Uşaqların Beynəlxalq Müdafiəsi Günü: Azərbaycanda hansı addımlar atılıb?

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Sfera.az bildirir ki, ölkəmizdə də uşaqların fiziki və mənəvi inkişafı üçün müxtəlif addımlar atılıb. Belə ki, onların müdafiə olunması və qayğı göstərilməsi Azərbaycanın əsas prioritet mövzulardan biridir desək, yanılmarıq.
Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Ümummilli liderimiz Heydər Əliyevin də ən çox diqqət etdiyi sahələrdən biri məhz uşaq və gənclərin mənəvi və fiziki inkişafı olub. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. 2003-cü ildən bu günə kimi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqlar üçün müxtəlif dövlət proqramları qəbul olunub. Məsələn, ölkə başçımız İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Bunlardan biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqətin ayrılmasıdır. Xüsusilə qeyd etmək lazımdlır ki, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
Yekun olaraq, uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Bu baxımdan ölkədə onlarla bağlı atılan hər bir addım təqdirəlayiq və əhəmiyyətlidir.
Türkan
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı