Tənhalıq epidemiyası: Qadınlar özlərini daha çox tənha hiss edir - SORĞU

Meta-Gallup-un yeni sorğusunun nəticələri dünyada təxminən hər dörd yetkin insandan birinin özünü çox tənha hiss etdiyini ortaya qoyub.
Sfera.az CNN-ə istinadən xəbər verir ki, sorğu 142 ölkədə 15 yaş və daha yuxarı yaşda olan insanlar arasında aparılıb.
Sorğunun nəticələrinə görə, yeniyetmələrin 24%-i özünü çox və ya kifayət qədər tənha hiss etdiyini bildirib.
Sorğu həmçinin müəyyən edib ki, tənha hissetmə nisbətləri gənclərdə daha yüksəkdir. 19-29 yaş arası gənclərin 27%-i özlərini çox və ya kifayət qədər tənha hiss etdiklərini bildiriblər. Ən aşağı göstəricilər yaşlı insanlarda olub. 45 yaş və daha yuxarı olan böyüklərin yarısından çoxu özlərini heç tənha hiss etmədiklərini, 65 və daha yuxarı yaşda olan insanların isə yalnız 17%-i özlərini tənha hiss etdiklərini bildiriblər.
“Yaşlılar arasında tənhalığın və sosial təcridin təhlükələrinə işarə edən çoxlu araşdırmalar var” deyən “Gallup”un baş tədqiqat məsləhətçisi Ellin Maese bildirib ki, bu sorğu tənhalığın təkcə qocalma problemi olmadığını ortaya çıxarıb. Çünki tənhalıq hissi hər yaşa aid bir problemdir.
Maese kişilər və qadınlar arasındakı tənha hissetmə faizi məsələsinə də toxunub. O bildirib ki, sorğunun keçirildiyi 142 ölkədən 79-da qadınlarda tənhalıq hissi kişilərdən daha çoxdur.
Yalnızlıq epidemiyası
2022-ci ilin iyunundan 2023-cü ilin fevralına qədər hər ölkə üzrə təxminən 1000 insan telefon zəngləri və üz-üzə sorğular vasitəsilə sorğuda iştirak edib. Sorğunun nəticələrinə görə, bu ölkələrin əhalisi dünya üzrə əhalinin təxminən 77%-ni təşkil edir.
İsrailin Or Yehuda şəhərindəki Akademik Tədqiqatlar Mərkəzinin dosenti, klinik psixoloq doktor Ami Rokaç müsbət cavab verənlərin sayının az olmasına əvvəlcə təəccüblənib. Ancaq tənhalıq təcrübəsini tədqiq edən Rokaç dünyada özünü tənha hiss edən insanların, xüsusən də gənclərin sayının bildiriləndən daha yüksək olduğu qənaətinə gəlib. O, Gallup sorğusunun nəticələrini doğru hesab etməyib.Torontodakı York Universitetinin psixologiya şöbəsində də dərs deyən Rokaç yetkinliyə keçid mərhələsində olan gənclərin həyatın bir çox sahələrində daha çox qeyri-müəyyənlik yaşadıqlarını bildirib.
Aynil Camal