“İrəvan Bakının bu təklifinə razı olsaydı…” – Qarabağda durum dəyişir

“İrəvan Bakının bu təklifinə razı olsaydı…” – Qarabağda durum dəyişir
"Rəsmi Bakı bundan sonra Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verməyəcək”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son durumdan danışıb.:

"Xarici jurnalistlər prezident İlham Əliyevə ən çox bu sualı verirlər: "Bakı Dağlıq Qarabağa hansı status verəcək?”. Azərbaycan prezidenti bu məsələnin müzakirəsinin erkən olduğunu bildirir.

Rəsmi Bakı İrəvanla 27 il aparılan danışıqlarda Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verəcəyini vəd edirdi. İlham Əliyev deyirdi: "Dünyada mövcud olan istənilən muxtariyyət modelini Dağlıq Qarabağ ermənilərinə verməyə hazırıq”. İlham Əliyev və azərbaycanlı siyasi ekspertlər müxtəlif nümunələr göstərirdilər: "Aland modeli”, "Tirol modeli” və s.

Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları bütün bu moddelləri rədd etdilər. Onlar Dağlıq Qarabağa "müstəqillik” istəyirdilər. Buna rəsmi Bakı razılaşa bilməzdi. 27 il aparılan danışıqlar nəticə vermədi. Hazırda Azərbaycan ordusu böyük əraziləri işğaldan azad edib. Erməni separatçıları anlayırlar ki, onlar məğlub olacaqlar və heç bir dövlət onlara kömək etməyəcək”.

Azərbaycanın mövcud reallığı dəyişdiyini bildirən Elxan Şahinoğlu qeyd edib ki, bundan sonra rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə yüksək statuslu muxtariyyət verməyəcək:

"Dağlıq Qarabağda ermənilərin sayı az olsa, bu bölgəyə aşağı statuslu muxtariyyətin verilməsi də lazım olmayacaq. Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, Dağlıq Qarabağın da eyni statusu olacaq. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları vaxtilə rəsmi Bakının təklifini qəbul etsəydilər, müharibə olmazdı və bölgənin yüksək muxtariyyət statusu olardı. İndi isə bu mümkün deyil. Şərtləri Azərbaycan diqtə edir”.


OXŞAR XƏBƏRLƏR