Perinatal Mərkəzdə yanğın: Kimdir müqəssir?

Perinatal Mərkəzdə yanğın: Kimdir müqəssir?

Xəbər verdiyimiz kimi, 2024-cü ilin yanvarın 9-da Respublika Perinatal Mərkəzdə yanğın hadisəsinin baş verməsi və bunun nəticəsində 4 körpənin ölməsi, eyni zamanda müəssisənin əmlakına ciddi ziyanın dəyməsi ilə əlaqədar cinayət işi açılıb. 


Sfera.az xatırladır ki, cinayət işi ilə əlaqədar ilkin olaraq 3 nəfər – mərkəzin direktoru Mehriban Abasquliyeva, tibb müəssisəsinin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədli saxlanılıblar.

 

Müəssisənin direktoru Mehriban Abasquliyeva yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsində günahlandırılıb.


Perinatal Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədli isə yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaqda ittiham ediliblər.

 

Müasir yanğın təhlükəsizliyi sistemləri imkan verir ki, yanğın baş vermə anında dərhal işə düşür və yanğını lokallaşdırır və zərərsizləşdirir. Görünən budur ki, Perinatal Mərkəzdə ümumiyyətlə yanğın təhlükəsizliyi sistemi işə düşməyib və yararsız vəziyyətdə olub. Buna isə o binanı təmir etmiş şirkət və binanı təhvil alan Səhiyyə nazirliyi cavabdehlik daşıyır.

 

Fotoda: Hamlet Mustafayev

 

Onlar müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə etməkdə, istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmamasında, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə istismar etməkdə ittiham olunublar. 


İttiham aktlarından aydın olur ki, tibb müəssisəsinin elektrik təchizatı və yanğın təhlükəsizliyi sistemində problemlər olub. İbtidai və daha sonra keçiriləcək məhkəmə istintaqı zamanı problemlərin əsl səbəbləri aşkarlanacaq.


Qeyd edək ki,bu cür problemlər adətən yalnız cari istismar zamanı yol verilən nöqsanlarla bağlı olmur. Əksər hallarda tikinti və ya təmir zamanı işin keyfiyyətli icra edilməməsi də sonralar belə ağır nəticələrə gətirib çıxarır.  


Bəllidir ki, çoxlu sayda insana xidmət göstərən müəssisələr inşa edilən zaman buranın texniki standartlara uyğunluğuna xüsusi diqqət ayrılmalıdır. Xüsusən də elektrik təchizatı sistemi, yanğın xəbərdarlığı və yanğınsöndürmə sistemi tələblərə uyğun şəkildə quraşdırılmalı, burada keyfiyyəti yüksək olan avadanlıqlardan istifadə edilməlidir. Adıçəkilən sistemlərin yüksək standartlara cavab verməsi məhz xidmət müəssisindən istifadə edən insanların təhlükəsizliyini təmin etmək məqsədi güdür. 


Belə müəssisələrdə daha keyfiyyətli elektrik kabel və tənzimləyici qurğulardan istifadə edilməlidir. Binada elektrik təchizatı sistemi elə qurulmalıdır ki, şəbəkədə artıq yüklənmə, yaxud hansısa texniki problem yarandıqda avtomatik qaydada binanın elektrik təminatı dayandırılsın.


Eynilə yanğın hallarına qarşı da sistemlər mükəmməl olmalıdır. Otaqlarda yanğınla bağlı müxtəlif təyinatlı sensorlar quraşdırılmalıdır. Həmin sensorlar otaqda tüstüləmə baş verdikdə yanğın xəbərdarlığı sistemini, yanğın baş verdikdə isə yanğınsöndümə sistemini işə salmalıdır. 


İlkin açıqlanan faktlar göstərir ki, Respublika Perinatal Mərkəzin binasında nə elektrik təchizatı sistemi, nə də yanğın təhlükəsizliyi sistemi yaxşı vəziyyətdə olub. Bunun günahkarı isə yalnız tibb müəssisəsini idarə edən şəxslər deyil, həm də, bəlkə də, daha çox mərkəzin yerləşdiyi binanın tikintisini aparan və onu istismara qəbul edən qurumlardır. 

 


Respublika Perinatal Mərkəzin yerləşdiyi bina 2009-cu ilin dekabr ayında istifadəyə verilib. Binanın hansı tikinti şirkəti tərəfindən inşa edildiyi məlum deyil. Amma o məlumdur ki, mərkəzin binası inşa edilməmişdən əvvəl onun layihəsi Səhiyyə Nazirliyində hazırlanıb və ona Fövqəladə Hallar Nazirliyi müsbət rəy verib. Həmin rəydə elektrik təchizatı sisteminin dayanıqlılığına, yanğın təhlükəsizliyi sisteminin uzun müddət saz vəziyyətdə işlənilməsinə xüsusi diqqət ayrılmalı idi. Bina tikildikdən sonra da Səhiyyə və Fövqəladə Hallar nazirlikləri tərəfindən icra edilən işin tələblərə uyğunluğu yoxlanılmalı idi. Adıçəkilən mərkəzi icra hakimiyyəti qurumları tibb müəssisəsi üçün olduqca böyük əhəmiyyət kəsb edən elektik təchizatı sistemi, burada istifadə edilən materiallar, avadanlıqlar, həmçinin yanğın təhlükəsizliyi sistemi üçün istifadə edilən avadanlıqların keyfiyyətinə xüsusi diqqət ayırmalı idilər.

 


Görünən budur ki, nə binanı tikən şirkət, nə Səhiyyə, nə də Fövqəladə Hallar Nazirliyi bu məsələlərə “diqqət ayırıb”. Əgər diqqət ayrılsa idi, binanın istifadəyə verilməsindən uzun müddət keçməmiş belə ciddi problemlər üzə çıxmazdı.


Azərbaycanda yeni tikilən və ya əsaslı təmirdən keçən sosial xidmət müəssisələrinin əksəriyyətində oxşar problemlərə rast gəlinir. İstər orta ümumtəhsil məktəblərində, istər xəstəxana, poliklinika, istərsə də idman və digər kütləvi xidmət göstərən binalarda istismara veriləndən bir müddət sonra böyük problemlər üzə çıxır. Bu hallarla bağlı dəfələrlə aparılan araşdırmalardan məlum olur ki, belə problemlərin yaranmasının səbəbi dövlət sifarişi ilə aparılan inşaat və təmir işləri zamanı korrupsiya əməllərinə yol verilməsidir. Nazirliklər, digər dövlət qurumlarının rəhbər şəxsləri həmin işlərin icrasını adətən özlərinə yaxın şirkətlərə həvalə etməklə böyük məbləğdə dövlət vəsaitini mənimsəyir, icra edilən işlər isə layihədə nəzərdə tutulduğu kimi yüksək standartlara uyğun olmur. 


Respublika Perinatal Mərkəzin binasında 2024-cü ilin yanvarın 9-da baş verən yanğının əsas səbəbləri arasında da yəqin ki, oxşar davranışların nəticəsi var. 
Tibb müəssisəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması, əlbəttə ki, qurumun rəhbərliyinin də məsuliyyət dairəsində olub. Amma nəzərə alaq ki, mərkəzə rəhbərlik edən Mehriban Abasquliyeva bu vəzifəyə yeni təyin edilib. O, 2022-ci ilin dekabrın sonunda, yəni yanğın hadisəsindən bir il öncə mərkəzin yeni direktoru olub. 


M.Abasquliyeva 2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatına da rəhbərlik edib. 


Onunla həm partiyada, həm də səhiyyə sahəsində çalışan şəxslərin bildirdiyinə görə, M.Abasquliyeva intizamlı adamdır və həmişə işinə məsuliyyətlə yanaşıb. 
Ehtimal ki, təcrübəli olan yeni direktorun dövründə əvvəldən mövcud olan çatışmazlığı tam aradan qaldırmaq mümkün olmayıb. 


İstənilən halda tibb müəssisəsində səhlənkarlığa yol verilib və bunun nəticəsində faciə baş verib. Sadəcə olaraq, burada məsələ ondan ibarətdir ki, hansısa tikinti şirkətinin, həmçinin Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi nəzərə alınmır, əvəzində isə yalnız tibb müəssisəsinin rəhbər şəxsləri günahkar qismində ittiham olunurlar. Sonda mütləq vurğulamaq lazımdır ki, gecə növbəsində baş həkimi əvəzləyən növbətçi həkim var.

 

Altay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...