Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir

“Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatların sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5.4 faiz böyüyüb”.
Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bu 3.2 faizlik qlobal iqtisadi artım xeyli dərəcdə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.
Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhvə verən dövlətdir. Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın, eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.
Regional enerji təhlükəsizliyinə yaxından töhvə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kub metr artıb”, - deputat bildirib.
V.Bayramov qeyd edib ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub:
“Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir”.