Sürətli moda sənayesi “yaşıl gələcəy”i ciddi qəbul edirmi? – Brendlərin atacaqları addımlar

Sürətli moda sənayesi “yaşıl gələcəy”i ciddi qəbul edirmi? – Brendlərin atacaqları addımlar

“Vogue” pərakəndə satıcıların - “Zara”dan “H&M”ə və “Asos”a qədər - karbon emissiyalarını azaltmaq, eləcə də təkrar emal olunmuş tekstil məhsullarından istifadə də daxil olmaqla daha yaşıl gələcək üçün necə işlədiyini və bu təşəbbüslərin nə dərəcədə effektiv olduğunu nəzərdən keçirib.

 

Sfera.az xəbər verir ki, sürətli modanın səbəb olduğu ətraf mühit və etika problemləri heç kimə sirr deyil və onlar son illərdə daha da artıb.

 

“McKinsey”in hesabatına görə, hazırda dünyada ildə 100 milyarddan çox geyim istehsal edilir. Bütövlükdə moda sənayesi hər il atılan 92 milyon ton tullantıdan məsuldur. Bu arada, 2017-ci ilin hesabatları göstərdi ki, mikroplastik çirklənmənin 35 faizi sintetik tekstil məmulatlarının yuyulmasından qaynaqlanır və bunun çoxunu sürətli moda markaları istehsal edir. Pərakəndə satıcılar indi problemləri həll etmək üçün səylərini artırmağa başlayıblar.

“Zara”nın sahibi “Inditex” pambıq, kətan və polyesterin 100 faizinin 2025-ci ilə qədər davamlı olması hədəfi də daxil olmaqla bır sıra yeni davamlılıq təşəbbüslərini elan edib. "Davamlılıq “Inditex”də hər kəsin iştirak etdiyi heç vaxt bitməyən bir işdir. Biz sənayedə transformativ rol oynamağa çalışırıq", deyə şirkətin icraçı direktoru Pablo Isla bildirib. 


“H&M” də daha dayanıqlı bir model üzərində çalışan markadır. “Moda sənayesi fəaliyyətini hazırda olduğu kimi davam etdirə bilməz; Planetimizin resursları yoxdur”, “H&M”in Böyük Britaniya və İrlandiya üzrə ekoloji davamlılıq meneceri Ciorcina Ualtier deyib. 

 

O cümlədən “Uniqlo”, “Mango” və “Asos” brendləri də son illərdə ekoloji şüurlu kolleksiyasını genişləndirir, həmçinin yaşıl təşəbbüslər dalğasına başlayıb. Brendlərin hərəkətə keçməsi, şübhəsiz ki, irəliyə doğru müsbət addımdır.

 

“Davamlı Geyim Koalisiyası”nın yeni icraçı direktoru Əminə Razvi deyir: “Davamlılıq bir səyahətdir. Harada olduğunuzu qiymətləndirmək və təsirləri gücləndirmək üçün iddialı öhdəliklər götürmək başlamaq üçün doğru nöqtədir".

 

“Yaşıl yuyulma”ya diqqət!

 

Bəs, əgər mümkünsə, sürətli moda ətraf mühitə təsirini necə azalda bilər?


“Əsas məsələ “davamlı” və xüsusilə də “davamlı parçalar” dedikdə nə nəzərdə tutulduğuna dair konsensusun olmamasıdır”, “Eco-Age”nin davamlılıq üzrə moda və tekstil rəhbəri Şarlotte Törner bildirir.

 

"Pərakəndə satıcıların sözdə “yaşıl yuyulma”da günahlandırılmaması vacibdir. Brendlərin hərəkətə keçməsini görmək əhəmiyyətlidir, lakin bu mənalı olmalı və insanlar bu barədə yaxşı məlumatlandırılmalıdır. Ətraf mühitə təsirin azaldılmasını artan həcmdə məhsulların getdikcə daha ucuz qiymətə çatdırılması üzərində qurulmuş biznes modeli ilə uzlaşdırmaq çətindir”, - deyə o əlavə edir.


“Vogue” sürətli moda pərakəndə satışı ilə məşğul olan bəzi brendlərin əsas ətraf mühit öhdəliklərinə nəzər salıb və onların əslində nə demək olduğunu deşifrə edib.

 

1. Zara

Öhdəlik: 2025-ci ilə qədər pambıq, kətan və polyesterin 100 faizi, 2023-cü ilə qədər isə viskozanın 100 faizi ekoloji təmiz olacaq.


Bu nə deməkdir?: “Inditex” (həmçinin “Bershka” və “Pull&Bear”a sahibdir) deyir ki, bütün pambıqlar orqanik olacaq. Daha sosial və ekoloji cəhətdən davamlı təcrübələri mənimsəmək üçün fermerlərlə işləyən qeyri-kommersiya təşkilatı olan “Better Cotton Initiative” ilə əməkdaşlıq ediləcək.

Hansı təsiri olacaq

“Inditex”in parçalarının 90 faizi pambıq, kətan, polyester və viskozadan ibarətdir, ona görə də bu materialların daha diqqətli alınması şirkətin ətraf mühitə təsirini azaltmağa kömək edəcək.

Digər bir öhdəlik: 2019-cu ilin sonuna qədər “Zara” mağazalarının 100 faizi ekoloji cəhətdən səmərəli olacaq.

Onların “eko” mağazaları adi mağazalarından ən azı 20 faiz az elektrik və 40 faiz az su istifadə edir. İndiyə qədər mağazalarının 86 faizi bu standarta cavab verib. Bu arada, şirkətin mağazalarında, logistik mərkəzlərində və ofislərində istifadə etdiyi enerjinin 80 faizi 2025-ci ilə qədər yenilənə bilən qaynaqlardan əldə olunacaq. 


Mağazalarında enerji və su istehlakını azaltmaq “Zara”nın təbii resurslardan istifadəni azaltmaq üçün atdığı addımlardan biridir; marka həmçinin “Green To Wear” çərçivəsində su və enerji səmərəliliyini qiymətləndirmək üçün təchizatçılarla işləyir. Bununla belə, şirkət tədarük zənciri boyunca karbon emissiyalarını və ya su istehlakını azaltmaq üçün konkret hədəf qoymayıb.


2. H&M


Öhdəlik: 2030-cu ilə qədər materialların və məhsulların 100 faizi təkrar emal ediləcək və ya ekoloji davamlı olacaq. 

Bu nə deməkdir? 

Bu, “H&M” Qrupunun (“Arket”, “& Other Stories” və “Cos” daxildir) bütün məhsullarının təkrar istifadə oluna biləcəyi və ya tamamilə ekologiya dostu olacağı deməkdir. Hazırda şirkətin materiallarının 57 faizi Material Davamlılıq İndeksi (MSI) kimi sənaye meyarlarına uyğun olaraq təkrar emal olunur və ya ekoloji davamlıdır. 

Hansı təsiri olacaq?

“H&M”in bu hərəkəti, getdikcə daha çox resurs istehlakına əsaslanan mövcud biznes modelini pozmağa əsaslanır. Məhsullarının 100 faizini təkrar emal edilmiş və ya davamlı materiallardan yaratmaq müsbət addım olsa da, şirkət hələ də bu hədəfdən uzaqdır.

Daha bir öhdəlik: 2040-cı ilə qədər iqlimə müsbət təsir etmək, ümumilikdə planetə faydalı təsir göstərmək.

Şirkət öz fəaliyyətində karbon qazını kompensasiya etməyi, həmçinin istixana emissiyalarını 40 faiz azaltmağı hədəfləyir. Həmçinin 100 faiz bərpa olunan enerjidən istifadə etmək də şirkətin qarşısına qoyduğu məqsədlərdəndir.


Moda sənayesi iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək istəyirsə, karbon emissiyalarının azaldılması vacibdir. “H&M”in öhdəliyi BMT-nin 2018-ci ildə qəbul olunan Moda Sənayesi Xartiyasında yer alan 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq hədəfi ilə uzlaşır.

3. Manqo

Öhdəlik: Bütün proses boyunca ekoloji davamlı liflərdən istifadəni artırmaq.

Bu nə deməkdir?

“Mango” deyir ki, 2017-ci ildən 2018-ci ilə qədər ekoloji davamlı şəkildə istehsal olunan geyimlərin sayı iki dəfə artıb. Brend təkrar emal edilmiş liflərin və ekoloji davamlı sellüloza liflərinin qəbulunu davam etdirmək üçün yeni daxili məqsədlər qoyub, lakin bu hədəfləri ictimaiyyətə açıqlamayıb.

Hansı təsiri olacaq?

Daha ekoloji cəhətdən təmiz parçalara və istehsal üsullarına doğru irəliləmək, şübhəsiz ki, müsbət addımdır. “Lyocell” davamlı selüloz lifinin nümunəsidir; o, ağac sellülozundan hazırlanır və pambıqdan daha az enerji tələb edir. Bununla belə, konkret hədəflərini ictimaiyyətə açıqlanmayan “Mango”nun bu öhdəliyinin nə qədər təsir edəcəyini ölçmək çətin olacaq.


Daha bir öhdəlik: 2022-ci ilə qədər pambığın 50 faizi ekoloji təmiz şəkildə əldə ediləcək.

 “Zara” kimi, “Mango” da bu hədəfə çatmaq üçün “Better Cotton” Initiative proqramına qoşulub.

“Mango”nun hədəfi digər pərakəndə satıcıların götürdüyü öhdəliklərdən geri qalır. "Better Cotton” təşəbbüsünə uyğun olaraq yetişdirilən pambığın əslində nə qədər davamlı olması ilə bağlı da müzakirələr aparılır.

 

Lalə

Sfera.az


OXŞAR XƏBƏRLƏR