""TikTok" kitabı sevdirmək və təbliğ etmək üçün ən yaxşı platformadır" – Nigar Köçərli ilə MÜSAHİBƏ

"Uşaqlıqdan kitab qurdu olmuşam. Universiteti bitirdikdən və bir neçə xarici şirkətdə çalışdıqdan sonra 2004-cü ildə cəmi 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açdım. Hazırda sayı 11 olan mağazalarımızda 200-ə yaxın əməkdaş çalışır. İki övladım var. Böyük qızım Ülviyyə istedadlı rəssamdır, hazırda Çexiyada təhsil alır. Kiçik oğlum Cavadın isə 7 yaşı var".
Bunu Sfera.az-a müsahibəsində "Əli və Nino" mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli deyib.
Onunla müsahibəni təqdim edirik:
- "TikTok"u kitab mağazanızın marketinq strategiyasına necə inteqrasiya etmisiniz?
- Biz, əsasən, "TikTok"un bir hissəsi olan və mütaliə tövsiyələrini, kitab xülasələrini, müəlliflər haqqında məlumatları və oxu vərdişlərini paylaşan trend #BookTok, #BooktokAzerbaijan, #Kitabfest üzrə çalışırıq. Bu gün bütün dünyada #BookTok üzrə milyonlarla kitabsevər istifadəçi var. "TikTok" istifadəçiləri, əsasən, gənc nəsil olduğundan biz paylaşımlarımızda daha çox gəncləri hədəf alırıq. Təcrübə onu göstərir ki, gənclər artıq "Facebook" və "İnstagram"dan nisbətən uzaqdırlar. Əsasən, "TikTok"a meyillidirlər. Bizim əsas məqsədimiz gənclərdə kitaba sevgini yaratmaq, məhz gənc nəslə kitabı sevdirmək olduğundan çalışırıq ki, bütün kommunikasiya növlərindən maksimal dərəcədə istifadə edək. "TikTok" da onlardan biri və gənclərin daha çox axın etdiyi platformadır. Bu gün dünyanın ən qabaqcıl ölkələrində "TikTok" platforması kitabı gənclər arasında təbliğ etmək üçün ən başlıca vasitədir. İlk dəfə - bir neçə il öncə biz “Əli və Nino”nun "TikTok" hesabını yaradanda xeyli qınaqla qarşılandıq. Çünki o zaman hamı "TikTok"un aşağı səviyyəli olduğunu deyirdi. Biz isə fəaliyyətimizdə həmişə dünya təcrübələrinə nəzər salırıq. Hazırda bizim bu platformada 10 000-dən çox izləyicimiz var. Müasir dövrdə gənclər, əsasən, romanlar, fantastika, komiks və manqalara üstünlük verirlər. Çalışırıq ki, "TikTok"da onların maraq dairəsinə uyğun məzmunlarla çıxış edək. Bununla yanaşı, bizim çox maraqlı bir layihəmiz də var – Təkərli Kitab Dükanı. Bu səyyar kitab dükanı ölkənin bütün rayonlarını, kəndlərini gəzərək kitabları hamı üçün daha əlçatan edir. Bu layihəyə start verəndə ilk işimiz "TikTok"da hesab yaratmaq oldu. Bu platforma “Təkərli Kitab Dükanı” nın da inkişafına və daha çox insana çatmasına kömək etdi.
- "TikTok" üçün adətən hansı məzmun növü yaradırsınız?
- "TikTok" daha çox əyləncəli yerdir. Çalışırıq, qısa, amma daha pozitiv, eyni zamanda faydalı olan videolarla, paylaşımlarla çıxış edək. Bəzən insanları güldürürük, bəzən düşündürürük. Bir çox paylaşımlarımız əlli mindən çox sayda izlənir. Eyni zamanda, mağazalarımızda endirimlər, kampaniyalar olduqda bununla bağlı məlumat xarakterli paylaşımların da izlənmə sayı çox yüksək olur.
- "TikTok" auditoriyanızla əlaqə qurmağınıza necə kömək etdi? Platformadan istifadə etməyə başladıqdan sonra müştərilərlə qarşılıqlı əlaqədə hər hansı dəyişiklik görmüsünüzmü?
- "TikTok" bizim üçün çox vacib kommunikasiya kanalıdır. Bu gün bizim oxucularımız olan gənclərin xeyli hissəsi məhz "TikTok"dan gəlirlər. Bəzən hansısa paylaşımı bizə göstərib məhz həmin kitabı istəyirlər və s.
- Hər hansısa "TikTok" trendlərində və ya çağırışlarında iştirak etmisinizmi? Əgər etmisizsə, onlar hansılardır və nəticə necə olub?
- Ötən il bizim "TikTok" platforması ilə sıx əməkdaşlığımız baş tutdu. Biz İçərişəhərdə növbəti Milli Kitab Sərgisini təşkil etdik və bu sərgi çərçivəsində "TikTok"la ortaq layihəmizi həyata keçirdik. Belə ki, platformada #kitabfest adlı bir trend təqdim etdik və bu çağırışa qoşulduq. Bu çərçivədə #kitabfest müsabiqəsi keçirdik, çağırışa qoşulan və qalib gələnlərə hədiyyələr verdik. Bu əməkdaşlıqdan və onun səmərəliliyindən çox razı qaldıq. "
- "TikTok" paylaşımlarınızdan kitab satışlarına birbaşa təsir görmüsünüzmü? Konkret misallar gətirə bilərsinizmi?
- Ümumiyyətlə "TikTok" çox böyük təsir gücünə malik platformadır. Elə kitablar var ki, çoxdan yazılıb, lakin "TikTok" onu yenidən trendə çevirməyi bacarır. Məsələn, Madeline Millerin “Akhilleus'un Şarkısı” əsəri 2013-cü ildə yazılmış olsa da çox populyar olmamışdı. Daha sonra hansısa bir tiktoker həmin kitabı reklam etdi və kitab birdən-birə inanılmaz marağa səbəb oldu. Onu yenidən nəşr etdilər, milyonlarla tiraj satıldı, müəllifin digər kitablarına da təlabat artdı. Yaxud Colleen Hooverin “İt ends with us” kitabının (yeri gəlmişkən, bu günlərdə Azərbaycan dilində də çap olunub) da milyonlarla tirajla satışında "TikTok"un böyük rolu var. Belə bir fikir formalaşıb ki, "TikTok" yalnız yüngül ədəbiyyatın satışına təsir edir. Ümumiyyətlə mən bu ayrıseçkiliyi qəbul etmirəm. Bütün kitablar gözəldir, hər ədəbiyyatın öz oxucusu var. Amma sizə bir nümunəni deyim. Bir ildir ki, bizə Mark Avrelinin “Meditasiya” kitabı ilə bağlı həddən artıq müraciətlər gəlirdi. Biz yaxın keçmişdə onu Azərbaycan dilində də nəşr etdik. Satışı da çox yaxşıdır. Buna səbəb yenə də hansısa tiktokerin kitabı reklam etməsidir. Biz hətta yeni açılan "Crescent Mall" filialımızda BookTok üçün ayrıca guşə də yaratmışıq. Orada yalnız "TikTok"da populyar olan kitablar yer alır və satışı da olduqca yaxşıdır.
- Gələcəkdə "TikTok"dan istifadənizi necə görürsünüz? Tədbiq etməyi planlaşdırdığınız hər hansısa yeni strategiya və ya məzmun növləri varmı?
- Bu istiqamətdə daim irəli getməyi planlayırıq. Bizim hətta "TikTok" üçün məzmunlar yaradan xüsusi əməkdaşımız da var. Mən özüm 48 yaşında olsam da son bir aydır ki, aktiv "TikTok" istifadəçisiyəm. Artıq istifadəçi sayım 10 000-ə yaxınlaşır. Tez-tez buna görə tənqidlərə məruz qalıram. Lakin mən çox müsbət yanaşıram. "TikTok" kitabı sevdirmək və təbliğ etmək üçün ən populyar platformadır.
- Bizneslərini tanıtmaq üçün "TikTok"dan istifadə etməyi düşünən digər kitab mağazası sahiblərinə və ya kiçik biznes sahiblərinə nə məsləhət görərdiniz?
- Sizə deyim ki, səmərəli və düzgün istifadə nəticəsində "TikTok" vasitəsilə daha geniş auditoriyaya çatmaq, fikirlərinizi və məhsullarınızı daha geniş auditoriyaya çatdırmaq mümkündür. Çalışın "TikTok"dan daha geniş istifadə edin. Bu platforma təkcə gəncləri deyil, bütün yaş kateqoriyalarını özündə birləşdirir. Əksər vaxtlarda mən eyni videonu eyni vaxtda müxtəlif sosial şəbəkələrdə paylaşmışam və görmüşəm ki, "TikTok"da izləyənlər daha çoxdur.
- "TikTok" üçün məzmun yaratmaqdan özünüz zövq alırsınızmı? Bu platforma haqqında düşüncələrinizdə dəyişiklik olubmu?
- Əvvəllər düşünürdüm ki, "TikTok" auditoriyası daha çox qeyri-intellektual paylaşımlara maraq göstərir. Lakin müşahidə onu göstərir ki, artıq maraqlar çox fərqli paylanıb. İntellektual yumor da artıq anlaşılır. Şəxsi "TikTok" hesabımı 1 aydır işlədirəm. Mənə bir qədər qəribə görünür. Bəzən tənqid də olunuram. Amma orada özümü olduğum kimi göstərməkdən çəkinmirəm. Bəzən rəqs edirəm, zarafat edirəm, səyahət etdiyim ölkələrdən faydalı məlumatlar paylaşıram, yaxud oxuduğum hansısa kitabdan danışıram və s. Bu, mənim üçün tamamilə yeni təcrübədir. Hərdən mən zarafat edirəm ki, çox böyük travma almışam tənqidlərdən. Ancaq həddən artıq böyük olan bu izləyici axını mənə olduqca maraqlı görünür. Məncə insan özünün kiçik dünyasında yaşamamalıdır. Mütləq başqalarının (hətta, səni tənqid edənlərin də) fikirlərini öyrənməlisən. Mənim əsasə məqdəsim kitabı təbliğ etməkdir. Bunun üçün də bütün vasitələrdən istifadə edirik.
- "TikTok"da fəaliyyətinizlə bağlı müştərilərdən hansı rəyləri almısınız? Xüsusilə yadda qalan şərhlər olubmu?
- Söhbət “Əli və Nino” şəbəkəsindən gedirsə, dediyim kimi, biz "TikTok"a ilk dəfə qoşulanda böyük tənqidlərlə qarşılaşmışdıq. Lakin hazırda çox gözəl auditoriyamız var, müsbət rəylər alırıq. Mənim şəxsi "TikTok" hesabıma gəldikdə isə hələ də tənqid olunuram, “Sizin o yaşınızdırmı?”, “Sizə yaraşırmı” kimi rəylər alıram. Amma mən bunu normal qəbul edirəm. Çalışıram bu istiqamətdəki fəaliyyətimi daha da genişləndirim, inkişaf etdirim.
Ülkər Abdurahmanlı