Rusiyalı varlılar çoxlu ev almağa çalışırlar - Azərbaycanın əmlak bazarına necə təsir edəcək?

Rusiyalı varlılar çoxlu ev almağa çalışırlar - Azərbaycanın əmlak bazarına necə təsir edəcək?
Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar yeni əmlak bazarları axtarışlarına çıxıblar. Əsas diqqət isə Dubay və İstanbul istiqamətindədir – buralarda 3-5 mənzil alanlar var.
 
Rusiyanın imkanlı şəxsləri ölkədə vəziyyətin daha da pisləşəcəyi qorxusu ilə pullarını ölkələrindən çıxarmağa çalışırlar.

Maraqlıdır, sanksiyalarla bağlı Azərbaycanın əmlak bazarına da rusların axını gözlənilə bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, həmin şəxslər nəinki, Türkiyədəki əmlak bazarına yatırım edir, həm də öz bizneslərini ora köçürməyə çalışırlar və bu proses hələ də davam edir:

"Xüsusilə Türkiyənin böyük şəhərləri turizm mənbəyi olan yerlərdir, dünyanın hər istiqamətindən bura axın var. Bu baxımdan, iş adamları üçün də münbit şərait mövcuddur. Digər tərəfdən. Türkiyə illər əvvəl öz Mülki Məcəlləsinə dəyişiklər etdi. Buna əsasən, xarici vətəndaşlar bu ölkədə həm daşınmaz əmlak, həm də torpaq sahəsi ala bilərlər – o cümlədən, müxtəlif biznes sahələrindən də yararlanmaları mümkündür. Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər minlərlə Rusiya vətəndaşı Türkiyədə əmlaklar alıblar – həm yaşamaq, həm də investisiya üçün. Həmçinin Dubay da bu sırada yer alır. Bura elə bir şəhərdir ki, orada əgər şəxsin cinayət əməli yoxdursa, vətəndaşların əmlakları müsadirə edilmir və ya hər hansı həbs qoyulmur”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda isə rus dilli məktəblərin çoxluğu, Rusiya ilə qədimə dayanan yaxınlıq iş adamlarının burada yatırım etməsi və ya yaşaması üçün əlverişli şərait yaradır:

"Xüsusilə də Bakı şəhəri – həm uşaqlarının təhsili üçün şərait var,  həm də yaşamaq üçün. Təbii ki, bu sahənin inkişafı bu gün ölkəmizə Rusiya və digər ölkələrdən külli miqdarda pul axınına səbəb ola bilər. Lakin biz Türkiyədəki layihələrə baxsaq, görərik ki, orada bizdəki kimi tək bina şəklində tikililər olmur. Kompleks formada tikilir – hər binanın öz həyət-bacası, hovuzu, sakinlər üçün istirahət guşələri var və bu standartları özündə birləşdirib deyə, sənədlərində də heç bir problem olmadığına görə, nəinki, rus vətəndaşlar, hətta Azərbaycan vətəndaşları da oradan əmlaklar alırlar. Ortalama ayda 80-100 Azərbaycan vətəndaşı Türkiyədən mənzil əldə edir. Yaxşı olardı ki, bizim öz sahəmiz inkişaf etsin – ölkədən pul getməsin, pul gəlsin. Bunun üçün də problemlər aradan qaldırılmalıdır”.

Ekspert deyib ki, ilk növbədə sənədləşmə qaydasına düşməlidir:

"Tək bina evləri deyil, həyət evləri üçün də. O cümlədən, vətəndaşların mülkiyyət hüquqları qorunmalı, çağırışsız mənzillər çağırışla təmin olunmalıdır. Xarici ölkə vətəndaşlarını ölkəmizə cəlb etmək üçün dünya standartlarına uyğun mənzillər hazırlayıb tikməliyik. Amma bu, təkcə Bakıda olmamalıdır. Xarici vətəndaşlar üçün Bakı maraqlı deyil, daha çox turistik zonalar  diqqət mərkəzindədir. Çünki Türkiyədən əmlak alan vətəndaşların da əksəriyyəti İstanbul, Ankaradan almırlar. Bizim də turistik zonamız çoxdur – istər cənub bölgəsində, istərsə də qərb, şərq. Bu ərazilərdə münbit şərait qurulsa, yaxşı təqdimatı aparılsa, xarici vətəndaşları cəlb etmək mümkündür”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR