“Ölkə əhalisinin 40%-ə qədəri coğrafi olaraq ərazisinin təxminən 5%-də məskunlaşıb” - Ekspert
15:19 / 12.04.2021
751
"Bölgələr üzrə təhsilin inkişafında qeyri-bərabərliyin
müntəzəm olaraq ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir.
Təhsil inkişaf etməsə Azərbaycandakı bölgə inkişafında mövcud olan fantastik
qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq”.
Sfera.az-ın məlumatına görə, bunu
iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, iqtisadi
inkişafdakı qeyri-bərabərliyin miqyasına baxmaqla nəticə çıxarmaq olar:
"Ölkənin milli gəlirinin tam 80%-i coğrafi
olaraq ölkə ərazisinin 5%-də, milli gəlirin 20%-i isə 95% ərazidə formalaşır.
Yaxud, ölkə əhalisinin 40%-ə qədəri coğrafi olaraq ərazisinin təxminən 5%-də məskunlaşıb.
Bu mənzərərinin təhsildə də qeyri-bərabərlik yaratması qaçılmazdır. Çoxsaylı
indikatorlardan istifadə etməklə "qeyri-bərabərlik" əmsalı da
hesablamaq mümkündür.
Amma indilikdə daha asan yolla gedərək yalnız
bir göstəricidən istifadə etməklə real mənzərəyə baxmaq olar. Yəni, hər bir
bölgə üzrə məzunların əhalinin hər 10000 nəfəri hesabı ilə universitetlərə qəbul
sayını hesablamaqla”.
Ekspert bildirib ki, aşağı və yuxarı göstərici
arasında təxminən 12 dəfə fərq var: "Məsələn, Bakı, Sumqayıt və Naxçıvan şəhərləri,
Abşeron, Zəngilan və Qubadlı rayonları
üzrə hər 10 min nəfərə universitetə daxil olan məzun sayı 60 nəfər olduğu
halda, Daşkəsən üzrə həmin göstərici 5 nəfər təşkil edir. Yaxud, bu göstərici
Ağsu, Hacıqabul, Saatlı, Sabirabad, Cəlilabad, Lerik rayonları üzrə 15-17 nəfər,
Gəncə, Oğuz, Qazax, Qəbələ üzrə 30-45 nəfər
arasında dəyişir”.