İqtisadiyyat şaxələndikcə güclənir – Neftdən kənara açılan yollar

İqtisadiyyat şaxələndikcə güclənir – Neftdən kənara açılan yollar

Neftin qiymətində son aylarda baş verən enmələr bir daha sübut etdi ki, iqtisadiyyatda davamlı inkişafı, dövlət büdcəsinin gəlirinin davamlı artırılmasını yalnız bir sahənin ümidinə buraxmaq olmaz. Davamlı inkişaf, yaxşı gəlir üçün iqtisadiyyatın daha çox sahəsində tərəqqiyə nail olunmalı, bir sahədən asılılıq aradan qaldırılmalıdır. Başqa sözlə, iqtisadiyyat şaxələnməlidir ki, onun bir hissəsində böhran baş verdikdə, digər sahələrinin hesabına ümumi inkişaf təmin edilsin.

 

Sfera.az xatırladır ki, Azərbaycan bir neçə dəfə neftin qiymətinin kəskin enməsinin əziyyətini çəkib. Bunlar 2009-2010, 2015-2016 və 2020-ci illərdə müşahidə edilib.

 

2009-cu ilə qədər iqtisadiyyatda şaxələnmənin zəif getməsi səbəbindən neft ucuzlaşması ümumi daxili məhsul (ÜDM) istehsalını xeyli azaldı. 2008-ci ildə 40 milyard manat olan ÜDM-nin həcmi 2009-cu ildə 35,6 milyard manata endi. Eyni zamanda dövlət büdcəsinin icrası çətinləşdi. Büdcəyə gözlənildiyindən 18 faiz az vəsait daxil oldu.

 

 

2015-ci ildə vəziyyət daha da pisləşdi. Hökumət və Mərkəzi Bank maliyyə tarazlığını təmin etmək üçün devalvasiyaya getdi. Nəticədə dolların məzənnəsi 2,16 dəfə yüksəldi.

 

2020-ci ildə isə COVİD-19 virusunun yayılması nefti kəskin ucuzlaşdırdı. Lakin bu dəfə əvvəlki təcrübələrdən fərqli olaraq iqtisadiyyatın daha hazırlıqlı olması maliyyə tarazlığını qorumağa imkan verdi.

 

 

Bu hadisələr Azərbaycan üçün ciddi xəbərdarlıq oldu. Baş verən təlatümlərdən sonra hökumət iqtisadiyyatın şaxələnməsini genişləndirdi, iqtisadiyyatın neftdən kənar sahələrinə yönəldilən sərmayə qoyuluşu, verilən güzəştli kreditlərin həcmi sürətlə artdı, müəyyən istehsal və xidmət sahələri yaradıldı.

 

Son aylarda neftin ucuzlaşmasının yenidən şahidi oluruq. Amma bu dəfə iqtisadiyyatın əsas sahəsindəki arzuedilməz vəziyyət ciddi qorxu yaratmır. İqtisadiyyat əvvəlki dövlərlə müqayisədə dərin və geniş şaxələnməyə getdiyindən narahatçılıq üçün ciddi əsas yoxdur.

 

İndi iqtisadiyyatın lokomotivi funksiyasını neft sektoru deyil, qeyri-neft sektoru oynayır. Əgər 2008-ci ildə ÜDM istehsalının cəmi 38 faizi qeyri-neft sektorunda yaradılırdısa, 2013-cü ilin sonunda 52 faizi, hazırda isə 67 faizi neftdən kənar sahələrdə yaradılır.

 

Şaxələnmə nədir?

 

Azərbaycan artıq düz yoldadır - davamlı inkişaf üçün iqtisadiyyatda şaxələnmə vacid şərtdir. Bəs şaxələnmə tam olaraq nəyi ehtiva edir?

 

Şaxələnmə elə bir inkişaf prosesidir ki, o iqtisadiyyatın hər hansı bir sahəsində deyil, bütün sahələrində baş verməlidir. Məsələn, Azərbaycanda sənaye iqtisadiyyatda ən böyük paya sahibdir və ÜDM-nin 35 faizi burada istehsal edilir. Bu onu göstərir ki, sənaye ümumən iqtisadiyyatın ən inkişaf etmiş sahəsidir. Amma sənayenin bütün sahələri eyni səviyyədə inkişaf edibmi?

 

 

Sənaye 2 əsas bölmədən – mədənçıxarma və emaldan ibarətdir. Diqqət yetirsək görərik ki, mədənçıxarma ümumi sənaye istehsalının 70 faizini təmin edir, emal sahəsi isə cəmi 30 faizini. Buradan aydın olur ki, sənayenin bir hissəsi digərinə nisbətən çox güclüdür və sənayenin iqtisadiyyatda böyük paya sahib olması həmin sahə ilə bağlıdır.

 

Mədən sənayesinin özündə də bir sahənin üstünlüyü var. Burada neft və qaz istehsalının payı olduqca böyükdür. Burada metal filizlərin hasilatı, daş, qum, çınqıl və digər mədənçıxarma sənaye məhsullarının istehsalı neft-qaz sahəsi ilə müqayisəyə gələ bilməz.

 

Eyni fikirləri emal bölməsi haqqında da söyləmək mümkündür. Emal bölməsində cəmi 2 sahənin payı yüksəkdir. Neft məhsullarının emalı və qida məhsullarının istehsalı ümumən emal sənayesinin 65 faizini formalaşdırır. Adıçəkilən iki sahə ilə bərabər yaxşı olardı ki, kimya sənayesi, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqların istehsalı, kompüter və digər avadanlıqların istehsalı və s. sahələr də böyük məhsul istehsalına nail olsun.

 

Deməli, sənaye o zaman tam şaxələnmiş sayılır ki, mədən sahəsi ilə bərabər emal sahəsi də böyük paya sahib olsun. Eyni zamanda, mədən sənayesində neft və qaz bölməsi kimi, digər adıçəkilən sahələrin, emal sənayesində isə neft və qida məhsullarından başqa digər istehsal sahələrinin də inkişafı təmin edilsin.

 

 

Sənayenin timsalında aparılan təhlil göstərir ki, hərtərəfli inkişaf şaxələnmənin əsas əlamətlərindən biridir. Bu məqsədlə biznes mühitinin bir qədər də yaxşılaşdırılması, daha yaxşı infrastruktur, kənd təsərrüfatının, emal bölməsinin inkişaf etdirilməsi, rəqabətin gücləndirilməsi labüddür.

 

Azərbaycan iqtisadiyyatında şəxalənmənin dərinləşməsi üçün hökumət indiyədək mühüm təbbirlər həyata keçirib, böyük işlər görülüb və belə tədbirlər hələ də davam etdirilir.

 

Son illərdə daxili sərmayələrin artması hesabına qeyri-neft sektoruna qoyulan sərmayələrin həcmi xeyli dərəcədə böyüyüb. Bunun hesabına indi real iqtisadi artım yalnız iqtisadiyyatın qeyri-neft sektoru hesabına təmin edilir.

 

Azərbaycan hökuməti maksimum dərəcədə çalışır ki, əlverişli biznes və investisiya mühitini daha qısa müddətdə formalaşdıraraq geniş şaxələnməyə aparan yolu qısa müddətdə keçsin. Artıq sahibkarlıq fəliyyətinə başlamaq daha asandır, dövlət sahibkarlar üçün güzəştli şərtlərlə kredit verir, regionlarda iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə bir neçə böyük proqram qəbul edib və s.

 

 

Son illərin təcrübəsi göstərdi ki, iqtisadiyyatda şaxələnmənin ən gözəl yolu sahibkarlığın inkişaf etdirilməsidir. Sahibkarlıq nə qədər inkişaf edərsə iqtisadiyyat bir o qədər şaxələnər və təsərrüfat sisteminin bir sahədən asılılığı aradan qalxar. Bunun üçünsə iqtisadiyyatın neft və qazdan kənar sahələrində biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı iqtisadiyyatının prioritetləri olmalıdır.

 

Son bir neçə ildə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sahəsində görülən işlər nəticəsində sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb. Ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər indi daha qabarıq şəkildə özünü göstərir.

 

Sahibkarlığın inkişafını dəstəkləmək üçün Azərbaycanda müasir istehsal infrastrukturuna malik sənaye parkları da yaradılır. Sənaye parkları Azərbaycanda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

 

Vasif CƏFƏROV


 


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...