"Bayraktar TB3" 5-ci sınaq uçuşunu müvəffəqiyyətlə tamamladı
Baykar şirkəti silahlı pilotsuz uçuş aparatı "Bayraktar TB3"ün sınaq prosesi davam edirir.
Sfera.az xəbər verir ki, "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatı (SİHA) 5-ci sınaq uçuşunu müvəffəqiyyətlə tamamlayıb.
Milli PUA-nın orta hündürlükdə sistem performansının ölçüldüyü 5-ci uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində keçirilib.
"Bayraktar TB3 PUA" sınaq uçuşu çərçivəsində orta hündürlükdə performans testi zamanı ilk dəfə eniş şassisi bağlı halda uçub.
Verilən məlumata görə, TEI-nin yerli istehsal etdiyi PD-170 mühərriki ilə uçan "Bayraktar TB3 SİHA" Mərmərə bölgəsində güclü cənub-qərb küləyinin yaratdığı çətin hava şəraitinə baxmayaraq, 3-cü uçuş testində 5 saatlıq uçuş həyata keçirib və sürəti 130 km/saata çatıb.
Noyabrın 8-də keçirdiyi 4-cü uçuş testində Milli PUA 6 saat havada qalaraq yüksək və aşağı sürətlə sistem identifikasiya testlərini müvəffəqiyyətlə tamamlayıb.
Qeyd edək ki, "Bayraktar TB3 SİHA" Cümhuriyyətin 100-cü ildönümünü qeyd etmək üçün 3 böyük şəhərdə keçirilən TEKNOFEST çərçivəsində 27 aprel-1 may tarixləri arasında Atatürk Hava Limanında TEKNOFEST İstanbulda ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Daha sonra Ankara və İzmirdə keçirilən TEKNOFEST-lərdə də iştirak edib.
Qanadları qatlana bilən konstruksiya ilə dizayn edilən "Bayraktar TB3" və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA" əvvəllər dünyanın ilk PUA gəmisi adlandırılan "TCG Anadolu"nun uçuş göyərtəsində İstanbul və İzmirdə nümayiş etdirilib. Cümhuriyyətin 100-cü ildönümü münasibəti ilə keçirilən mərasimlərdə yüz minlərlə vətəndaş "TCG Anadolu"nun uçuş göyərtəsində yer alan "Bayraktar TB3" və "KIZILELMA"nı ziyarət edib.
"Bayraktar TB3 PUA" qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
"Baykar" İdarə Heyətinin sədri və texniki direktoru Selçuk Bayraktar "TCG Anadolu" gəmisində "Bayraktar TB3" üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını da açıqlayıb.
"Bayraktar TB3"ün sahib olacağı qabiliyyətlər bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli SİHA həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənarda rabitə qabiliyyətinə malik olacaq. Beləliklə, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat-hücum missiyaları yerinə yetirərək Türkiyənin hərbi gücünə güc qatacaq.
İndiyədək 32 ölkə "Bayraktar TB2 SİHA", 8 ölkə isə "Bayraktar AKINCI TİHA" daxil olmaqla 33 ölkə ilə ixrac müqaviləsi imzalanıb.
Firuzə Əliyeva