"Deputat tələbəm olub, məşhurların çoxuna maşın sürməyi öyrətmişəm..." - REPORTAJ

Günü-gündən artan yol qəzaları və ölümlər insanı bir nüans barədə düşünməyə vadar edir.
Günah kimdədir? Sürücülərdə, yoxsa onları yaxşı sürücü olduğuna inandıran şəxslərdə?
Sürücülərin çoxunu avtotəlim kursları yetişdirir. Amma məchul bir hal var. Onlar cəmiyyətə yaxşı sürücü, yoxsa "potensial qatil" yetişdirirlər?
Elə məhz problemin kökünü araşdırmaq və suallarımıza cavab tapmaq üçün sürücülük təlimi mərkəzinə yollandıq. Bizi mərkəzin təlimçisi Adil Nəbiyev qarşıladı.
Həm bu işin sirrini tapmaq, həm də suallarımın cavabını praktiki olaraq almaq üçün sükan arxasında əyləşdim.
İnsana kənardan çox rahat görünən sükan arxası olduqca böyük məsuliyyətdir. Çünki burada oturan şəxs həm özünün, həm də cəmiyyətdəki digər insanların həyatı üçün diqqətli olmalıdır.Burada yükün böyük bir hissəsi təlimçinin üzərinə düşür. Çünki onun sürücülüyü öyrətdiyi şəxslər cəmiyyət üçün təhlükə mənbəyinə çevrilməməlidir. İnsan sükan arxasında əyləşərkən sanki tikan üzərində əyləşir. Amma təlim maşınının sükanı arxasında əyləşdikdə qeyri-adi bir rahatlıq hissi olur.
Bu rahatlıq hissinin səbəbi sağ tərəfimdə əyləşən, ayağının altında əyləc olan təlimçi idi. Məndə "nə qədər sürətlə getsəm, o, məni yavaşladar" arxayınlığı var idi. Amma sərbəst sürücü kimi avtomobili idarə edəndə yanımızda bizim yerimizə əyləcə basan olmayacaq. Buna görə də təlim müddətində sürücülüyün bütün sirlərinə vaqif olmaq lazımdır...
İndi isə keçək Adil bəylə olan maraqlı söhbətimizə:
Özünüz barədə danışa bilərsinizmi? Nə qədər vaxtdır, bu işlə məşğul olursunuz?
"20 ildən çoxdur ki, bu işlə məşğulam. 10 ildən çox Rusiyada təlimçilik fəaliyyəti ilə məşğul olmuşam. 2014-ci ildən bu günə qədər Azərbaycanda bu işi davam etdirirəm. Hər bir kateqoriya üzrə Avstraliya, Rusiya və Türkiyədə təlimlər keçmişəm. Yol hərəkəti qaydalarının düzgün tətbiqi sahəsində həm sürücüləri, həm təlimçiləri hazırlamışam. Ekstermal vəziyyətlərdə, sürüşkən yollarda təlimlər keçmək üçün sertifikatım var".
Dərsə gələn tələbələrin hamısı öyrənmək məqsədilə gəlir?
"Tələbələrin böyük bir əksəriyyəti öyrənmək məqsədilə gəlir. Lakin həvəskar sürücü kimi 1-2 dərslik gələn tələbələr də var. Onları başqa yerə yönəldirik. Çünki biz ödənişləri paket şəklində öncədən tələb edirik. Ən azı onlara 10 saat dərs keçilməlidir ki, nəsə öyrənə bilsinlər. Bəzən maraqlı məqamlar da olur. Harasa yük aparmaq və yaxud getmək istəyən şəxslər zəng edib bir saatlıq maşını icarəyə götürmək istəyirlər. Taksi xidməti kimi istifadə etmək niyyətində olurlar. Amma bu hallara yol verilmir. Xanımların əskəriyyəti isə avtomobil sürdüklərini ətraflarına göstərmək üçün video çəkdirmək məqsədilə müraciət edirlər. Sosial şəbəkələrdə öz videolarını paylaşmaq üçün təlim kursuna yazılırlar. Tələbələr dərs zamanı telefon tutacağına telefon yerləşdirərək öz videolarını rahatlıqla çəkə bilirlər".
Təlim kursuna daha çox qadınlar, yoxsa kişilər müraciət edirlər?
"Xanımlar hər bir sahədə üstünlük təşkil etdiyi kimi, bu sferada da üstünlük təşkil edirlər. Həm nəzəri, həm də praktiki dərslərə gələnlərin əksəriyyəti xanımlardır. Xanımlar bu işi tam öyrənmədən və tam mənimsəmədən sürücülüyə başlamırlar. Çox nadir hallarda təlim kursunu tam bitirmədən yola çıxırlar. Amma kişilərdə isə vəziyyət fərqlidir. Onlar sükan tutmağı öyrənən kimi sürməyə risk edirlər. Bəziləri isə təlim keçmədən özləri sürə-sürə öyrənməyə cəhd göstərirlər".
İştirak edən şəxslərin dərsi tam mənimsədiyini necə müəyyən edirsiniz?
"Sürücülük proqramında 70 saat dərs yazılıb. Onun 10 saatı gecə avtomobil idarə etmək üçün ayrılır. Qalan saatlar isə gündüz vaxtı şəhəriçi və şəhərətrafı sürücülük dərslərinin keçilməsi üçün nəzərdə tutulub. Əgər tələbəyə dərs zamanı müdaxilə etmirəmsə və qəza şəraiti yaranmırsa, deməli, tələbə proqramı mənimsəyib. Bəzi hallarda onlara hazır olduqlarını və öz avtomobillərini rahatlıqla idarə edə biləcəklərini deyirəm. Lakin hiss edirəm ki, qorxurlar. Bu zaman onları boş əraziyə aparıb öz avtomobillərini idarə etmələrini tələb edirəm. Amma mən yanlarında oturmuram. Çünki tək və köməksiz rol arxasında oturmağa öyrəşməlidirlər.
Təlim zamanı hər hansı bir qəza baş verərsə, məsuliyyəti kim daşıyır?
"Sürücülük vəsiqəsi olmayan şəxs təlim avtomobili idarə edə bilər. Xüsusi təyinatlı təlim avtomobilinin sənədləri olduğu üçün onu idarə etməyində problem yoxdur. Bu halda qəza baş verərsə, ən çox məsuliyyət təlimçinin üzərinə düşür. Ancaq sürücülük vəsiqəsi olan tələbə qayda pozuntusuna yol verdikdə cərimə özünə yazılır. Bu zaman həm tələbə, həm də təlimçi məsuliyyətə cəlb olunur.
Təlim üçün daha çox hansı yaş aralığında müraciət edirlər və ən yaşlı tələbəniz neçə yaşında olub?
"16 yaşdan 79 yaşa qədər olan vətəndaşlar müraciət edirlər. Müraciət edənlər əsasən gənclərdir. 18 yaşı tamam olmayan gənclər öyrənib daha sonra sürücülük vəsiqəsi almaq istəyirlər. Ən yaşlı tələbəm 79 yaşında olub. Bəzi gənclərə nisbətən qavrayışı və diqqəti daha yaxşı idi. Mən həmin şəxsin reaksiyasının zəif olacağını gözləyirdim. Lakin gözlədiyimin əksi oldu".
Sizə müraciət edən məşhur şəxslər olubmu?
"Məşhurların əksəriyyətinə təlim keçmişəm. Bir sıra deputatlar var ki, mənim tələbəm olublar. Bir sıra tanınmış şirkətlər var ki, onlar sürücülərini göndərirlər ki, onları sınaqdan keçirək və yaxud təlimlər keçək. Çünki bəzi şirkətlərin çox bahalı nəqliyyat vasitələri olur. Onlara səbirli və təmkinli sürücü vacibdir. Biz razı qaldığımız və təsdiq etdiyimiz təqdirdə onları işə götürürlər".
Qiymətlər necədir? Hansı hallarda güzəştlər tətbiq olunur?
"Qiymətlər 20-70 manat arasında dəyişir. Təlimçiliyə təzə başlayanlar daha ucuz qiymətlər müəyyən edirlər. Lakin illərini bu sahəyə həsr etmiş və işin bütün detallarını bilən təlimçilər daha yüksək rəqəmlər təyin edirlər. İstədiyim qiymətə təlim keçirəm və yenə də gələnlər olur. Elə adamlar var ki, imkanı yoxdur, amma məndən dərs almaq istəyir və illərdir, sosial şəbəkələrdə məni izləyir. Mən o insanlara güzəşt edirəm".
Yaxşı təlimçinin qadın və yaxud kişi olmasının fərqi varmı?
"Əslində avtomobili idarə etməkdə qadınla kişi arasında heç bir fərq yoxdur. Sadəcə qorxu məsələsi var. Təlimçidə bir balaca qorxu olarsa, onun yarısını öyrənən şəxsə ötürəcək. Ona görə təlimçi daha təcrübəli olsa yaxşıdır".
Çoxu düşünür ki, kişilər qadınlardan daha yaxşı sürücüdür. Bu fikirlə razısınızmı?
"Razıyam, çünki kişilərin öyrətmə metodları daha fərqlidir. Bildiyimiz kimi, beyin quruluşlarımız da müxtəlifdir. Elə məqamlar olur ki, qəti qərar verib qəza şəraitinin qarşısını almalısan. Xanımlarda biraz analıq hissi və qorxu olduğu üçün belə məqamlarda nə edəcəklərini bilmirlər. Lakin bəzi xanımlar var ki, 10 ildən çoxdur bu işlə məşğuldur. Bu fikri hamısına şamil etmək olmaz".
İdeal sürücü yetişdirmək üçün nə qədər vaxt lazımdır?
"Sovet dövründə sürücünü 3 ay ərzində yetişdirirdilər. İndiki müasir insanlar çox tələskən olduqları üçün 1 ay ərzində bütün proqramı bitirməyi planlaşdırırıq. Hər gün təlimə gələn adam 1 aya öyrənə bilər".
Təlimlərdə ən çox hansı maşın markalarından istifadə olunur?
""Hyundai" və "Kia”" avtomobilinə daha çox üstünlük verilir. İndi hibrid avtomobillərdən də çox istifadə olunur. Çünki təlimçi çalışır ki, maksimum ekonomik avtomobil olsun".
"Prius"lar qəza brendi olaraq məşhurlaşıb. Qəzanın törədilməsində bu avtomobillərin rolu varmı?
"Heç bir avtomobildə problem yoxdur. Problem sürücülərdədir. Sürücü avtomobilinə vaxtı-vaxtında qulluq etməlidir. "Toyota" çox tanınmış brenddir. Əgər nöqsan maşında olarsa, bu zaman zavodlarda həmin nöqsanlı maşınları kütləvi şəkildə təmir edirlər. Problem odur ki, yeni sürücülüyə başlayanlar və sürücülük vəsiqəsini təzə alanlar ucuz maşın alıb istifadə edirlər. Ekonomik olduğu üçün "Prius"lardan taksi kimi istifadə edilir. Yeni qanuna əsasən, artıq bu problem də aradan qaldırılır. Taksi kimi fəaliyyət göstərən "Prius"ların sayı azalacaq".
Qorxu və müəyyən streslə əyləşdiyim sükan arxasından özgüvən hissi ilə qalxdım. Bəziləri kimi mən də maşın sürməyi öyrənə biləcəyimi düşünmürdüm. Öyrənsəm də, çox çətin olacağını fikirləşirdim. Amma ilk dəfə maşın sürməyimə baxmayaraq, avtomobil idarə etməyin qorxulu bir məfhum olmadığını və asanlıqla öyrənilə biləcəyinin fərqinə vardım. Qorxunun aradan qalxmasında təlimçinin də böyük rolu var. Qeyd etdiyim kimi, onun varlığı insanda xüsusi rahatlıq yaradır.Məhz bu baxımdan təlimlər sürücü olmaq, avtomobil sürməyi öyrənmək istəyən və arzusunda olan şəxslər üçün əla fürsətdir.
Ülkər Abdurahmanlı
Fotolar: Anar Bayramlı