2025-ci ildə xidmət xərcləri yüksəldi: İstehlakçı nəyi seçir?

Son illərdə Azərbaycanda yaşayan əhalinin pullu xidmətlərə xərclədiyi pulun nominal dəyərində sürəli artım müşahidə edilir. Bu dinamika 2025-ci ilin yanvar ayında da müşahidə edilib.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yanvarında əhalinin cəmi istehlak xərcləri 6,1 milyard manat olub. İstehlak xərclərinin 78,8 faizi pərakəndə ticarət (ərzaq və qeyri-ərzaq xərclərindən), 21,2 faizi isə pullu xidmətlərə çəkilən xərclərdən ibarətdir. Dinamika göstərir ki, tədricən istehlak xərclərində pullu xidmətlərə çəkilən xərcin payı böyüyür. Bunun səbəbi pullu xidmətlərin əldə edilməsinə ayrılan vəsaitin məbləğinin sürətlə artmasıdır.
Statistik məlumatlara əsasən, istehlak xərclərində əhalinin ticarət xərclərinin payı 2021-ci ildə 84,2 faiz, 2022-ci ilin yanvarında 80 faiz, 2023-cü ilin yanvarında 81,1 faiz, 2024-cü ilin yanvarında 80,4 faiz, 2025-ci ilin yanvarında 78,8 faiz təşkil edib. 2021-ci illə müqayisədə 2025-ci ildə istehlak xərclərində pərakəndə ticarət xərclərinin payı 5,4 faiz bəndi azalıb. Bu azalma fonunda pullu xidmətlərə çəkilən xərcin payı artıb. İstehlak xərclərində pullu xidmətlərin payı 2021-ci ildə 15,8 faiz olduğu halda 2022-ci ildə 20 faiz, 2023-cü ildə 18,9 faiz, 2024-cü ildə 19,6 faiz, bu il isə 21,2 faiz olub. 2021-2025-ci illərin müqayisəsində pullu xidmətlərin payında 5,4 faiz bəndi artım var.
İstehlak xərclərində pullu xidmətlərin payının artması bu istiqamət üzrə əhalinin xərclədiyi pulun həcminin daha sürətlə artması ilə əlaqəlidir. 2021-ci ilin yanvarında əhali pullu xidmətlərə 600 milyon manat xərcləmişdi. Amma bu ilin yanvarında eyni xərclər 1,3 milyard manata yüksəlib. Cəmi 4 il ərzində əhalinin pullu xidmətlərə xərclədiyi pul nominal qiymətlərlə 2,17 dəfə artıb.
Ötən 4 ildə pərakəndə ticarət xərclərində də artım var. Son 4 ilin birinci ayında pərakəndə xərclərin ümumi məbləği 3,2 milyard manatdan 4,8 milyard manata yüksəlib. Pərakəndə xərclər cəmi 1,5 dəfə artıb. Göründüyü kimi pullu xidmətlərə çəkilən xərclərdəki artım sürəti daha böyük olduğundan ümumi istehlak xərclərində onun payı da yüksəlir.
Azərbaycanda pullu xidmətlərlə bağlı xərclər yüksəlsə də onun payı hələ də azdır. İnkişaf etməkdə olan ölkələrdə istehlak xərclərində pullu xidmətlərin payı 40 faizə yaxın, inkişaf etmiş ölkələrdə isə 50 faizdən yüksək olur.
Ölkəmizdə pullu xidmətlərin payının aşağı olmasının bir səbəbi əhalinin gəlirinin aşağı olmasıdırsa, digər səbəb xidmətlərin dəyərinin digər ölkələrlə müqayisədə aşağı olması ilə bağlıdır.
Vasif