Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Karantin dövründə əhalinin real gəlirləri - AZALMA NƏ ZAMANA QƏDƏR DAVAM EDƏCƏK?

Koronavirus pandemiyasının Azərbaycana vurduğu ciddi iqtisadi zərərlərdən biri də əhalinin real gəlirlərinin azalması ilə bağlıdır. Real gəlir dedikdə inflyasiya dərəcəsi çıxıldıqdan sonra əhalinin gəlirlərindəki dəyişiklik nəzərdə tutulur. Əgər qiymətlər 3 faiz, gəlirlər 2 faiz artırsa, bu o deməkdir ki, əhalinin real gəlirləri 1 faiz bəndi azalıb.


Sfera.az xatırladır ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti mart və aprel aylarında sərt karantin tədbirləri tətbiq edib. Bunun nəticəsində mart ayından başlayaraq əhalinin real gəlirlərindəki artım sürəti zəifləyib, apreldən isə mənfi məcraya keçib. Əhalinin real gəlirlərindəki azalma onun xərclərində, o cümlədən ticarət obyektlərindəki xərclərində də real azalmaya səbəb olub.

 

2020-ci ildə gəlirlərin mənfi məcraya necə meyl etdiyini Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların müqayisəsindən də görmək olar. Yanvarda ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayına nisbətən 6,8 faiz artaraq 4,057 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 407,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3,685 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz çox vəsait qalıb. Yanvarda hər nəfərin sərəncamında qalan gəlir 5,7 faiz artıb. İlin birinci ayında inflyasiyanın 2,7 faiz olduğu nəzərə alınarsa, əhalinin real gəlirlərində artım baş verib.

 

Buna uyğun olaraq əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsait də artıb. Bir istehlakçı orta hesabla 309,1 manatlıq və ya 2019-cu ilin eyni ayı ilə müqayisədə 15,3 manat çox əmtəə alıb.

 

2020-ci il yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8,301 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7,476 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb. Yanvar-fevralda hər nəfərin sərəncamında qalan gəlir 7,4 faiz artıb. Bu dövrdə inflyasiya 2,8 faiz olduğundan əhalinin real gəlirləri artıb.

 

Eynilə ticarət şəbəkələrində adambaşına xərclənən vəsait də 2019-cu ilin eyni dövrü ilə müqayisədə artıb (artım 14,9 manat olub).


Martdan karantin tədbirlərinin görülməsi əhalinin gəlirlərinin artımına təsir edib. 2020-ci il yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 13,44 milyard manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 1350,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 12,195 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz çox vəsait qalıb. Yanvar-martda hər nəfərin sərəncamında qalan gəlir 4,9 faiz artıb.


İlin birinci rübündə 3 faiz inflyasiya olduğundan əhalinin real gəlirlərində artım baş verib, amma əvvəlki iki aya nisbətən artım sürəti xeyli azalıb. Real gəlirlərin artım sürətinin azalması ticarət dövriyyəsinə də təsir göstərib. 2019-cu ilin eyni dövrünə nisbətən bir istehlakçı orta hesabla ayda 309,4 manatlıq pul xərcləyib ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 10,8 manat çoxdur.


Apreldən isə əhalinin real gəlirləri azalma mərhələsinə keçib. 2020-ci ilin aprel ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 14,4 faiz, cari ilin mart ayına nisbətən isə 24,6 faiz azalıb. Nəticədə yanvar-aprel ayları üzrə gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı yanvar-mart aylarındakı 6,8 faizə qarşı 1,3 faizə enib. Cari ilin yanvar-aprel aylarında əhalinin gəlirləri 17,146 milyard manat və ya hər nəfərə orta hesabla 1722 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15,417 milyard manatlıq vəsait qalıb ki, bununla da 0,4 faiz, adambaşına düşən sərəncamda qalan gəlirlərdə isə 1,2 faiz azalma olub.


Nəzərə alsaq ki, yanvar-apreldə inflyasiya 3 faiz olub, deməli əhalinin real gəlirləri 1,7 faiz azalıb, adambaşına düşən sərəncamda qalan real gəlirlər isə 4,2 faiz azalıb.

 

Real gəlirlərin azalması ticarət şəbəkələrindəki xərclərin də artım sürətində özünü göstərib. 2020-ci ilin yanvar-aprel aylarında ticarət şəbəkəsində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat və ya 0,52 faiz artım deməkdir. İnflyasiya nəzərə alındıqda, əhalinin ticarət xərcləri real müqayisədə 2,5 faiz azalıb.

Əhalinin real gəlirlərinin və buna uyğun olaraq xərclərinin azalması dövlət büdcəsinin gəlirləri və iqtisadi artım üçün arzuedilməz haldır. Bu vəziyyət məhz karantin tədbirləri ilə əlaqədar yarandığından may ayından karantin tələblərində xeyli yumşaldılma oldu. Karantinin yumşaldılmasının hansı müsbət nəticələrə səbəb olacağını iyunda biləcəyik.

 

Vasif

 

 

OXŞAR XƏBƏRLƏR

Uçot dərəcəsi kredit faizlərinə niyə təsir etmir? – TƏHLİL

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7,25 %-dən 7 %-ə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,5 %, faiz dəhli...

Ölkədən dollar çıxışı artıb, tədiyə balansında kəsir yaranıb – TƏHLİL

2020-ci ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanın tədiyə balansında böyük kəsir yaranıb. Təhlillər göstərir ki, kəsirin yaranmasının 3 əsas səbəb...

Neft hasilatının azaldılması iqtisadiyyatda tənəzzül yaradıb - TƏHLİL

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan iqtisadiyyatında tənəzzül müşahidə edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni...

Neft bahalaşmaqda davam edəcək - TƏHLİL

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin ("OPEC+”) nazirlərinin 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azal...

Gözlənilənin əksi baş verir - Pandemiyanın zəifləməsi dolları ucuzlaşdırıb

ABŞ dollarında mayın 25-dən müşahidə edilən ucuzlaşma hələ də davam edir. Dolların dəyərini ifadə edən əsas göstərici dollar indeksidir. Bu indeks mayın 25-də...

Karantin günlərində hansı məhsullar ucuzlaşdı?

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar karantin rejiminin tətbiqi, eyni zamanda əhalinin gəlirlərinin azalması qeyri-ərzaq mallarına tələbi xeyli a...