Bakıda Qurban bayramı - FOTOLAR

Bakıda Qurban bayramı - FOTOLAR

Bu gün İslam aləminin ən müqəddəs bayramlarından hesab edilən Qurban Bayramıdır.  

 

Sfera.az Qurban bayramı ilə bağlı maraqlı məlumatları təqdim edir. 

 

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir. Bu bayram həm də müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. 

 


Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

 

Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Qurban kəsmək mərasimi adi heyvan kəsməkdən fərqlənir. 

 

İslam öncəsi qurban

 

Qurban bayramı yalnız İslam dininin ritualı deyil. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur.


Məsələn, karfagenlilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. 


Qurban ənənəsi hinduizmdə də çox əhəmiyyətli bir yerə malikdir. Tanrılar üçün edilən hər şey qurbandır. Hinduizmdə qansız qurbanlar daha yayğındır. Ancaq yaz və qış gün yubileyləri münasibətilə qanlı qurbanların da tanrılara təqdim edildiyini görə bilərik. Bu qanlı qurbanların ən böyüyü və xüsusi bir mərasim tələb edənlər “Soma” qurbanıdır. Somada keçi və inək kimi heyvanlar qurban edilir. 


Qədim çağlarda insan qurban edilməsi, bir növ təmizlənmə və sehr vasitəsi idi. Ailənin ilk uşağı tanrıya aid qəbul edilir və qurban edilməsi lazım idi. Misirlilər isə it başlı olaraq təsvir etdikləri insanlara “Ani” deyirlər və onları “Ay Tanrısı”na qurban olaraq təqdim edirdilər.
İslam öncəsi ərəblərin də qədim dövrlərdə insan və ağ dəvə qurban etdikləri, əhəmiyyətli bütlərdən olan Uzzaya, oğlanlar, qızlar və əsirlər qurban edildikləri irəli sürülməkdədir. Sonradan isə insandan imtina edilmiş, heyvan qurbanına keçilmişdi.


“İsmayıl qurbanı”


Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. 


İslamda qurban 


Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin islamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir.


İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir ki, “Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi”. 


Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.


Azərbaycanda Qurban bayramı 


Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. 


Azərbaycanda Qurban bayramı günlərində ölkə məscidlərində birgə bayram namazları qılınır. Ənənəvi olaraq, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayır. Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə müxtəlif ünvanlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur. 


Ötən il ilk dəfə işğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı təntənəli şəkildə qeyd olunub.

 

Bu il də Azərbaycanda Qurban bayramı təmtəraqla qeyd edilir. Ölkənin bütün ərazisində bayram münasibətilə qurbanlar kəsilib.

 

Paytaxtdakı qurban kəsimləri əməkdaşımızın obyektivindən:

 

Turan Rzayev

Fotolar: Anar Bayramlı

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR