Sərt diktatorun bəxtsiz oğlu – Stalin alman əsirliyində öldürülən Yakovu niyə sevmirdi?

Sərt diktatorun bəxtsiz oğlu – Stalin alman əsirliyində öldürülən Yakovu niyə sevmirdi?

İkinci Dünya Müharibəsi böyük dağıntılarla yanaşı, həm də faciəli insan hekayələrinə səbəb olub. Onlardan biri də Sovet İttifaqının sərt lideri olan İosif Stalinin böyük oğlu Yakov Cuqaşvilinin hekayəsidir.

 

Sfera.az bu dəfə Stalinin oğlu ilə bağlı maraqlı məqamları araşdırıb.

 

Kiçik yaşlarından atası ilə münasibət qurmaqda çətinlik çəkən Yakov faşistlərə əsir düşəndə də ondan kömək ala bilmədi. Halbuki Stalin oğluna bir az sevgi hiss etsəydi, bəlkə də həyatını xilas edə bilərdi.

 

Nasistlərin həbs düşərgəsində həlak olan Yakov Cuqaşvili kim idi?

 

Yosif Visaryonoviç Cuqaşvili (Stalin) bolşevik inqilabı üçün ürəkdən işləyir, ailəsinə və Yakova laqeyd davranırdı. Oğlunun doğulduğu il (1907) bank soyan Yosif bolşeviklərin lideri olan Leninin diqqətini çəkməyi bacardı və kommunist hərəkatında daha çox rol almağa başladı. Amma çar polisi onun arxasınca düşmüşdü. Bu səbəbdən Yosif Visaryonoviç ailəsini Bakıya qaçıraraq inqilabi fəaliyyətini davam etdirdi. Həmin dönəmdə Yakov Cuqaşvili hələ bir yaşına çatmamış anasını itirdi, onun ailəsi və bibisi tərəfindən böyüdüldü. Yosif Visaryonoviç Cuqaşvili isə bolşevik hərəkatının mühüm simalarından birinə çevrildi və adını “Polad adam” mənasını verən “İosif Stalin” olaraq dəyişdirdi.

 

Yakov atasını 14 yaşına kimi görmədi. Özü də ata sevgisindən məhrum böyüyən Stalin nümunəvi ata deyildi. Bu səbəbdən, Yakovun Stalinlə keçirdiyi vaxtların çoxu fiziki və mənəvi zorakılıqdan başqa bir şey deyildi. İş o yerə çatdı ki, İosif oğlunun soyadını “Stalin” qoymasına belə icazə vermədi. Üstəlik, Yakov Stalinin ikinci arvadından olan uşaqlarına daha yaxşı münasibətini görərək böyüdü. 

 

Atası ilə olan münasibəti onu intihara sürüklədi...

 

Sovet lideri siyasi rəqibləri kimi oğluna qarşı da amansız idi. Bəzi tarixçilər Stalinin oğluna olan qəzəbinin onun anasına bənzəməsindən qaynaqlandığını iddia edirlər. Sevdiyi qadının ölümünü qəbul edə bilməyən Stalin Yakovda onu görür və buna görə əsəbiləşirdi. Problemli ata-oğul münasibətləri Yakovu 1920-ci illərin sonlarında intihara cəhd etməyə vadar etdi. Belə ki, Yakov Zoya Qunina adlı qadınla evlənmək istəyirdi. Gənc qadının pravoslav keşişinin qızı olması isə Stalin üçün qəbuledilməz idi. Onlar evlənmək qərarını elan edəndə Stalin qəzəbləndi. Atasını sakitləşdirə bilməyən Yakov silahını ürəyinə tuşlayıb atəş açdı. Xoşbəxtlikdən güllə onun ürəyinə deyil, ciyərlərinə dəydi. Bəzi tarixçilər iddia edirlər ki, bu hadisədən sonra Stalin oğluna baxıb “bunu belə bacarmadın!” deyib.

 

 

Müalicə alaraq sağalan Yakovun atası ilə münasibəti sağalmamaq üzrə bir daha zədələndi. Digər tərəfdən, Yakov Cuqaşvili Stalinin müqavimətinə rəğmən, Zoya ilə evləndi. Amma bu evlilik gənc cütlüyə xoşbəxtlik gətirmədi. Doğulandan qısa müddət sonra qız övladını itirən Yakovun Zoya ilə münasibəti korlandı və cütlük evləndikdən 2 il sonra ayrıldı.

 

Oğlunun vətənə xəyanət etdiyini düşünürdü...

 

Yakov 1941-ci ildə Stalinin təkidi ilə Qırmızı Orduya qoşulur. Halbuki orduya getməzdən əvvəl o, mühəndis işləyirdi. Qısa hərbi təlimdən sonra Yakov xidmətə başladı və leytenant rütbəsi ilə cəbhəyə yollandı. O, həqiqi mənada hərbçi olmasa da, Stalin onun ön cəbhə xəttində döyüşməsini istəyirdi. 1941-ci il iyulun əvvəlində Cuqaşvili və onun 20-ci ordudan olan əsgərləri Belarusda nasist qoşunları tərəfindən əsir götürüldü. Bəzi sovet əsgərləri Cuqaşvilinin əsl kimliyini nasistlərə xəbər verdilər. Buna görə gənc leytenant aparıldığı həbs düşərgəsindən qaçmağa çalışsa da, buna nail ola bilmədi. Beləliklə, Stalinin ilk övladının əsirlik günləri başladı. Nasistlər Stalinin oğlunu təbliğat vasitəsi kimi görür və onunla yaxşı rəftar edirdilər. Sovet əsgərləri üçün hazırlanan təbliğat plakatlarında Cuqaşvilinin fotoşəkilləri tez-tez yer alırdı. Almanlar Yakov Cuqaşvilinin könüllü olaraq silahı yerə qoyması və bundan kifayət qədər məmnun olması yalanını yayırdı. Əvvəllər Stalin də buna inanır, oğlunun vətənə xəyanət etdiyini düşünürdü. Lakin hadisənin detallarını öyrənəndən sonra bunun bir yalan olduğunu başa düşdü.

 

 

Hitlerin təklifini rədd etdi!

 

Adolf Hitler İosif Stalinə Stalinqrad şəhərində Sovet qoşunları tərəfindən əsir götürülən alman feldmarşalı Fridrix Paulus və Yakov Cuqaşvilinin mübadiləsini təklif etdi. Lakin Sovet İttifaqının sərt lideri bu təklifi qəbul etmədi və “marşal və leytenantları dəyişdirmək olmaz”, - deyə bildirdi. Beləliklə, Cuqaşvilinin əsirlikdən qurtulması mümkünsüz oldu. Bundan əlavə, Cuqaşvili nasistlərin qara təbliğatına alət olmaq istəmirdi, nəticədə ona münasibət də sərtləşmişdi. O, 1943-cü il aprelin 14-də əsir düşdüyü həbs düşərgəsində həlak oldu.

 

Cuqaşvilinin həmin vaxt necə öldüyü ilə bağlı müxtəlif iddialar irəli sürüldü. Nasistlər Cuqaşvilinin meyitinin fotoşəkilləri ilə yanaşı, onun düşərgədən qaçmaq istəyərkən öldürüldüyünü bəyan etdilər. Lakin sonradan aparılan geniş araşdırmalar nəticəsində Cuqaşvilinin faşistlər tərəfindən güllələnməmişdən əvvəl öldüyü ehtimalı ortaya çıxdı. Yəni Yakov əsir saxlandığı konslagerdən qaçmaq ümidini itirdikdən sonra intihar etmiş ola bilərdi. Bəzi ekspertlər hesab edirlər ki, Stalinin Hitlerin təklifindən imtina etməsi Cuqaşvilini psixoloji məhvə sürükləmiş ola bilər.

 

İosif Stalin isə oğlunun ölüm xəbərini aldı, lakin təfərrüatlardan xəbəri yox idi. Hətta o, müharibədən sonra bu hadisə barədə məlumat verəcək hər kəsə 250.000 dollar mükafat vəd etdi, lakin oğlunun ölümünün təfərrüatlarını heç vaxt bilmədi. Stalin ancaq oğlunun almanlar tərəfindən güllələndiyini bilirdi. Yakov Cuqaşvili isə 1977-ci ildə I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edildi...

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR