Qalaktikada böyük partlayış oldu - Mövcud nəzəriyyələr yenidən işlənəcək

Qalaktikada böyük partlayış oldu - Mövcud nəzəriyyələr yenidən işlənəcək

Yer kürəsindən təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən superkütləli qara dəliyin misli görünməmiş partlamalarla aktivləşməsi elm dünyasında böyük maraq doğurub.

 

Sfera.az xəbər verir ki, ulduzların və qalaktikaların hərəkətini müşahidə edən alimlər, uzun illər fəaliyyətsiz qalmış bu nəhəng qara dəliyin gözlənilmədən parlaq və güclü partlayışlarla enerji saçdığını müşahidə ediblər.

 

Sözügedən qara dəlik bir qalaktikanın mərkəzində yerləşir və “aktiv qalaktik nüvə” (AGN) adlandırılan bölgəyə hakimdir. Tədqiqatçılar bu kosmik obyektə “Ansky” adını veriblər.

 

“Ansky” ilk dəfə 2019-cu ilin sonunda NASA-nın "Swift X" şüa teleskopu vasitəsilə aşkarlanıb. 2024-cü ilin fevralında isə alimlər onun nizami şəkildə təkrarlanan güclü "X" şüa partlayışları yaydığını müşahidə ediblər. Bu hadisə alimlərə superkütləli bir qara dəliyin real vaxtda partlamasını izləmək imkanı yaradıb.

 

Tədqiqat qrupunun üzvü, Massachusetts Texnologiya İnstitutunun (MIT) alimi Coçin Çakraborti bildirib ki, “Ansky”nin yaydığı partlayışlar, əvvəllər görülən tipik QPE-lərdən 10 dəfə daha böyük və daha parlaqdır:


“Bu partlamaların hər biri, daha əvvəl müşahidə etdiyimiz hadisələrlə müqayisədə 100 dəfə çox enerji saçır”.

 

Çakraborti əlavə edib ki, “Ansky”nin partlayışları təxminən 4,5 gün davam edir və bu, bu günə qədər qeydə alınmış ən uzun dövr sayılır.

 

Mütəxəssislər bildirirlər ki, bu hadisə, qara dəliklərin davranışları və enerji yayımı ilə bağlı mövcud nəzəriyyələri yenidən nəzərdən keçirməyə səbəb ola bilər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR