Bank BTB-də nə baş verir? – Ən çox şikayət bu bankdandır

Azərbaycan bank sektorunda son illər sürətli yenilənmə və rəqəmsallaşma prosesi getdiyi halda, Bank BTB bu inkişafdan kənarda qalan maliyyə qurumlarından biri kimi diqqət çəkib. Bazarda aparıcı banklar rəqəmsal ekosistemlər quraraq müştəri xidmətlərini genişləndirdiyi bir dövrdə, Bank BTB-nin fəaliyyəti struktur problemlər, yüksək risklər və zəif maliyyə göstəriciləri ilə müşayiət olunub.
Sfera.az “1news”a istinadən xəbər verir ki, mütəxəssislərin bankın 2015-2024-cü illəri əhatə edən audit olunmuş maliyyə hesabatları və 2025-ci ilin sonunadək olan prudensial rüblük məlumatları əsasında apardıqları təhlillər göstərib ki, Bank BTB faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib.
Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.
Bank BTB-nin mülkiyyət strukturu açıq mənbələrdə yer alan rəsmi məlumatlara əsasən belədir: bankın əsas səhmdarı 76,7 faiz payla Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.
Nigar Mehdiyeva uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin ailə üzvüdür. Bankın maliyyə göstəriciləri ilə Ramiz Mehdiyevin siyasi fəaliyyəti arasında zaman baxımından açıq uyğunluq müşahidə olunur.
2019-cu ilə qədər bank aktivlərini sürətlə artıraraq 380 milyon manatdan artıq səviyyəyə çatdırmış, sabit mənfəət əldə etmiş və Bakının prestijli ərazilərində filial şəbəkəsini genişləndirmişdi. Lakin 2019-cu ilin oktyabrında siyasi dəyişikliklərdən sonra bankın maliyyə vəziyyəti kəskin şəkildə pisləşdi. Artıq 2020-ci ildə Bank BTB 9,1 milyon manat zərər açıqladı. Sonrakı illərdə də zərərlər davam etdi və yalnız 2025-ci ildə xərclərin ciddi şəkildə azaldılması hesabına bu göstərici nisbətən aşağı salındı.
Bank BTB-nin balansındakı əsas risklərdən biri kredit portfelinin böyük hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsidir. 2025-ci ilin son rübünə olan məlumatlara əsasən, bankın kreditlərinin təxminən 70 faizi ipoteka və daşınmaz əmlakla bağlıdır. Biznes kreditlərinin payı cəmi 14 faizə, istehlak kreditlərinin payı isə 14 faizə yaxındır.
Bu cür yüksək konsentrasiya bankın risklərini ciddi şəkildə artırıb. Mütəxəssislər bildiriblər ki, daşınmaz əmlak qiymətlərində 10-15 faiz azalma belə girov təminatının əhəmiyyətli hissəsini dəyərsizləşdirə bilər. Bundan əlavə, bankın biznes kreditlərinin demək olar ki, hamısının daşınmaz əmlakla təmin olunması klassik kommersiya kreditləşməsi prinsiplərindən kənara çıxıldığını göstərib.
Hesabatlar Bank BTB-də ciddi likvidlik uyğunsuzluğunun mövcud olduğunu ortaya qoyub. Bankın aktivlərinin böyük hissəsi beş ildən artıq müddətə verilmiş kreditlərdən ibarətdir, halbuki bu aktivlər əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilib. Bu vəziyyət bankı daimi olaraq əmanətlərin yenilənməsindən asılı vəziyyətə salıb.
Digər mühüm problem isə problemli kreditlərin həcmi ilə bağlıdır. 2025-ci ilin sonuna olan məlumatlara görə, bankın işləməyən kreditləri 18,5 milyon manatı keçib. Bunun 57 faizdən çoxu ümidsiz kreditlər kateqoriyasına daxildir. Bu kreditlər gəlir gətirmir və bankdan tam həcmdə ehtiyat ayırmağı tələb edir.
Azərbaycan Mərkəzi Bankının tələblərinə əsasən, bankların məcmu kapitalı minimum 50 milyon manat olmalıdır. Bank BTB-nin 2025-ci ilin sonuna olan kapitalı cəmi 53,3 milyon manat təşkil edib. Bu isə minimal tələbdən cəmi bir neçə milyon manat artıqdır və hər hansı əlavə maliyyə zərbəsi bankın lisenziyasını risk altına qoya bilər.
Məhz bu səbəbdən bankın səhmdarları son illərdə bir neçə dəfə əlavə vəsait yatıraraq kapitalı qorumağa çalışıblar. Mütəxəssislər bu addımları bankın inkişafından çox, mövcud vəziyyətdə saxlanılması üçün atılan məcburi tədbirlər kimi qiymətləndiriblər.
Mərkəzi Bankın açıqladığı müştəri şikayətləri indeksinə görə, Bank BTB 2025-ci ilin ikinci yarısında ən çox şikayət edilən banklardan biri olub. Bu da bankın xidmət keyfiyyəti və müştəri məmnuniyyəti ilə bağlı ciddi problemlərin mövcudluğunu göstərir.
Analitiklərin fikrincə, Bank BTB-nin hazırkı vəziyyətdə davamlı inkişaf üçün real imkanları məhduddur. Qarşıdakı dövrdə bankın ya daha iri maliyyə qurumu tərəfindən alınacağı, ya da fəaliyyətini mərhələli şəkildə dayandıracağı istisna edilmir.
Bir zamanlar Bakının nüfuzlu ərazilərində geniş filial şəbəkəsi ilə təmsil olunan Bank BTB-nin gələcəyi indi daha çox risklər və qeyri-müəyyənliklərlə xarakterizə olunur. Bankın tarixi isə maliyyə səriştəsindən çox, siyasi təsirin həlledici rol oynadığı bir dövrün göstəricisi kimi yadda qalıb.
Bəsti Rəfizadə
Sfera.az

