Kədərini sosial şəbəkələrdə yaşayan insanların psixoloji travması var? - AÇIQLAMA

Kədərini sosial şəbəkələrdə yaşayan insanların psixoloji travması var? - AÇIQLAMA

Əksər hallarda insanlar ölən, yaxud xəstəliyə tutulan yaxınları ilə bağlı məlumatları sosial şəbəkədə aktual saxlamağa çalışırlar. Hətta yaxınını itirən biri, elə faciə yaşadığı gündə bunu ictimailəşdirir, bir sıra paylaşımlar edir. 

 

Maraqlıdır, insanların kədərini yaşamaq yerinə, sosial şəbəkələrə üz tutması, paylaşımlar etməsinin arxasında hansı psixoloji faktorlar dayanır? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, insan psixologiyasında təsdiqolunma və başqalarının empatiyasını hiss etmə istəyi rəqəmsal dünyada həyat tərzinə çevrilib:

“İtki yaşayan bəzi insanlar başqalarının diqqətini və başsağlığını almaqla emosional rahatlıq tapır. Sosial şəbəkələr emosional dəstək axtarışının ən əlçatan yollarından birinə çevrilib və bu tendensiya müasir ünsiyyət vərdişlərinin dəyişməsi ilə bağlıdır. Rəqəmsal dövr insanların yas tutma prosesini də dəyişib. Kədərin sosial mediada ifadə edilməsi psixoloji problem və ya sindrom kimi qiymətləndirilmir, çünki bu daha çox emosional tənzimləmə və sosial dəstək axtarışının təzahürüdür. İnsanlar təkcə real həyatda deyil, həm də virtual mühitdə kollektiv yas keçirmək ehtiyacı hiss edirlər. Lakin əgər bir insan yaxınını itirdikdən sonra uzun müddət bu itkini sosial şəbəkələrdə müzakirə edir, davamlı olaraq bu hadisəyə qayıdır və kədərini normallaşdıra bilmirsə, bu zaman patoloji yas reaksiyasından danışmaq olar. Yas pozuntusu yaşayan şəxslərdə depressiya, posttravmatik stress pozuntusu və emosional tənzimləmə çətinlikləri müşahidə oluna bilər. İtki və yas prosesi yaşayan şəxslərin psixoloji dəstəklə təmin olunması vacibdir”.

 

Müsahibimiz qeyd etdi ki, insan beyni stress və emosional ağrını yüngülləşdirmək üçün müxtəlif yollar axtarır:

 

“Sosial şəbəkələr isə dəstək almaq üçün tez və asan çıxış yolu təqdim edir. Qəfil itki yaşayan insanlar, xüsusilə kədər və travma ilə təkbaşına mübarizə aparmaqda çətinlik çəkənlər sosial mühitlərdən təsəlli tapmağa çalışırlar. Bəzən onlar real həyatda hiss etdikləri tənhalığı virtual dəstək şəbəkəsi ilə doldurmağa çalışırlar. Bəzən isə başqalarının diqqətini cəlb etmək üçün vasitədir. Virtuallıq insanların real kimliyini əlindən alır. Sosial şəbəkələr təkcə informasiya paylaşmaq üçün yox, həm də fərdin sosial kimliyinin bir hissəsinə çevrilib. İnsanlar həyatlarının xoşbəxt və çətin anlarını rəqəmsal platformalarda bölüşməyi adət halına gətiriblər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR