\"Köçəryan seçilərsə, Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq\" - Politoloq

\
"Paşinyan seçkilərdə qazanmaq üçün hər şeyi edəcək, amma istisna deyil ki, seçkidən sonra Köçəryan onu devirmək üçün "inqilaba”, yaxud fərqli metodlara əl atsın”.

Sfera.az bildirir ki, bunu politoloq Asif Nərimanlı deyib. O, Ermənistanın eks-prezidenti Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə, nələrin baş verəcəyi ehtimalından da söz açıb:

"Robert Köçəryan üçtərəfli razılaşmaları poza bilməz, çünki bunu Rusiya da istəyir. Amma bir sıra problemlər də yarana bilər. Məsələn, erməni qoşunlarının bölgədən çıxarılması və Xankəndidəki separatçıların təmizlənməsi uzanacaq, Qarabağın "statusu” ilə bağlı təxribatlar intensivləşəcək və sərhədlərlə bağlı müqavilənin imzalanması da arxa plana keçə bilər”.

A.Nərimanlı qeyd edib ki, Azərbaycanın Türkiyə ilə müttəfiqlik müqaviləsi haqqında Şuşa Bəyannaməsini məhz Ermənistandakı seçkidən öncə imzalaması bu perspektiv təhlükələrə qarşı düşünülmüş gediş idi:

"Bəyannamə Ermənistanın, eləcə də üçüncü ölkələrin Azərbaycan sərhədlərində və sərhədləri daxilində yarada biləcəyi təhdidlərin qarşısında qalxandır. Bu, Ermənistanda istər Köçəryanın, istər bütün vazgenlərin gəlməsindən asılı olmayaraq, Qarabağda və sərhədlərimizdə təhdid yarada bilməyəcəyi deməkdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR