SSRİ “KQB”-si haqqında bilmədiklərimiz – Planetin ən qorxunc təşkilatlarından biri necə yaranıb?

SSRİ “KQB”-si haqqında bilmədiklərimiz – Planetin ən qorxunc təşkilatlarından biri necə yaranıb?

Sovetlər və ya Soyuq Müharibə dedikdə ağla gələn ilk mövzulardan biri  “Komitet Gosudarstvennoy Bezopasnosti” və ya tanış abreviaturu ilə “KQB”-dir – Yəni SSRİ Dövlət Təhlükəsizlik Xidməti...

 

Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti olan “KQB” (DTK) soyuq müharibənin sonuna qədər dünyanın bir çox yerində fəaliyyət göstərib. Bəzən uğurlu, bəzən də uğursuz olan yüzlərlə “KQB” əməliyyatı bu gün də bir çox kitab və ya film ssenarisinə mövzu olmağı bacarıb. Bu gün çoxları Sovet İttifaqının dağılmasından sonra “KQB”nin yoxa çıxdığını düşünsə də, reallıq bir az fərqlidir.

 

Sfera.az bildirir ki, bu qurumun mənşəyi Oktyabr İnqilabından qısa müddət sonra qurulan və Feliks Edmundoviç Dzerjinskinin rəhbərlik etdiyi “ÇK”ya (Çerezvıçaynaya Komissiya – Fövqəladə Komissiya) dayanır. İnqilabdan dərhal sonra köhnə nizamın qalıqlarını məhv etməyi və yeni nizamın təhlükəsizliyini təmin etməyi qarşısına məqsəd qoyan bolşeviklərin güclü təşkilata ehtiyacı var idi. Sovetin ilk kəşfiyyat və təhlükəsizlik orqanı olan “ÇK”nın yaradılması ilə bu ehtiyac tezliklə ödəndi. Bununla da “KQB”yə doğru ilk addımlar atıldı.

 

“İnqilabın qılıncı və qalxanı”

 

1917-ci ildə Sovet İttifaqının qurucusu Vladimir Leninin və qısa müddət sonra Feliks Dzerjinskinin verdiyi fərmanla yaradılmış “ÇK”nın “imperializm casuslarını”  aradan qaldırmaq üçün istifadə etdiyi ən təsirli üsul repressiya idi. Leninə çox yaxın olan “Dəmir Feliks” ləqəbli Dzerjinskinin işçiləri “çekist” adlandırılırdı. “İnqilabın qılıncı və qalxanı” olaraq təyin olunan “ÇK”nın başçısı “Dəmir Feliks”ə isə  “inqilabın ürəyi” deyirdilər. Dzerjinski Leninə onun tabutunu daşıya biləcək qədər yaxın olan adlardan biri idi. Bolşevik inqilabının “sadiq” simalarından biri olan, çar dövründə tez-tez həbs edilən Feliks çekistləri “mehriban, soyuqqanlı və cinayətə qarışmayan” kimi xarakterizə edirdi.

 

 

Daha sonra “KQB”nin simvolu olan qılınc və qalxan dizaynı da “Dəmir Feliks” tərəfindən hazırlanıb. “ÇK”nın yaranma tarixi olan 20 dekabr Rusiya kəşfiyyatı üçün hər zaman mühüm gün olub. Həmin tarix hazırda Rusiyada “Təhlükəsizlik Xidməti İşçiləri Günü” kimi qeyd olunur.

 

Altı fərqli ad...

 

“KQB”nin ən böyük simvollarından biri olan və təşkilatın qərargahı kimi istifadə edilən Lubyanka binası əvvəl sığorta şirkətinin qərargahı kimi istifadə edilib. İnqilabdan sonra ələ keçirilən bina sovet kəşfiyyatının qərargahına çevrildi. Sovet İttifaqı dağılana qədər Lubyankanın qarşısında nəhəng “Dəmir Feliks” heykəli var idi. SSRİ dağılma mərhələsinə qədəm qoyduğu üçün Moskva küçələrində keçirilən kütləvi etiraz aksiyaları zamanı heykəl fəallar tərəfindən dağıdıldı.

 

“ÇK”nın “KQB”yə çevrilməsi prosesi isə kifayət qədər ağrılı və çətin olub. Sovet sistemini hər cür daxili və xarici təhlükələrdən qorumaq vəzifəsini daşıyan təşkilat “KQB” adını almamışdan qabaq əvvəl dəfələrlə ad dəyişib- ÇK, GPU, OGPU, NKVD, MGB və KQB...

 

“Durğun şizofreniya” dönəmi...

 

Stalinin ölümündən sonra Sovet İttifaqına başçılıq edən Nikita Xruşşovun ölkəni 30 il totalitar siyasətlə idarə edən İosif Stalin dövrünün izlərini silmək üçün atdığı addımlar Rusiya kəşfiyyatına da təsir etdi  və gizli xidmət “Komitet Qosudarstvennoy Bezopasnosti” (Dövlət Təhlükəsizlik Komitəsi) adlandırıldı. Xruşşov sələfinin təcrübələrini tənqid etdikdən sonra "islahat" kimi müəyyən ediləcək qaydalar qəbul edildi. Qaydalar çərçivəsində “KQB” də müəyyən qaydalarına qismən son qoydu. Belə ki, qurum müxalifət xadimlərinə qarşı repressiyaları qismən dayandırdı və xaricdə sui-qəsdlər əhəmiyyətli dərəcədə azaldı. Yeni dövrlə birlikdə “KQB” daha az “əzab çəkdirmək” üsulundan istifadə etməyə başladı. Lubyankanın aşağı mərtəbələrindəki kameralara düşənlərə “durğun şizofreniya” diaqnozu qoyulmağa başladı. Yəni Sovet rejiminə qarşı çıxan adların əslində psixi cəhətdən sağlam olmadığını göstərmək üçün müxtəlif təbliğat işləri aparıldı. “Durğun şizofreniya” diaqnozu qoyulan minlərlə insan bütün hüquqlarından məhrum edilərək “Psixuşka” adlı psixiatriya xəstəxanasına göndərildi. Bu təcrübə 1969-cu ildə “KQB” rəhbəri Yuri Andropov tərəfindən rəsmiləşdirildi.

 

Addım-addım uçuruma...

 

Təqvimlər 1982-ci il noyabrın 12-ni göstərəndə Sovet İttifaqı yavaş-yavaş parçalanırdı. Leonid Brejnevin ölümündən sonra Yuri Andropov “liderlik kürsüsü”nə oturdu və ilk dəfə “KQB”yə rəhbərlik edən şəxs Sovet İttifaqının rəhbəri oldu. Onun rəhbərlik etdiyi “KQB” isə Qərbə qarşı ən aqressiv mövqedə dayanmışdı. Andropovun SSRİ-yə rəhbərlik etdiyi 15 aylıq dövrdə “KQB” xüsusilə Rusiyadan başqa digər Sovet Respublikalarında mümkün anti-rejim aksiyalarının yatırılmasında iştirak etdi. Andropovdan sonra Konstantin Çernenko 13 ay Sovet İttifaqı Kommunist Partiyasının baş katibi oldu, sonra isə ölkənin sonuncu lideri Mixail Qorbaçov hakimiyyətə gəldi. Ölkənin ən mürəkkəb dönəmində lider olmuş Qorbaçovun bir-birinin ardınca atdığı islahatçı addımlara görə bir çox böyük şəhərlərdən, xüsusən də Moskvadan etiraz xəbərləri gəlməyə başladı. 1991-ci ilə qədər Sovet İttifaqının dağılması an məsələsi idi. Birliyin tabutuna son mismarlardan birini vuranlar arasında “KQB” adı da var idi. Qorbaçovun islahat addımlarının düzgün olmadığını düşünən “KQB”rəhbəri Vladimir Kryuçkov 1991-ci ildə SSRİ prezidentinə qarşı dövlət çevrilişi etmək qərarına gəldi. Kryuçkov və tərəfdarları Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmağa müvəffəq olsalar da, Sovet İttifaqı geri dönüşü olmayan bir nöqtəyə çatmışdı. Xalqın küçələrə axışması nəticəsində “KQB” çevrilişi uğursuz oldu. Qurumun fəaliyyətinə 6 dekabr 1991-ci ildə xitam verildi və iki fərqli təşkilata çevrildi. Bu dəyişiklikdən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yarandı. Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun 1991-ci il dekabrın 25-də istefa verməsindən sonra dekabrın 26-da Sovet İttifaqı rəsmən dağıldı.

 

Qeyd edək ki, “KQB” ötən il Ukrayna-Rusiya arasında alovlanan gərginliklə yenidən gündəmə gəldi. Rusiya prezidenti Vladimir Putinin Berlin divarı yıxılanda Şərqi Almaniyada “KQB”də çalışdığı və 16 il gizli xidmətdə xarici kəşfiyyatçı vəzifəsində olduğu xatırladıldı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR