2023-cü ilin oktyabrı tarixin ən isti ayı olub, BMT həyacan təbili çaldı – “Bizi fəlakət gözləyir”
Dünya ölkələrinin qalıq yanacaqlardan istifadə etməsi iqlim dəyişikliyini sürətləndirən əsas faktorlardan biridir. 2030-cu ildə qlobal qalıq yanacaq istehsalı 2015-ci il Paris iqlim sazişi çərçivəsində müəyyən edilmiş qaydalara uyğun hesab edilən səviyyədən iki dəfə çox olacaq.
Sfera.az bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının “Ətraf Mühit Proqramı”nın (UNEP) bir sıra digər təşkilatlarla birgə hazırladığı hesabatda deyilir.
151 ölkənin səlahiyyətlilərinin yaxın onilliklərdə sıfır istixana qazı emissiyasına nail olmaq vədinə baxmayaraq, hökumətlər 2030-cu ildə Paris iqlim razılaşması ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi istiləşmə həddi ilə müqayisədə təxminən 110% çox qalıq yanacaq istehsal etməyi planlaşdırır.
Hesabatda deyilir ki, 20 ölkədən heç biri istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaqla kömür, neft və qaz hasilatını azaltmağı öhdəsinə götürməyib.
Tezliklə kömür, neft və qaza tələbat pik həddə çatacaq
Ekspertlər həmçinin xəbərdarlıq edirlər ki, son proqnozlara görə, kömür, neft və qaza qlobal tələbat önümüzdəki onillikdə pik həddə çatacaq. Hökumət planları 2030-cu ilə qədər qlobal kömür hasilatını və 2050-ci ilə qədər qlobal neft və qaz hasilatını artıracaq.
Mütəxəssislərin fikrincə, ölkələrin 2030-cu ilə qədər hasil etməyi planlaşdırdıqları qalıq yanacaqların həcmi Paris iqlim sazişinə daxil olan 2 dərəcə Selsi həddindən nəzərəçarpacaq dərəcədə artıqdır.
Xatırladaq ki, 2015-ci ildə ölkələr tərəfindən qəbul edilmiş Paris Razılaşması istixana qazlarının emissiyalarını azaltmaq və onun vasitəsilə bu əsrdə qlobal temperaturun artımını 2 dərəcə Selsi ilə məhdudlaşdırmaq niyyətindədir.
BMT-nin Baş katibi Antonio Quterreş hesabatı belə şərh edib:
“Hökumətlər qalıq yanacaq istehsalını sözün əsl mənasında ikiqat artırır. Biz fövqəladə iqlim probleminin əsas səbəbini həll etmədən (qalıq yanacaqlardan asılılıq) nəyəsə nail ola bilmərik: Qalıq yanacaqlardan emissiyalar artıq iqlim xaosuna səbəb olur. Qalıq yanacaqlardan istifadə iqlim dəyişikliyini sürətləndirir və biz daha pis yoldayıq”- deyə BMT rəhbəri əlavə edib.
Səlahiyyətlilər qalıq yanacaq istehsalını dəstəkləyir
Hesabatda Avstraliya, Braziliya, Kanada, Çin, Almaniya, Hindistan, Qazaxıstan, Meksika, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və ABŞ daxil olmaqla 20 ən böyük qalıq yanacaq istehsal edən ölkələr üzrə yeni məlumatlar təqdim edilir.
Məlum olduğu kimi, adları çəkilən ölkələrin əksəriyyətinin hökumətləri bu cür yanacaqların istehsalına əhəmiyyətli siyasi və maliyyə dəstəyi verməkdə davam edirlər.
Hesabatın aparıcı müəllifi və Stokholm Ətraf Mühit İnstitutunun sözçüsü Ploy Açakulvisut:
“Biz aşkar etdik ki, bir çox hökumətlər əsas keçid yanacağı kimi qalıq yanacaq istifafəsini dəstəkləyir, lakin onları mərhələli şəkildə ləğv etmək üçün aydın planları da yoxdur"-deyə bildirib.
"Ancaq elm deyir ki, biz 1,5 dərəcə Selsi hədəfinə nail olmaq üçün təmiz enerjinin həcmini artırmaq, bütün mənbələrdən metan emissiyalarını azaltmaq və digər iqlim tədbirləri ilə paralel olaraq, kömür, neft və qazın qlobal hasilatını və istifadəsini azaltmağa indi başlamalıyıq"-Ploy Açakulvisut əlavə edib.
Bəşəriyyətin gələcəyi şübhə altındadır
Hesabat müəllifləri qeyd edirlər ki, təxminən 90%-i qalıq yanacaq istifadəsindən qaynaqlanan qlobal karbon qazı emissiyaları 2021-2022-ci illərdə rekord səviyyəyə yüksəlib. Bu emissiyalar artdıqca, iqlim dəyişikliyi də sürətlənir.
Beləliklə, 2023-cü ilin iyul ayı rekord həddə ən isti ay olub. Bu, son 120.000 ilin ən isti ayı olub. Quraqlıqlar, isti dalğalar, meşə yanğınları, qasırğalar və daşqınlar insanların həyatına son qoyur və geniş dağıntılara səbəb olur.
UNEP-in icraçı direktoru İnger Andersen:
"Hökumətlərin qalıq yanacaq istehsalını genişləndirmək planları xalis sıfır emissiyaya nail olmaq üçün lazım olan enerji keçidini pozur və bəşəriyyətin gələcəyini şübhə altına alır"-deyə bildirib.
2023-cü ilin oktyabr ayı tarixdə ən isti ay olub
Klimatoloqlar ötən ilin oktyabrında yeni temperatur rekordları qeydə alıblar. 2023-cü ilin ən isti il olacağı ehtimalı yüksəkdir. 2023-cü ilin oktyabr ayında Yer kürəsində orta hava temperaturunun göstəricisi 15,3 °C olub. Bu, 1991-2020-ci illərin oktyabr ayı üçün orta göstəricidən 0,85 °C və bu ay üçün 2019-cu ilin oktyabrında müəyyən edilmiş əvvəlki rekorddan 0,4 °C yuxarıdır. Statistika Avropa iqlim dəyişikliyinin monitorinqi xidməti “Copernicus Climate Change Service” (C3S) tərəfindən təqdim edilib.
Agentlik həmçinin qeyd edib ki, oktyabrda qlobal orta temperatur sənayedən əvvəlki dövrdə (1850-1900) ikinci payız ayına nisbətən 1,7 °C yüksək olub. Bu, 2015-ci il Paris iqlim sazişində iştirak edən ölkələrin daxilində qalmağa söz verdiyi 1,5 °C istiləşmə limitindən iki dəfə yüksəkdir. Onu da qeyd edək ki, müqavilə bir ili deyil, orta illik temperaturun 20-30 ilini nəzərdə tutur. Lakin bu, iqlimin gözlənildiyindən daha sürətlə dəyişdiyini təsdiqləyir.
Bundan əlavə, 2023-cü ilin oktyabrında Atlantik okeanının yuxarı təbəqələrinin orta temperaturu üzrə 20,79 °C ay ərzində rekord qeydə alınıb.
C3S həmçinin 2023-cü ilin yanvar-oktyabr aylarında orta qlobal temperaturun tarixdə ən yüksək olduğunu bildirib. Bu, 1850-1900-cü illərin əvvəlki orta göstəricisindən 1,43°C, 2016-cı ilin on aylıq orta göstəricisindən 0,1°C yuxarı olub ki, bu da indi ən rekord hədd hesab olunur.
Aynil