Uşaqların yeməkdən qaçmasının səbəbi məlum oldu

ABŞ-ın Stanford Universiteti Tibb məktəbinin alimləri uşaqlarda məhdudlaşdırıcı qaçınma, qida qəbulu pozğunluğunun (ARFID) müalicəsi ilə bağlı dünyada ilk randomizə edilmiş nəzarətli tədqiqatın nəticələrini açıqlayıblar.
Sfera.az xəbər verir ki, Amerika uşaq və yeniyetmə psixiatriya akademiyasının jurnalında dərc olunan araşdırmada 6-12 yaş arasında olan 98 uşaq iştirak edib. Tədqiqat çərçivəsində ailələr təsadüfi şəkildə iki qrupa bölünüb və dörd ay ərzində onlayn terapiya proqramına cəlb olunublar.
Araşdırmada birinci qrupda valideynlərin fəal iştirak etdiyi ailə terapiyası tətbiq edilib. Bu üsulda valideynlər uşağın qidalanma vərdişlərinin dəyişdirilməsində əsas rol oynayıb, qidaya qarşı yaranan qorxunun və qaçınma davranışlarının aradan qaldırılması istiqamətində terapevtin dəstəyi ilə çalışıblar. İkinci qrupda isə uşaqlarla fərdi motivasiya və psixo-pedaqoji terapiya aparılıb, valideynlər isə daha çox məlumatlandırıcı və dəstəkləyici rolda olublar.
Nəticələr göstərib ki, hər iki terapiya üsulu ARFID simptomlarının azalmasına və uşaqların qidalanma davranışının yaxşılaşmasına müsbət təsir göstərib. Bununla yanaşı, ailə terapiyası tətbiq olunan uşaqlarda çəki artımı daha yüksək olub və xüsusilə xəstəliyin ağır formalarında daha uğurlu nəticələr əldə edilib.
Mütəxəssislər bildirirlər ki, ARFID sadəcə yemək seçiciliyi və ya uşağın "nazı" deyil. Bu pozğunluq uşağın qidaya maraq göstərməməsi, boğulmaq və ya qusmaq qorxusu, eləcə də əvvəllər yaşadığı mənfi təcrübələr səbəbindən yaranır. Vaxtında müalicə olunmadıqda isə vitamin çatışmazlığı, böyümənin ləngiməsi və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Alimlərin sözlərinə görə, ARFID uşaqların sosial həyatına da mənfi təsir edir. Bu pozğunluqdan əziyyət çəkən uşaqlar məktəb yeməklərindən, düşərgələrdən, ad günü məclislərindən və qida ilə bağlı digər sosial tədbirlərdən uzaq durmağa başlayırlar ki, bu da onların həmyaşıdları ilə ünsiyyətinə mənfi təsir göstərir.
Mənsumə
