“Ölü ruhlar”ın Azərbaycana səfəri və ya Qərbin “şeytanla qanlı savaşı” - “Halloween”lə bağlı MARAQLI ARAŞDIRMA

“Ölü ruhlar”ın Azərbaycana səfəri və ya Qərbin “şeytanla qanlı savaşı” - “Halloween”lə bağlı MARAQLI ARAŞDIRMA

"911" çağrı mərkəzinə zəng gəlir. “Bura təcili polis göndərin, qonşumun həyətində torbaya bükülmüş meyit aşkarlamışıq”...

 

Bir neçə dəqiqə ərzində hadisə yerinə gələn polislər qəribə mənzərə ilə qarşılaşırlar. Bəli, həyətdə qadına məxsus "meyit" var, amma o yaşayır. Sən demə, parça torbaya bükülmüş "meyit" elə zəng edən şəxsin qonşusu imiş. Bu, “Halloween”ə hazırlıqdır. 

 

Sosial mediada ABŞ ştatlarından birində çəkilmiş görüntülər qarşıma çıxanda həm marağıma səbəb oldu, həm də təəccübləndim. İstər-istəməz, “bu, necə əyləncə növüdür?” sualı ilə üzləşdim. Qan, ölülər, ürküdücü simvolları olan “Halloween”in ABŞ hüdudlarını aşdığı hər kəsə məlumdur. Həmin tarixə sayılı günlər qalmış Azərbaycanda da hazırlıqlar görülür, gənclər müxtəlif tədbirlər təşkil edir. Düzdür, ölkəmizdə bu bayram xüsusi olaraq qeyd edilmir, amma son bir neçə ildə ənənə halını alıb desək, yanılmarıq. 

 

 

Bilənlər bilir, məlumatı olmayanlar üçün əvvəlcə bildirək ki, “Halloween” mənşəyi xristianlıqla bağlı olan qorxu və əyləncənin birləşdiyi bayramdır, hər il oktyabrın 31-də qeyd olunur. Bu mistik bayramın tarixi min illər əvvələ, Keltlərin qeyd etdiyi “Samhain” festivalına qədər gedib çıxır. Kelt inancına görə, bu gün ilin “qaranlıq yarısı”nın başlanğıcını göstərir və inanılır ki, “Samhain” gecəsində ölü ruhlar dünyaya geri qayıdır. Bu səbəbdən insanlar pis ruhları qorxutmaq üçün xüsusi maskalar və kostyumlar geyinirlər. “Samhain” festivalı sonradan kilsənin 1 noyabr tarixini “Müqəddəslər günü” elan etməsi ilə qismən dəyişdirilir və “Halloween” adını alır. Bu, ingilis dilində “All Hallows” Eve”, yəni “Müqəddəslər Gününün axşamı” ifadəsinin qısaldılmasıdır. 

 

Sfera.az sözügedən mistik günə fərqli aspektlərdən yanaşıb. Əvvəlcə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla həmsöhbət olmaq, bu istiqamətdə fikirlərini öyrənmək istədik. 

 

ABŞ-də yaşayan həmyerlimiz Tural Mir söhbət zamanı bildirdi ki, amerikalılar əsas iki bayramı təntənəli qeyd edirlər – “Halloween” və “Christmas”. Müsahibimizin sözlərinə görə, burada hazırlıqlar bir neçə ay öncədən başlayır:

 

“Bu bayram əvvəllər ölülərin ruhlarını sakitləşdirmək üçün rituallardan ibarət gün imiş. Zamanla isə belə fərqli, qorxulu, vahiməli personajların geyimlərindən istifadə edərək insanları qorxutmağa başladılar. Amerikada əsasən imkanlı insanlar sanki “kimlərin evi daha qorxulu görünəcək” deyə bir yarışa giriblər. Hətta dekorasiyalara 5 rəqəmli pullar xərclənir. Eyni zamanda, bu bayramda şirniyyatlara tələbat artır, küçələrdə xüsusi paradlar keçirilir. Beləliklə, həmin şirkətlərin də gəlirləri artmış olur”.

 

Almaniyada yaşayan həmyerlimiz Ləman Səfərli isə saytımıza danışarkən qeyd etdi ki, sözügedən ölkədə “Halloween”in keçirilməsi şəhərlərdən asılı olaraq dəyişir: “Ümumi olaraq, almanlar da bu bayramı qeyd edir, amma amerikalılar qədər ciddi yanaşmırlar. Almaniya üçün bu, hələ də amerikalıların bayramı hesab olunur, yəni milli deyil. Ona görə də onlar kimi aylar və ya həftələr öncədən hazırlıqlar görülmür. Son bir həftə qalmış kimlərsə evini qorxulu dekorasiyalarla bəzəyirlər və ya balqabaq alıb qoyurlar, mağazalarda kostyumlar satırlar, qorxulu aksesuarlar istifadə edirlər və.s. 31 oktyabr günü küçələrdə bir sıra gənclərin “Halloween”ə məxsus simvollarla gəzdiyini də müşahidə edə bilirik”.

 

Digər həmyerlimiz, Polşada yaşayan Günay Həziyeva isə bildirdi ki, “Halloween” ölkədə gənclər arasında məşhurdur: “Ağır makiyajlar, geyimlərlə bayram ab-havasına girirlər. Mağazalar isə hətta avqust ayından başlayaraq uyğun aksesuarlar, əşyalar satırlar. Həmçinin bayram ərəfəsində ictimai-iaşə obyektləri bəzənilir, xüsusilə boranı satışları artır. Amma Polşada yaşlı və orta yaşlı şəxslərin bu bayrama marağı yoxdur. Yaşlılar daha çox 1 noyabr tarixində “Bütün əzizlərin günü”nü qeyd edir, ölüləri ziyarət edirlər”.

 

 

Qorxunu, qanı, vahiməli mənzərələri özündə ehtiva edən “Halloween”in Azərbaycanda keçirilməsi isə birmənalı qarşılanmır. Bu baxımdan məsələnin psixoloji, sosioloji, həm də dini tərəflərini araşdırmağa çalışdıq. 

 

Sfera.az-a açıqlama verən psixoloq Əfsanə Rüstəmova bildirdi ki, insan həyatında olan boşluqlar bir formada dolmalıdır, çünki beynimiz fəaliyyətsiz qalmağa uyğun deyil:

 

“Fəaliyyətsiz qaldığımız hər an beynimiz alternativ taparaq bunu əvəz etmək, yaxud yeni nələrsə yaratmaq istəyir. Bu yanaşmadan yola çıxaraq rahatlıqla deyə bilərik ki, Avropa və digər mədəniyyətlərdə ayın demək olar, hər günü, hər həftəsi bir festival keçirilməsinin böyük ehtimalla səbəbi də məhz bundan qaynaqlanır. Yəni insanlar boş qalıb və yeni nələrsə (çevrilişlər, ziyanlı vərdişlər və.s) olmasın deyə karnavallar, məclislər, əyləncələr, qəribə adları olan günlər keçirirlər. Azərbaycan mentalitetinə baxdığımız zaman isə, biz hətta ən böyük qələbələrimizi belə, olduğu kimi qəbul edib, təntəli formada qeyd etmirik. Buna görə də insanların boş və ya düşünmədən keçən günlərinin sayı çoxdur. Belə olduğu halda, cəmiyyətdə təhsillə bağlı da boşluq varsa, bu tip insanların özləri üçün yeni maraq, vərdiş (müsbət və ya mənfi) yaratmaq və mənimsəmək ehtimalı öngörüləndir. Necə ki, artıq Azərbaycanda “Halloween” son illər ənənəvi olaraq qeyd olunur. Bu bayram əslində bizim mentalitetimizə çox uyğun deyil”.

 

 

Psixoloq qeyd etdi ki, insanları məsuliyyətsiz buraxsaq və ya yönləndirməsək, onlar milli dəyərlərimizə zidd olan hər hansı əvəzləmələrlə olsa belə, həyatlarını dolduracaqlar: “İnsan özü üçün lazımlı olmaq, işə yaramaq funksiyasını görmək üçün mütəmadi yeniliklər, cəhdlər axtarışında olur. Düşünürəm ki, Azərbaycanda öz karnavallarımız, tədbirlərimiz olsa, insanların bu cür xarici təcrübələrə axını olmaz. Yaxud mədəniyyətimizə uyğun olmayan bayramları öz vətənimizdə görməyə bilərik. Bunun üçün insanlara məşğul ola biləcəyi şeylər yaratmaq lazımdır. “Halloween” mənfi dəyərləndirilə bilərmi? Bu, məsələyə hansı aspektdən yanaşacağımızdan asılıdır. Ənənə, mentalitet, insanların psixologiyasına təsir baxımından dəyərləndiririksə, bunu qismən mənfi adlandıra bilərik. Əyləncə motivli baxanda isə insanların problemli dönəmində nəfəs aralığının açılması, bayram kimi hadisələrin qeyd edilməsi onları müsbətə kökləyir”.

 

Sosioloq alim, professor Əhməd Qəşəmoğlu isə saytımıza açıqlamasında bildirdi ki, “Halloween” Qərb ölkələrindən bizə gələn yeni adətdir və bir neçə səbəbi var:

 

“Bir qrup gəncimiz Qərbdə təhsil alır, bayramın qeyd olunmasında iştirak edirlər, ölkəyə qayıdan zaman isə xaricdən olan yoldaşlarına Azərbaycanın da müasir yer olduğunu göstərmək istəyirlər. Yaxud bayramı sevən gənclər ölkədə də qeyd etmək fikrinə düşürlər. Eyni zamanda, kənar qüvvələrin də burada marağının olduğunu düşünürəm – getdikcə, Avropa, ABŞ-dəki həyat tərzini Azərbaycana transfer etmək...Bu isə daha çox siyasi xarakter daşıyır. Əslində “Halloween”in qeyd edilməsi faciə deyil. Az qism bunu edirsə, normaldır, lakin geniş şəkildə yayılmasının əleyhinəyəm. Çünki bu ənənə Azərbaycanın milli ruhu ilə uyğunluq təşkil etmir. Geniş yayılarsa, bu bayram insanların xarakterinə, gənclərimizin psixologiyasına, mənəvi ruhuna təsir edə bilər. Qərb ölkələrində belə “Halloween”in qeyd olunmasını onlar üçün faydalı hesab etmirəm. İnsanların psixologiyasına mənfi təsir edən bayramların keçirilməsi yolverilməzdir”.

 

 

Məsələnin dini aspektini də araşdırmağa çalışdıq.

 

Maraqlıdır ki, bu tip bayramlar xüsusilə müsəlmanların sayının çox olduğu ölkələrdə narazılıqla qarşılanır. Eynilə, Azərbaycanda da “Halloween”in qeyd olunması dini baxımdan ciddi tənqid obyekti olur. Bununla bağlı dinşünas alim Rafiq Əliyev bizimlə fikirlərini bölüşüb.

 

Onun sözlərinə görə, “Halloween”, yəni “Ölülər günü” ilahi dinlərdə - buddizm, iudaizm, xristianlıq, İslamda bayram kimi qəti qeyd olunmur: “Çünki ölülərlə dirilər arasında münasibət şəxslərin dünyadan köçməsi ilə bitir. Bizdə ölən şəxsin 3, 7, 40-cı günündə, ilində anılması ənənəsi var. Amma onların ruhlarının bizə qayıtması mümkün olan şey deyil.  “Halloween”in əsas məğzi həmin gün ölülərin ruhlarının yaxınları ilə görüşə gəlməsi, onlarla təmasda olmasıdır. Bunu təmin etmək, şeytana, guya, mane olmaq üçün insanlar müxtəlif cildlərə girir, eybəcər maskalar taxırlar. Bizdə isə belə bir bayramın keçirilməsi nə dinimizə, nə də adət-ənənələrimizə uyğundur. İslamda insanın iki dünyası var: yaşadığı yer və axirət. Ölülərin ruhlarının bizimlə görüşə gəlməsi məsələsi İslamda heç bir formada öz əksini tapmayıb”.

 

Müsahibimiz qeyd etdi ki, ölkəmizdə “Halloween”in həvəslə keçirilməsi narahatlıq yaradır: “Bizim qeyd etmək üçün kifayət qədər bayramımız var. Biz İslamı qəbul edənə qədər oda sitayiş edirdik, amma ondan sonra dinimizə olan bağlılığımız sözügedən bayramları tamamilə geridə qoydu. İndi İslamın qoyduğu qaydalarla həyatımızı tənzimləyirik. Ona görə də insanlarımızın bilərək və ya bilməyərək bütpərəstlərin bayramını qeyd etmələri, şənlik keçirmələri tamamilə nadanlıqdır. Ölülərimizin ruhu həmin gün qayıtmırsa, onlarla söhbət etmiriksə, təmasda olmuruqsa, o zaman “Halloween”in bizim üçün nə faydası var? Sadəcə olaraq müxtəlif eybəcər maskalar taxmaqla şeytanı nəyə görə qorxuduruq? Bunları da düşünmək lazımdır. “Halloween” zamanı hətta digər ölkələrdə insanlar mərkəzlərdə geniş şəkildə yığışır, böyük karnavallar təşkil edirlər, ölünün skeletini düzəldirlər və.s  İslamda isə bütün bunlar günah hesab olunur. Bayramı qeyd etməyimiz onu göstərir ki, biz İslamı yaxşı bilmirik”.

 

Beləliklə, ənənəvi günə fərqli bucaqlardan, fərqli fikirlərlə yanaşmağa, məsələnin detallarını araşdırmağa çalışdıq. “Halloween”i qeyd edib-etməmək isə hər kəsin fərdi seçimidir. Qərar sizindir: ölüləri qarşılamaq, qorxu ilə yaşamınıza “əyləncə” qatmaq, ya da “Halloween”i pərdə arxasında saxlamaq...

 

Günay Rəsulqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bakı metropolitenində ventilyatorlar qış qrafikinə keçirildi

Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.   Bu barədə Sf...

"Bank of Baku" faizləri endirdi: min. 9.9%-lə 50.000 AZN-dək KREDİT!

“Sizə Yaxın Bankçılıq” şüarını fəaliyyəti ilə daima doğruldan "Bank of Baku" müştərilərini sevindirəcək və planlarına dəstək olacaq növbət...

Bakıda hərbçi qəfil vəfat etdi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin baş zabiti mayor Namiq Orucov qəfil vəfat edib.   Sfera.az qafqa...

“Rusiya Əsədi dəstəkləməyə davam edir” - Kreml

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi verdiyi açıqlamada Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edəcəklərini vurğulayıb.   Sfera.az x...

Hindistan Pakistanla sərhədə iki batalyon yerləşdirdi - Vəziyyət gərginləşir?

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) qeyri-qanuni sərhəd keçidlərindən qorunmaq üçün Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə iki batalyon yerləş...

Məhkəmədən Əli Kərimli ilə bağlı QƏRAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.   Sfe...