Saatlarla qaldığımız tıxacda qəzəblənməmək üçün nə etməliyik? - AÇIQLAMA 

Saatlarla qaldığımız tıxacda qəzəblənməmək üçün nə etməliyik? - AÇIQLAMA 

Son zamanlar insanların əsəblərini tarıma çəkən nüanslardan biri də tıxaclardır. Tıxaclar həm vaxtın boşa getməsinə, həm də insanların əsəbləşib gərginləşməsinə səbəb olur. Bu isə sürüclərin bir-biri ilə mübahisə etməsinə zəmin yaradır.

 

Bəs tıxac zamanı əsəblərimizə necə hakim ola bilərik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, tıxacda stress, hirs, narahatlıq kimi psixoloji hallar yaşayırıq.

 

“Ancaq bütün bu hissləri idarə etmək də mümkündür. Bəzən gərgin bir iş günündən sonra saatlarla tıxacda qaldığımız zaman üstəlik aclıq, susuzluq və yorğunluq kimi fizioloji ehtiyaclar da hiss ediriksə, qəzəbimiz idarəolunmaz hala gələ bilir”.

 

Psixoloq qeyd edib ki, tıxacda niyə qəzəbli olduğumuzu düşünməli və qəzəbimizin altında yatan əsas səbəblərə baxmalıyıq.

 

“Çünki o anda qəzəbin arxasında birdən çox ödənməmiş ehtiyacın olduğunu görə bilərik. Məsələn, kimsə yol hərəkəti qaydalarını pozursa, yadda saxlamaq lazımdır ki, siz də eyni qayda pozuntusunu törədə bilərsiniz. Tıxacda sizi ən çox nəyin əsəbiləşdirdiyini və hansı vəziyyətlərdə hirsləndiyinizi bilmək olduqca vacibdir. Yaxşı yatmaq, ac qalmamaq, yorulanda dincəlmək üçün fasilələr vermək, tələsməmək üçün planlı olmaq bizim edə biləcəklərimizdən yalnız bir neçəsidir. Artıq tıxaclar gündəlik həyatımızın bir hissəsinə çevrilib. İnsanlar buna öyrəşməli və qəbul etməlidir”.

 

Ülkər Adurahmanlı


OXŞAR XƏBƏRLƏR