Putinin daim yanında gəzdirdiyi "qara çanta"nın sirri - FOTOLAR
Media
14:02 / 02.03.2022
6565
Ukraynada gərginlik davam edir. Hətta bu gərginlik o dərəcəyə çatıb ki, Rusiya prezidenti Vladimir Putin "nüvə çanta”sını açmağa hazır olduğunu bəyan edib. Bu isə planetin Üçüncü Dünya müharibəsinin bir addımlığında olması deməkdir.
"Nüvə çanta”sından istifadə olunacaqmı?" - hazırda dünyanın siyasi başbilənlərini düşündürən və narahat edən sual budur. Ümumiyyətlə, dünyanın hansısa bir bölgəsində münaqişə yarananda, güc dövlətlərinin maraqları üst-üstə düşməyəndə "nüvə çanta”sı bir hədə vasitəsi kimi gündəmə gəlir.
Maraqlıdır, nüvə silahına sahib olan dövlətlərin başçılarının bütün səfərlərdə yanlarında daşıdıqları bu "nüvə çantası”, yaxud "qara çamadan”ın funksiyası nədən ibarətdir?
Sfera.az planeti təhlükə altında saxlayan "nüvə çanta”ları haqqında yazını təqdim edir:
Çoxlarımız elə düşnürük ki, bu çantanın içərisindəki qırmızı düyməni basmaqla nüvə silahı dərhal hədəfə istiqamət alır. Əslində çantanın gücü heç də söylənilənlər qədər deyil. Sadə dildə ifadə etsək, bu çanta rabitə vasitəsi rolunu oynayır. Amma adi rabitə vasitələrindən fərqli olaraq əlaqə xüsusi kod və şifrələrlə yaradılır. Yəni prezident qırmızı düyməni basmaqla bir-iki saniyə ərzində raketlər havaya qalxmır. Buna görə də nüvə çantalarına həm də "atom telefonu” deyirlər.
İlk dəfə nüvə çantasının yaradılması ideası 1950-ci ilin ortalarından sonra Amerika Birləşmiş Ştatlarında, Eyzenhauerin prezidentliyi dövründə gündəmə gəlib. Tam təkmilləşmiş çanta isə ilk olaraq növbəti prezident Kennedinin ixtiyarına verilib.
Nüvə çantalarının funksiyaları təxminən eyni olsa da, fərqli xüsusiyyətləri də var. ABŞ-la Rusiyanın çantalarında fərq ondan ibarətdir ki, amerikalıların nüvə çantasında xüsusi kodla yalnız "hücum” əmrini göndərmək mümkündür, rusların çantasında isə "Perimetr”adlı funksiya var ki, qarşı tərəfdən nüvə silahı istifadə olunanda o, cavab olaraq avtomatik işə düşür.
SSRİ-də nüvə çantasının hazırlanması Brejnevin hakimiyyəti dövründə başlanıb. Ancaq nə ona, nə də ondan sonra hakimiyyətə gələn Yuri Andropova bu çantanı gəzdirmək qismət olub. SSRİ liderləri arasında ilk dəfə Konstantin Çernenekonun ətrafında qara çamadanlı adam görünüb. Eyni zamanda, nüvə çantaları həmin dövrdə SSRİ-nin müdafiə naziri olan Dmitri Ustinova və baş qərargah rəisi Nikolay Oqarkova da verilib. Yəni çanta üç nəfərdə olub: Ali baş komandan-baş katib, müdafiə naziri və baş qərargah rəisində.
Nüvə çantasından istifadə təlimatına görə, nüvə silahından istifadə etmək yalnız bir nəfərin iradəsindən asılı deyil. Üç şəxsdən biri nüvə silahından istifadə etmək üçün xüsusi kodu Strateji Təyinatlı Raket Qoşunları qərargahına göndərəcəyi halda, qərargah bu əmri icra etmək hüququnda olmayıb. Yalnız ən azı üç nəfərdən ikisinin təsdiqindən sonra qərargah nüvə silahından istifadə etmək ixtiyarında olub.
Prezidentlər dəyişilərkən nüvə çantaları inaqurasiya zamanı yeni seçilmiş prezidentə təqdim olunur. Elə Kreml üzərindəki SSRİ-nin bayrağı da məhz 25 dekabr 1991-ci ildə Mixail Qorbaçov nüvə çantasını Boris Yeltsinə təqdim etdikdən sonra Rusiya bayrağı ilə əvəzlənib.
SSRİ-də nüvə çantasını gəzdirən şəxslərin ən aşağı rütbəsi podpolkovnik olub. Onlara silah gəzdirmək hüququ verilib və xüsusi rabitə vasitələri ilə təmin ediliblər. Onlar hərbi-dəniz donanması zabitlərinin geyindiyi formada gəziblər. Niyə məhz bu formada olmaqları ilə bağlı iki versiya mövcuddur:
Birinci versiyaya görə, Raisa Qorbaçova hərbi-dəniz donanması formasını hədsiz sevdiyinə görə, həyat yoldaşından nüvə çantalarını gəzdirənlərin də bu cür forma geyinməsini xahiş edib. İkinci versiya isə daha inandırıcı səslənir. Belə ki, nüvə çantasını gəzdirənləri prezidenti müşayiət edən digər hərbçilərdən fərqləndirmək üçün bu formaya üstünlük verildiyi təxmin edilir.
"Qara çanta"larla bağlı maraqlı hadisələr də yaşanıb.
Məsələn, ABŞ prezident Corc Buş ilk dəfə nüvə çantasını açaraq onun istifadə təlimatı ilə yalnız 2001-ci ilin sentyabrın 11-də Amerikada baş verən məlum hadisələr zamanı tanış olub. Buna qədər onun nüvə çantasından necə istifadə edilməsi haqqında heç bir anlayışı olmayıb.
ABŞ-da nüvə çantası bank kartlarına bənzər xüsusi kodlu kartlarla açılır. Prezident Ceyms Karterin kostyumu kimyəvi təmizlənmə məntəqəsinə gedəndə çantanın kartı yaddan çıxaraq pencəyinin cibində qalıb.
Digər bir Amerika prezidenti Ronald Reyqan isə həmin kartı adi bank kartı kimi, pulqabında saxlayıb.
Qeyd edək ki, dünyada 9 ölkə - ABŞ, Rusiya, Fransa, Çin, İngiltərə, Pakistan, Hindistan, İsrail və Şimali Koreya nüvə silahına malikdir. Bu ölkələrin dövlət başçıları arasında Rusiya prezidenti Vladimir Putin nüvə çantasına daha həssaslıqla yanaşır. Belə ki, ən qısamüddətli səfərləri zamanı belə çantanı onun bir addımlığında saxlayırlar. 2019-cu ildə isə Putinin nüvə çantası ilk dəfə olaraq Rusiyanın "Zvezda” kanalında nümayiş olunub. Yəqin ki, bu nümayişdə də məqsəd Rusiyanın hansı gücə malik olduğunu göstərmək olub.
Bəli, bu kiçik çanta böyük güc və eyni zamanda böyük təhlükə deməkdir. Arzu edək ki, nüvə silahları ilə özlərini dünyanın güclüləri sayan dövlət başçılarına "qara çanta"dakı qırmızı düyməni basmaq qismət olmasın!
İlham Cəmiloğlu
Sfera.az