İngiltərəlilər estetik əməliyyat üçün niyə Türkiyəyə gedirlər? - MARAQLI ARAŞDIRMA

İngiltərəlilər estetik əməliyyat üçün niyə Türkiyəyə gedirlər? - MARAQLI ARAŞDIRMA

2022-ci ildə 1,2 milyondan çox əcnəbi tibbi prosedurlar üçün Türkiyəyə səfər edib.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki, bunun böyük əksəriyyəti kosmetik prosedurlar olub. Məlumata görə, səfər edən şəxslər arasında isə britaniyalıların nisbəti daha sürətlə artır. Ötən il təxminən 150 min britaniyalı Türkiyəyə gedib. Qeyd olunub ki, hazırda tibbi turizm Türkiyəyə hər il 2 milyard funt-sterlinq gəlir gətirir.

 

Ötən il Antalyada 1000-ə yaxın ingiltərəli xəstəni müalicə edən, “Formedi” klinikasının meneceri və sahibi Çağatay Tekgüzel nəşrə açıqlamasında bunları deyib:

 

“Hər bir tibbi turist burada standart bir turistdən üç dəfə çox xərcləyir. Britaniyalıların sayı isə illik müqayisədə 20 faizdən çox artıb. Müalicə siyahısında saç transplantasiyası və kosmetik stomatologiya birinci yerdədir. Ardınca lazer-göz korreksiyası, arıqlama əməliyyatı (adətən mədənin yarısının çıxarılması) və klassik cərrahi düzəlişlər: burun, sinə əməliyyatı,  üz liftinqləri və.s gəlir. Kosmetik əməliyyatlar üçün İstanbula üz tutanlar daha çoxdur, Antalya iki nömrəli ev sahibidir və sürətlə inkişaf edir”.

 

Mütəxəssis qeyd edib ki, ingiltərəlilərin Türkiyəyə axın etməsinin əsas səbəbi əməliyyatların ucuz başa gəlməsidir:

 

“Məsələn, Böyük Britaniyada rinoplastika (burun əməliyyatı) təxminən 6,200 funt sterlinqdən başlayır, sinə implantları təxminən 7000, tam 4500 follikuldan saç transplantasiyası 9000 funt-sterlinqə və yeni diş dəsti ən azı 12000 funt-sterlinqə başa gələ bilər”.

 

Nəşr həmçinin qeyd edib ki, bəzi Böyük Britaniya müştəriləri üçün buraya gəlmə səbəbi təkcə Türkiyənin ucuz olması deyil. Onlar həm də bəzi türk klinikalarının daha mühafizəkar və ya məsuliyyətli olduğunu düşünür:

 

“Antalya üç növ ingilis xəstəni cəlb edir. Bəziləri birdəfəlik, orta yaş kosmetik prosedurlar üçün buradadır: facelift, yeni dişlər, saç implantları. Digərləri, əvvəlki prosedurun mənfi nəticələrini düzəltmək üçün geri qayıdırlar - əksər hallarda mədə kiçiltmə əməliyyatından sonra çox çəki itirmiş və boş dərinin çıxarılmasına ehtiyacı olanlar. Bir neçəsi isə Türkiyənin aşağı qiymətləri və müştəri seçiminə daha liberal yanaşması sayəsində buradadırlar”.

 

Yazıda həmçinin, Türkiyənin tarixi estetik cərrahiyyə mirasının olduğu xatırladılıb: “15-ci əsrin qabaqcıl tibb dərsliyində Osmanlı həkimlərinin 600 il əvvəl göz qaldırma kimi prosedurları həyata keçirdiyi göstərilir”. Bildirilib ki, sözügedən klinikalar müştərilərinin əksəriyyətini sosial media vasitəsilə əldə edirlər: yəni rəylər, videokliplər və əvvəlki müştərilərin “Facebook”, “Instagram” və “TikTok”dakı paylaşımları vasitəsilə.

 

“The Telegraph” qeyd edib ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ildən bəri ölkəyə tibbi turizm səfərləri nəticəsində ümumilikdə 22 britaniyalı həyatını itirib:

 

“2018-ci ildə Türkiyənin səhiyyə nazirliyi beynəlxalq xəstələri müalicə edən klinikaların lisenziyalaşdırma prosedurundan keçməsini tələb edən qaydalar tətbiq edib. Lakin Antalyada ziyarət etdiyimiz hər bir klinika və xəstəxana - istər dövlət, istərsə də özəl – təmiz və əla təchizatlıdır. Həkimlər kosmetik prosedurlar üçün ölüm nisbətinin Türkiyədə başqa yerlərdən yüksək olmadığını iddia edirlər. Əksər klinikalar tam ilkin ödənişi nağd şəkildə tələb edir – yalnız avro və ya sterlinq. Lakin belə prosedurların bu qədər ucuz olmasının bir neçə səbəbi var və onlardan bir neçəsi bir qədər qaranlıqdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR