Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında maraqlı məqamlara toxunulub. Komitə üzvü, deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanın inkişafı yalnız Bakı ilə məhdudlaşdırıla bilməz. Onun sözlərinə görə, kənd təsərrüfatının zəifləməsi kənd həyatının itirilməsi deməkdir və bu, gələcəkdə ciddi fəsadlara yol aça bilər.
Deputat azad edilmiş ərazilərdə insanların kənd həyatına adaptasiyası üçün də işlərin görülməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır, Qarabağ bölgəsində kənd təsərrüfatının bərpası və inkişafı ümumilikdə Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Qarabağda kənd təsərrüfatının bərpası prioritetdir.
Millət vəkilinin sözlərinə görə, Qarabağın torpaq fondunun Azərbaycan aqrar torpaq fonduna qaytarılması, inteqrasiyası və kənd təsərrüfatı məhsulu istehsalında Qarabağın potensialının istifadə edilməsi istiqamətində işlər görülür:
“Biz praktiki olaraq Qarabağın torpaq fondundan mərhələli şəkildə istifadəni müşahidə edirik. Təbii ki, növbəti mərhələdə, xüsusən mina təmizlənmə prosesinin sürətləndiyini nəzərə alsaq, Qarabağın kənd təsərrüfatının daha çox töhfə verəcəyi gözlənilir. Biz minaların təmizlənməsi və infastrukturun formalaşması ilə Qarabağda daha çox məhsulun istehsalını müşahidə edəcəyik. Bu səbəbdən Qarabağın torpaq fondu və bütövlükdə aqrar sektora töhfəsi növbəti illərdə daha çox müşahidə olunacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə bildirib ki, müharibədən sonra ərazilərdə mina, yıxılmış infrastrukturlar və torpaq eroziyası problemdir.
Onun sözlərinə görə, torpağın münbitliyinin artırılması üçün drenaj, suvarma sistemlərinin bərpası, minerallar və üzvi gübrələrin tətbiqi vacibdir:
“Qarabağda kənd təsərrüfatının əsas problemi suvarma çatışmazlığıdır. Ağıllı suvarma sistemləri (damla suvarma, səmərəli nasoslar) həm məhsuldarlığı artırar, həm də resursları qoruyar. Kənd təsərrüfatı texnikasının modernləşdirilməsi, aqrotexnologiyaların tətbiqi (dronlarla sahə monitorinqi, torpaq analizi, avtomatlaşdırılmış gübrələmə) məhsuldarlığı artırar. Kiçik fermerlərin birləşdirilməsi ilə bazara çıxış asanlaşar, xammal və texnika daha səmərəli istifadə olunardı. Günəş panelləri, kiçik su elektrik stansiyaları və bioqaz zavodları enerji təminatını asanlaşdırar”.
Mütəxəssis qeyd edib ki, Qarabağ regionu iqlim və torpaq baxımından meyvə, tərəvəz, taxıl və üzümçülük üçün əlverişlidir. Xüsusilə, alma, gilas, armud və ərik meyvə bağları, pomidor, bibər, badımcan, kartof, buğda, arpa, şərabçılıq və üzüm yetişdirilməsi üçün münbit torpaqdır. Mal-qara, qoyun, keçi və toyuqçuluq region üçün əlverişlidir. Ərazilərin yaylaqlıq və dağlıq bölgələrində otlaq imkanları yüksəkdir.
A.Nəsirli vurğulayıb ki, tarixi və mədəni zənginlikləri ilə kənd turizmi inkişaf etdirilə bilər.
Ekspert nəzərə çatdırıb ki, yerli istehsal artımı idxaldan asılılığı azaldar və ərzaq qiymətlərini sabitləşdirər:
“Həmçinin, Qarabağ kənd təsərrüfatı neft və qazdan asılılığı azaldaraq iqtisadiyyatı daha dayanıqlı edər. Fermer təsərrüfatları, emal sənayesi və logistika sahələrində yüz minlərlə iş yeri açmaq mümkündür. Bundan başqa, Bakı ilə mərkəzləşmiş iqtisadiyyatdan çıxış edərək, bölgələrarası fərqləri azaldar. Üzüm, meyvə, tərəvəz, ət və süd məhsulları xarici bazarlara çıxarıla bilər.
Qısaca, Qarabağda kənd təsərrüfatının bərpası sadəcə iqtisadi deyil, həm də sosial və demoqrafik məqsədlər üçün vacibdir, kənd həyatının canlanması, insanların bölgəyə qayıtması və uzunmüddətli dayanıqlı inkişaf üçün əsasdır”.
Firuzə Əliyeva
Sfera.az