4 saat davam edən Brüssel görüşü: Bakı nəyə nail oldu? - Müxtəlif siyasi MÖVQELƏR

Media
14:20 / 07.04.2022
1492
Gözlənildiyi
kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının
Baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirildi.
Görüşün 4 saat davam
etməsi tərəflərin prinsipial məsələlərlə bağlı ciddi fikir mübadiləsi
apardıqlarının göstəricisidir.
Maraqlıdır, tərəflər 4 saat davam
edən Brüssel görüşündə nələri müzakirə edib?
Hansı istiqamətdə razılığa gəlinib?
Rusiya Brüssel görüşün nəticələrinə
müdaxilə edəcək?
Sfera.az mövzu ilə bağlı azərbaycanlı
politoloq, siyasi ekspert və analitiklərin fikirlərini təqdim edir.

Bakı
Politoloqlar Klubunun sədri Zaur Məmmədov – Rəsmi Bakı İrəvana verdiyi 5 şərt və Fərrux yüksəkliyində bayrağımızın
ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu.
Eyni zamanda Ukrayna hadisələri fonunda Azərbaycanın Avropanın gələcəyi
üçün artan logistika - kommunikasiya və enerji təhlükəsizliyindəki rolu da diqqətdən
kənara atılmamalıdır.
Ukraynaya göndərdiyi SU-30 və bu
fonda dünən Blinkendən irad alan Nikol Paşinyan Brüsselə heç bir siyasi,
iqtisadi gündəlik olmadan ayaq basdı. Onun baqajında isə erməni müxalifətinin 1
gün əvvəl keçirdiyi 20 minə yaxın mitinq var idi.
Görüşün 4 saat baş tutması o deməkdir
ki, əslində iki tərəf arasında müzakirə edilən və bəlkə də razılaşdırılan
mövzular daha genişdir, sadəcə Bakı və İrəvan mərhələli şəkildə sülh prosesinin
formalaşmasına razılıq verib.

"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu – Liderlərin ortaq bəyanatından çıxış edərək
görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür.
Liderlərin ortaq bəyanatında Minsk
Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan
Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra
Qarabağ məsələsi ilə beynəlxalq təşkilatların məşğul olmasını istəmir. Bu
daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində
aparılması Azərbaycan üçün faydalıdır. Ancaq bu o demək deyil ki, ortaq bəyanatda
göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Avropa İttifaqının vasitəçilik
təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin
birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman
Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbrli yanaşa bilərdi. Ancaq
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı
Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla
Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki,
Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər
tərəfdən. Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya
çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək.

"Beynəlxalq
Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov– 14 dekabr 2021-ci ildən sonra bu tərəflər arasında ikinci görüşdür. Birincidən
fərqli olaraq ikinci görüş nisbətən optimist mühitdə keçdi. Son zamanlar
Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə başının qarışdığı bir vaxtda Ermənistan
tərəfindən rəsmi Bakıya sülh mesajlarının verilməsi də mühüm məqamdır. Nəzərə
alsaq ki, II Qarabağ savaşından bəri Azərbaycan tərəfi daima qarşı tərəfə sülh
mesajları vermiş, amma bu mesajlar cavabsız qalıb. Əlbəttə bir müddət öncə
hər iki tərəf qarşılıqlı şəkildə sülh üçün özlərinin təkliflərini irəli
sürüb və bu təkliflər daha çox tərəflərin öz maraqlarını təmin etməyə
hesablanıb. Xüsusilə də burada Ermənistan tərəfinin təklifləri daha çox
diqqəti cəlb edir.
Daha bir məqam Rusiyanın başının Ukraynada
apardığı işğalçı müharibəyə qarışdığı vaxtda Qərbin Ermənistan-Azərbaycan
arasında vasitəçilik təşəbbüsünü ələ almaq cəhdləridir. Əlbəttə ki, Qərbin
burada bir çox marağı var. İlk növbədə iqtisadi maraqların təmin edilməsidir. Xüsusilə burada ilk
yada düşən qaz məsələsidir. Yəni Azərbaycan qazının Avropa məkanına daha təhlükəsiz
çıxarılması Aİ üçün əsas prioritetlərdən hesab edilir. Rusiya-Ukrayna müharibəsi
fonunda bu məsələ daha da aktuallaşır.

Siyasi
şərhçi Asif Nərimanlı – Brüssel görüşündə
iki mühüm razılaşma əldə olundu:
Birincisi, sülh sazişidir: tərəflər
xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi
üzərində razılaşıb;
İkincisi, sərhədin delimitasiya və
demarkasiyadır: tərəflər 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq,
aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb. Birgə
komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz
vəziyyəti təmin etməkdir.
Sülh sazişinə dair razılaşma deməyə
əsas verir ki:
- İrəvan Bakının təklif etdiyi 5
baza prinsipini "əlavəsiz” qəbul edib. Bəyanatda "status”, yaxud "münaqişə”yə
dair heç bir qeydin olmaması da bu fikri gücləndirir;
- Sülh sazişinin hazırlanması ikitərəfli
formatda həyata keçiriləcək; bu, bölgədə maraqlı tərəflərin prosesdə birbaşa
iştirak etməməsi deməkdir və Bakının maraqlarına uyğundur.

Siyasi
məsələlər üzrə ekspert Aqşin Kərimov – Cənab Mişelin görüşə dair yaydığı bəyanatın ruhu nikbin notlar üzərində köklənib,
ancaq sülh sazişinin hazırlanması prosesində Rusiya ilə konfrontasiyaya gedə
bilmək riski də nəzərə alınıb. Buna görə də bəyanatda 10 noyabr, Soçi bəyanatlarının
icrasının vacibliyi önə çəkilib.
Bu, Rusiyanın da vasitəçilik
missiyasına vurğudur, prinsipcə burada Azərbaycan üçün təhlükəli sayıla biləcək
sərhəd yoxdur və Bakının məsafəli siyasət kursuna uyğundur.
Avropa İttifaqı Cənubi Qafqazda
sülhün və təhlükəsizliyin təmin edilməsi üçün atdığı addımlarda səmimidir,. Hərçənd
ki, Fransa ara-sıra sürüşkən mövqelərə əsaslanır.
Avropa Birliyi ən çox iqtisadi
formatda iştirakını gücləndirir, bu isə onu Rusiya ilə maraq toqquşması səhnəsindən
bir qədər uzaqlaşdıran amildir.
Turan Rzayev
Sfera.az