27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü
Fevralın 27-si Dünyada Beynəlxalq Qütb Ayısı Günü kimi qeyd olunur.
Sfera.az xəbər verir ki, Beynəlxalq Qütb Ayıları Gününün qeyd edilməsi ABŞ-nin Qütb Ayıları Beynəlxalq qeyri-kommersiya təşkilatının təşəbbüsüdür.
Bu təşkilat dünya qütb ayılarının populyasiyasını qorumaq və saxlamaq üçün səylər göstərir. Günün 27 fevral seçilməsi təsadüfi deyil. Çünki bu, qışın sonuna, balaları olan ayıların yuvalarında olduğu vaxta düşür və qütb ayısının həyatında ən həssas vaxt hesab olunur.
Günün rəsmi statusu olmasa da, bu gün üçün 2000-ci illərin sonlarından bütün dünyada qütb ayılarının qorunması tədbirləri keçirilir. Məsələn, təşkilatçılar Şimal yarımkürəsinin bütün sakinlərinə evlərinin istilik səviyyəsini azaltmağı və bununla da qlobal istiləşmə sürətini azaltmağı tövsiyə edir, çünki iqlim dəyişikliyi qütb ayılarının təbii yaşayış yeri olan Şimal Buzlu Okeanın buz örtüyünün azalmasına gətirib çıxarır.
Latın adı - ursus maritimus - "dəniz ayısı" mənasını verən qütb ayısı Yer kürəsinin ən böyük quru yırtıcılarından biridir. Erkəklər orta hesabla 2,5 metr uzunluğa və 400-600 kiloqram çəkiyə, bəziləri isə 800-900 kq-a çatır. Növün dişiləri daha kiçikdir. Onlar adətən 1,5-2 metr hündürlükdə və 150-300 kq ağırlığında olurlar. Heyvanlar yaxşı inkişaf etmiş eşitmə, görmə və iybilmə qabiliyyətinə malikdirlər, quruda 40 km/saata qədər sürətlə hərəkət edə bilirlər və -45 °C-dən aşağı temperatura dözürlər. Ömürləri orta hesabla 25-30 ildir.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN )qiymətləndirməsinə görə, dünyada təxminən 26.000 qütb ayısı var, lakin rəqəmi dəqiq demək mümkün deyil, çünki Arktika bölgəsinin əlçatmazlığı və heyvanların yerdəyişməsi monitorinqi mürəkkəbləşdirir. Qütb ayılarına Qrenlandiya adasında (Danimarkanın muxtar ərazisi), Norveçin Şimal Buzlu Okeanında Svalbard arxipelağında (keçmiş Şpitsbergen) və ABŞ-nin Alyaska ştatında, həmçinin Kanada və Rusiyada rast gəlinir. Yırtıcının 19 populyasiyası var, onların 60%-i Kanadada yaşayır.
Qütb ayısı nəsli kəsilməkdə olan canlıların Qırmızı Kitabına “həssas növlər” kimi daxil edilmişdir. Elm adamları iqlim dəyişikliyi ilə yanaşı kommersiya fəaliyyətini (məsələn, neft və qazın kəşfiyyatı və hasilatı), ətraf mühitin çirklənməsini və ovçuluğu qütb ayısı üçün əsas təhlükələr hesab edirlər. Proqnozlara görə, yaşayış mühitindəki mənfi dəyişikliklər nəticəsində 2050-ci ilə qədər növlərin populyasiyası 30% azala bilər.
20-ci əsrin ortalarında ov səbəbilə qütb ayısının nəslinin kəsilmək təhlükəsi var idi. Beynəlxalq səviyyədə ilk dəfə olaraq bu növə diqqət 1954 və 1956-cı illərdə IUCN-nin IV və V Baş Assambleyalarında cəlb edilib və burada onun qorunmasının zəruriliyi müzakirə edilib. 15 noyabr 1973-cü ildə Norveçin paytaxtı Osloda Kanada, Danimarka, Norveç, Sovet İttifaqı və ABŞ hökumətləri qütb ayılarının mühafizəsi haqqında saziş imzalayıblar. Müqavilə kommersiya və idman məqsədləri üçün, eləcə də təyyarə və buzqıran gəmilərdən ayı ovuna tam qadağa qoyulmasını nəzərdə tutur.
16 oktyabr 2000-ci ildə Vaşinqtonda ABŞ və Rusiya hökumətləri Çukçi-Alyaska qütb ayıları populyasiyasının mühafizəsi haqqında saziş imzaladılar ki, bu da ağ ayıların ovlanmasını, vurulmasını, tutulmasını və ov dövriyyəsini tənzimləyir. Sənədə əsasən, yalnız yerli xalqlar ağ ayıları ovlamaq və tələyə salmaq hüququna malikdir.
Qrenlandiya və Kanadada qütb ayısının ovu üçün kvota sistemi mövcuddur. 2007-ci ildən Rusiyada Arktika kəndlilərinin və qərbdə Kolguev adasından Berinq adasına qədər yerləşən müşahidə məntəqələri şəbəkəsini özündə birləşdirən sahil meteoroloji stansiyalarının əməkdaşlarının iştirakı ilə sahil monitorinqini aparan "Ayı patrulları" fəaliyyət göstərir. Bundan əlavə, Rusiya 2030-cu ilə qədər Rusiyada qütb ayısının qorunması strategiyasını həyata keçirir.
Firuzə Əliyeva