Leonardo da Vinçi cazibə qüvvəsini İsaak Nyutondan əvvəl kəşf edib? – Alimlər şokdadır - FOTO

Leonardo da Vinçi cazibə qüvvəsini İsaak Nyutondan əvvəl kəşf edib? – Alimlər şokdadır - FOTO

İtalyan rəssamı və ixtiraçısı Leonardo da Vinçinin 1500-cü illərdə qələmlə çəkdiyi rəsmlərdə yerin cazibə qüvvəsinə işarə etdiyi üzə çıxıb. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, bu isə 1600-cü illərdə cazibəni kəşf edərək tarixə adını qızıl hərflərlə yazdıran ingilis riyaziyyatçısı İsaak Nyutondan çox daha əvvəl Leonardo da Vinçinin qravitasiya qüvvəsindən xəbərdar olması deməkdir. 

 

Mütəxəssislər Da Vinçinin qravitasiya sabitini 97 faiz dəqiqliklə hesabladığını bildirirlər. ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun (Caltech) tədqiqatçıları onun qeyd dəftərlərini yenidən nəzərdən keçiriblər. Nəticədə məşhur ixtiraçının cazibə qüvvəsini bir növ sürətlənmə kimi göstərən təcrübələr apardığı ilə bağlı eskizlər tapılıb. 

 

Tədqiqatçılar Da Vinçinin cazibə qüvvəsini tam şəkildə izah etməsinə mane olan yeganə şeyin istifadə etdiyi məhdud alətlər olduğuna inanırlar. Onun cisimlərin düşdüyü vaxtı dəqiq ölçmək üçün uyğun aləti yox idi. 


Qalileo Qaliley 1604-cü ildə təklif edir ki, düşən cismin qət etdiyi məsafə keçən zamanın kvadratına mütənasibdir. 17-ci əsrin sonlarında isə Nyuton cisimlərin bir-birini necə cəlb etdiyini izah edən universal cazibə qanununu işləyib hazırlayır. Belə ki, o, 1666-cı ilin yayında düşən almanı müşahidə etdikdən sonra cazibə nəzəriyyəsi ilə bağlı "evrika" anı yaşayır.

 

Physics.org saytında dərc olunan tədqiqatın aparıcı müəllifi Mori Qarib Da Vinçinin bu məsələ ilə bağlı eskizlərinə ilk dəfə onun elm, incəsənət və şəxsi məsələlərini əhatə edən məqalələr toplusu “Codex Arundel”də rast gəlib. 

 

"Da Vinçinin qeydləri bir cisim atılan zaman onun sabit bir sürətlə düşməyəcəyini açıqlayır" – M.Qarib deyir. 

 

Digər tərəfdən, Da Vinçi eskizlərdə görünən bu sürətlənməni riyazi şəkildə təsvir etməyə çalışsa da, hədəfi tam vura bilməyib. Tədqiqatçılar Da Vinçinin apardığı “küp təcrübəsi”ni həyata keçirmək üçün kompüter modelləşdirməsindən istifadə edərək onun harada səhv etdiyini də artıq tapıblar.

 

Tədqiqatın həmmüəllifi Kris Roh daha da maraqlı bir məqama toxunub:

 

“Biz sonradan öyrəndik ki, Da Vinçi səhv hesabladığı tənliklərdən düzgün istifadə edib. Onun daha çox təcrübə apardığını və ya bu məsələni daha dərindən araşdırıb-araşdırmadığını bilmirik. Amma 1500-cü illərin əvvəllərində problemi bu şəkildə həll etməyə çalışması dahi ixtiraçının düşüncəsinin nə qədər irəlidə olduğunu göstərir".

 


 
Lalə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR