“Lavrovun bu mövqeyi Azərbaycanın mənafelərinin ziddinə deyil” – MÜSAHİBƏ

“Lavrovun bu mövqeyi Azərbaycanın mənafelərinin ziddinə deyil” – MÜSAHİBƏ
 "Burada söhbət Ermənistanın indiki rəhbərliyi ilə Rusiya arasındakı böyük konfrantasiyanın mövcudluğundan gedir”.

"Qüdrət Həsənquliyev uzun illərdir siyasi prosesləri çox yaxından izləyən, hər zaman öz orijinal mövqeyi ilə seçilən bir simadır”

 


 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son açıqlaması və onun ətrafında gedən müzakirələrə özünəməxsus münasibət sərgiləyib.

 

Millət vəkilinin Moderator.az-a mövzu ilə bağlı fərqli fikirlərlə zəngin olan müsahibəsini təqdim edirik:

 


- Rusiya xarici işlər naziri Sergey Lavrov münaqişənin mərəhələli həlli ilə bağlı yenidən ciddi müzakirələrə səbəb olan açıqlama verib. Siz indiki məqamda bunu necə qiymətləndirirsiniz?

 

- Öncə onu vurğulayım ki, Lavrov kimi ehtiyatlı və az qala Sovet dövrünün xarici işlər nazirləri haqqında formalaşan "mister yox” imici kimi eyni xarakteri daşıyan birinin dilindən çıxan ifadələr şübhəsiz ki, təkcə iki ölkənin informasiya məkanında deyil, beynəlxalq aləmdə də diqqətlə izlənməkdədir və təhlil olunur. Bu, özü-özlüyündə düşüncələri və fikir istiqamətlərini dəyişdirir. Digər yandan da hesab edirəm ki, hazırkı dövrdə bu, Minsk Qrupuna bir fəaliyyət istiqaməti kimi də görünə bilər.

 

 

Burada bir məsələni qeyd edim ki, Paşinyan hakimiyyətə gələndən sonra dah çox inqilabi-demokratiya "libası” ilə proseslərin Dağlıq Qarabağ münaqişəsinə daşınacağı düşünülürdü. Əvvəllər Ermənistanda hərbi-səhra komandirləri siyasi rəhbərliyə gəlirdilər, bu da münaqişənin həllini qeyr-mümkün edən amillərdən biri kimi qəbul edilirdi. Paşinyan gəldikdən sonra hesab edilirdi ki, bəlkə bu dəfə müharibələrdə iştirak etməyən mülki bir şəxs, hansı ki, birbaşa azərbaycanlıların qətlində iştirak etməyib, belə adamların siyasi hakimiyyətə gəlməsi situasiyanı dəyişdirə bilər - deyə uzun illərdən bəri mediada və ekspert camiəsində formalaşan düşüncə, mən deyərdim ki, xeyli zərbə aldı. Göründü ki, əksinə, bu komanda daha radikal münasibət sərgiləməyə başladı. Əvvəlcə onlar, ümumiyyətlə, Ermənistanı danışıqlardan kənarda saxlamağa çalışdılar. Lakin Azərbaycanın israrlı mövqeyi onları masaya qaytara bildi.

 

İndi isə Lavrov kifayət qədər prinsipial bir açıqlama ilə çıxış edib. Söhbət mərhələli həlldən gedir. Mnatsakanyanın dərhal buna reaksiyasını gördünüz və bu azmış kimi bunun ardınca Ermənistanın XİN sözçüsü açıqlama verdi ki, guya son 2 ildə bağlı qapılar arxasında münaqişə ilə bağlı danışıqlar aparılmayıb. Lakin aydın məsələdir ki, burada ilk baxışda görünməyən detallar çox önəmlidir.

 


- Siz nələri nəzərdə tutursunuz?

 

- İlk növbədə burada söhbət Ermənistanın indiki rəhbərliyi ilə Rusiya arasındakı böyük konfrantasiyanın mövcudluğundan gedir. Yəni aşkar görünən odur ki, Paşinyan bu və digər formada Ermənistanın guya müstəqilliyini nümayiş etdirməyə çalışaraq, hətta bir az da irəli gedərək sanki "Qafqazda heç bir geosiyasi bucaqdan asılı deyilik” mənzərəsini yaratmaq, bunun üçün Qərb dairələrindən daha çox yardım almaq ümidi ilə gəlib özünü Dağlıq Qarabağ məsələsində düyünə salıb.


Digər tərəfdən, əgər həqiqətən də Rusiya münaqişənin mərhələli həllində israrlı olacaqsa, bu, nələrə səbəb ola bilər? Burada bir neçə versiya var.

 

Düşünürəm ki, biz ilk növbədə ehtimal edə bilərik ki, çox mümkündür ki, Qərb dairələri İrəvan və Moskva arasında olan bu ziddiyətdən öz maraqları üçün istifadə etsinlər. Ermənistanı öz yanlarına çəkmək məqsədilə ondan faydalansınlar, ona qarşı dəstəkləyici addımlar atsınlar. Halbuki, Putinin idarəçiliyi dövründə Azərbaycanla münasibətlər o dərəcədə strateji bir səviyyədə inkişaf edibdir ki, Rusiya Azərbaycana çox rahatlıqla milyardlıq silahlar verə bilir, digər tərəfdən isə heç bir halda, məsələn, Abxaziyadakı kimi Qarabağdakı rejimi tanımağa xidmət edən hər hansı bir addımı atmır, o cümlədən, Rusiyanın informasiya məkanında da 90-cı illərdəki mənzərə təkrar olunmur. Yəni Azərbaycana daha hörmətli və onun müstəqilliyinə ehtiram göstərən bir münasibət sərgilənir. Nəzərə alsaq ki, Rusiya kifayət qədər böyük bir coğrafiyaya, rəngarəng etnik tərkibə və fərqli ideologiyaları daşıyan informasiya vasitələri olan bir ölkədir. Belə olan təqdirdə, ikincisi o ola bilər ki, Ermənistan danışıqlar prosesini maksimum baykot edən addım atsın, burada da Rusiyanın mövqeyi çox əhəmiyyətlidir.

 

Biz çox arzulayırıq ki, Lavrovun bu açıqlaması postpandemiya dövründə Kreml tərəfindən Qafqazdakı proseslərə yönəlmiş yeni strategiyanın tərkib hissəi olsun.

 


- Ermənistanda bəziləri bunu və Lavrovun qazın qiymətlərinə yenidən baxılması ilə bağlı açıqlamasını işğalçı ölkəyə qarşı təzyiq və şantaj üsulu hesab edirlər. Sizcə, indiki məqamda, bu, həqiqətənmi belədir, ya sizin dediyiniz kimi, postkarona dövründə Rusiya siyasətinin davamlı tərkib hissəisi olacaq?

 

- Dövlətlərin siyasəti hər zaman bir parametr üzrə olmur. Burada motiv o mənada önəmli ola bilər ki, bu mövqe Azərbaycanın mənafelərinin ziddinə deyil. Hətta həqiqətən sözügedən bəyanatlar Rusiyanın Ermənistanda iqtisadi və hərbi varlığına yönəlibsə, o cümlədən Ermənistanın bəzən Qərblə açıq təmaslaırını əngəlləməyə xidmət edərsə belə, bu, yenə də bizim maraqlarımızı qətiyyən zərbə alıtnda qoymur. Əksinə, deyərdim ki, xeyrimizə işləyir. Nə üçün?

 

Xatırladaq ki, biz 90-cı illərdə məhz bu şəraitdə məğlub olmuşuq. Yəni bizi bir sıra hallarda Qərblə yaxın əlaqlərimizə görə "cəzalandırıblar”. Belə olan halda düşünürəm ki, Rusiyanın Ermənistana bu maksimal təzyiqlərini Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti formalaşdırıb. Bu isə bir günün içərisində yaranmayb. Əgər bu məsələ ictmailəşibsə, xüsusilə də Ermənistan dərhal bu açıqlamaya reaksiya verməyə məcbur olubsa, bu, özlüyündə iki ölkə arasında ortada olan böyük ziddiyəti sübut edir.

 

Mən elə düşünürəm ki, Prezident İlham Əliyevin dəfələrlə Putinlə yüksək səviyyədə münasibətlərini nümayiş etdirməsi, Qərbdən olan təzyiqlər fonunda antirusiya cəbhəsi açmaması, eləcə də Avropa Birliyi ilə münasibətlərimizi Ukrayna kimi Moskvanın əleyhinə çevirməməsi, mədəni əlaqələr və sair amillər hazırkı dövrdə ən yüksək münasibətləri meydana çıxarıbdır. Ona görə də dediyiniz davamlılıq bizim situasiyanı nə dərəcədə düzgün dəyərləndirməyimizdən, siyasi hərəkatlar, media, beyin mərkəzlərinin mövqeyindən asılı olacaq. Əgər kimlərsə buna 90-cı illərdəki kimi, bizdən istifadə edildiyi anlamında yanaşacaqsa, bu yanlış olacaqdır.


Məgər Azərbaycan vasitəsilə Ermənistanın cəzalandırılması doğrudanmı bizi rahatsız etməlidir. Mən əsla belə düşünmürəm - sondakı bu, beynəlxalq hüququn təmin edilməsidi, haqqın öz yerini tapmasıdır.

 

 

- Yəni, demək istəyirsiz ki, mahiyyətindən asılı olmayaraq, bu, ərazilərimizin azad edilməsinə səbəb olacaqsa, bizim üçün məqbuldur?

- Tamamilə doğrudur. Torpaqlarımzın işğaldan azad edilməsinə xidmət edən mövqe, həm də Ermənistanın cəzalandıırlması kimi bir əməliyyatın nəticəsi olacaqsa biz bundan çəkinməməliyik. Əlbəttə, bu, mediada və siyasi düşərgələrdə fərqli düşüncələrin olmasını qadağan etmir. Lakin mən hesab edirəm ki, burada Azərbaycanın ardıcıl işi mühüm rol oynayıbdır.

 


- Deputat həmkarınız, BAXCP sədri Qüdrət Həsənquliyevin danışıqların birbaşa Rusiya ilə aparılması haqqında açıq çağırışları ilə yəqin ki, tanışsınız. Bu barədə fikirləriniz maraqlı olar...

 

- Qüdrət Həsənquliyev bir partiya rəhbəri olaraq uzun illərdir siyasi prosesləri çox yaxından izləyən, hər zaman öz orijinal mövqeyi ilə seçilən və əksər hallarda milli mənafelər məsələsində prinsipiallığı ilə tanınan bir simadır. Digər tərəfdən, hesab edirəm ki, onun məhz Rusiya faktrounu belə qabartmasının özünəməxsus tarixi əsasları vardır.Lakin məsələnin başqa cəhəti də odur ki, əslində elə danışıqlar Rusiya ilə gedir. Söhbət ondan gedir ki, məsələ hansı paytaxtlarda həll edilir-edilsin sonda onun nəticəsi Ermənistanla aydınlaşdırılmalıdır də. Danışıqlar harada gedir-getsin, istər Moskvada, istər Strasburqda, Berlində, harada olur-olsun, sonucda İrəvanda tamamlanacaq.

 

Belə olan halda Azərbaycan BMT qətnamələrinə uyğun olaraq danışıqların formatını qoruyur. Qoy, bu modelii Ermənistan dağıtsın, bu, qətiyyən bizim ziyanımıza olmayacaq.



OXŞAR XƏBƏRLƏR

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını DAŞA BASDILAR: Hadisəni törədən azyaşlılar imiş - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...