Qərb ölkələri Çinə qarşı birləşdilər - Xəbərdarlıq edildi

Qərb ölkələri Çinə qarşı birləşdilər - Xəbərdarlıq edildi
"Beynəlxalq aləmdə yeni qalmaqal yaşanır. ABŞ, Böyük Britaniya və NATO Çini "Microsoft” şirkətinin serverlərinə genişmiqyaslı kiber hücumlarda ittiham edib”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, söhbət dünya üzrə təxminən 4 milyon serveri əhatə edən hücumdan gedir:

"Aparılan təhqiqatlar nəticəsində hücumların arxasında Çin Təhlükəsizlik Nazirliyinin dayandığı bəlli olub. Amerikalı mütəxəssislər hesab edirlər ki, Çinin Təhlükəsizlik Nazirliyi bu işdə dünyadakı kiber cinayətkarların "əməyindən” istifadə edib, hücumlar onlarla imzalanan müqavilələr əsasında təşkil edilib. ABŞ rəsmiləri hadisəylə bağlı çinli həmkarlarıyla təmasa keçərək bu siyasətin kiber müstəvidə təhlükəsizliyə ciddi təhdid olduğunu Pekini anlatmağa çalışıblar. Eyni açıqlama Avropa İttifaqından gəlib. Brüssel də mövcud durumdan ciddi şəkildə narahatdır. 

Məsələ burasındadır ki, "Microsoft” serverlərinə hücum dünya üzrə 60 min şirkətə zərər vurub. Bunların içərisində xeyli Avropa şirkəti də var. Şirkətin özü ona hücum edən Çinin haker qrupunun adını hallandırıb: Hafnium.  Baş verən hadisə Böyük Britaniyanı da ciddi narahat edib. Bu ölkənin xarici işlər naziri Dominik Raab "Microsoft” şirkətinə hücumu ciddi təhdid adlandırıb”.

E.Şahinoğlu qeyd edib ki, Çinin kiber hücumları ilə bağlı qalmaqallar keçmiş illərdə də qeydə alınıb:

"Norveç də Çini ittiham edib. Sözügedən ölkənin xarici işlər naziri bildirib ki, bu ilin mart ayında ölkə parlamentinin internetinə kiberhücumların arxasında çinli hakerlər dayanıblar. O, bu qənaətə kəşfiyyat məlumatları ilə tanış olduqdan sonra gəldiyini deyib. Oslo Pekinə bu siyasətdən əl çəkməsiylə bağlı xəbərdarlıq edib. Çinin Oslodakı səfiri Norveç Xarici İşlər Nazirliyinə dəvət edilib.  Beləliklə, Qərb ölkələri Çinə qarşı birləşiblər. Qərb ölkələrinin tamamı hesab edir ki, Çin haker hücumlarından əl çəkmir və bu internet məkanı üçün böyük təhlükə yaradır. ABŞ-la Avropa İttifaqı arasında Çinin artan iqtisadi fəaliyyəti ilə bağlı fərqli yanaşmalar olsa da, kiber hücumlar məsələsində Vaşinqtonla Brüsselin baxışları üzt-üstə düşür və hər ikisi bu işin arxasında Pekinin dayandığına əmindirlər. 

Pekin isə bütün ittihamları rədd edir, ancaq faktlar, dəlillər və araşdırmalar Çini göstərir. "Microsoft” şirkəti konkret haker şirkətinin ünvanını da yayımlayıb. Görünür, 2035-ci il üçün dünyanın supergücünə çevrilməyi qarşısına məqsəd qoyan Çin texnologiyalar yarışında da birinci olmaq istəyir və bu yarışda bütün "alətlərdən” istifadə edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR