllim kimi fəaliyyət göstərirlər. Eyni vəziyyət ali təhsil müəssisələrində də varmı? Bunu araşdırmaq lazımdır. Müəllimin hansı ixtisası bitirdiyi və hansı ixtisası tədris etdiyi dəqiq yoxlanılmalıdır. Universitetlər ölkə və cəmiyyət üçün faydalı kadrlar yetişdirir. Əgər hazırlanan kadrlar Azərbaycanın gələcəyinə lazımi töhfəni verə bilməyəcəksə, bu barədə ciddi düşünməliyik".
Müsahibimiz bəzi ali təhsil müəssisələrini nümunə gətirib:
"ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, Xəzər Universiteti və digər ali təhsil müəssisələri keyfiyyətli təhsil nümunələri hesab olunur. Eyni zamanda Gömrük Akademiyası, Polis Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası kimi xüsusi təyinatlı ali təhsil müəssisələri də nümunəvi fəaliyyət göstərirlər. Lakin bütün ali təhsil müəssisələri eyni səviyyədədirmi? Xeyr. Məhz buna görə digər universitetlərdə də müəllim heyətinin peşəkarlığı, tədris keyfiyyəti və idarəetmə mexanizmləri ciddi şəkildə araşdırılmalıdır”.
R.Nurəliyevin sözlərinə görə, bir universitetin inkişafında müəllim heyətinin rolu həlledicidir və buna görə də müəllim heyəti müəyyən qiymətləndirmədən keçməli, yoxlanılmalı, imtahan olunmalı və ya hansı ad altında olursa-olsun, peşəkar şəkildə qiymətləndirilməlidir:
“Yalnız bu yolla biz müəyyən edə bilərik ki, problemlərimiz haradadır. Niyə tələbələr universitetə qəbul olduqdan sonra motivasiyalarını itirirlər? Niyə keçirilən dərslərdən narazı qalırlar? Niyə universiteti bitirdikdən sonra əmək bazarına qoşulmaqda çətinlik çəkirlər? Mənim fikrimcə, bu problemlərin həlli üçün ilk növbədə universitetlərdə tədris prosesini həyata keçirən müəllimlərin fəaliyyəti sistemli şəkildə analiz olunmalı və müstəqil qaydada qiymətləndirilməlidir”.
Bəsti Rəfizadə
