Alimlər zamanı ölçməyin yeni üsulunu kəşf etdilər

İsveçin Uppsala Universitetindən olan alimlər, zamanı ölçməyin yeni və olduqca dəqiq bir yolunu kəşf etdiklərini açıqlayıblar. 2022-ci ildə aparılan tədqiqat zamanı kvant fizikasının sərhədlərində yerləşən və “Rydberg” adlanan atomlar üzərində qurulan yeni texnika vasitəsilə zamanı başlanğıc nöqtəsi olmadan ölçmək mümkün olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Rydberg” atomları lazerlə yüksək enerji səviyyəsinə qaldırılan və bu zaman ölçüləri adi atomlara nisbətən xeyli böyüyən atomlardır.
Bu atomların daxilindəki elektronlar kvant aləminə xas olan təsadüfi davranışlarla hərəkət edir. Alimlər bu elektronların yaratdığı dalğa formasındakı naxışları analiz edərək, zamanın dəyişimini əks etdirən unikal “barmaq izləri” əldə ediblər.
Araşdırmada “pompa-zond” adlanan texnikadan istifadə olunub. Bu üsulda atom əvvəlcə bir lazer impulsu ilə oyadılır, daha sonra ikinci bir lazer impulsu vasitəsilə onun zamanla necə dəyişdiyi izlənilir. Ortaya çıxan dalğa naxışları sabit və ölçülə bilən zaman göstəriciləri yaradır.
Tədqiqatın rəhbəri, fizik Marta Berholts bu yeniliyi belə şərh edib: “Əgər adi bir sayğacdan istifadə edirsinizsə, zaman ölçmək üçün əvvəlcə başlanğıc nöqtəsi müəyyən etməlisiniz. Bu texnikada isə sadəcə olaraq dalğa naxışına baxaraq, məsələn, ‘4 nanosaniyə keçdi’ deyə bilirsiniz".
Alimlər gələcəkdə bu texnikanın təkmilləşdirilməsi məqsədilə helium əvəzinə digər atom növlərindən istifadə etməyi və lazer impulslarının fərqli formalarda tətbiq olunmasını planlaşdırırlar.
Bəsti Rəfizadə