Maaşla bağlı yeni qərar kimlərə təsir edəcək? - RƏY

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq. Bu qərar vətəndaşlar arasında müzakirələrə səbəb olub.
Bəs yeni sistem maaşlara necə təsir edəcək?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bunun maaş artımı olmadığını deyib.
Ekspert bildirib ki, bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir:
“Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir.
E.Əmirov saatlıq sistemin tətbiqi üçün səbəblərdən danışıb:
“İqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi “freelance” işləyir, kimisi mövsümi. Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.
Əslində, bununla dünyada olmayan nəsə kəşf edilmir, dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki, Azərbaycan sahədən və xaraktrindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq”.
Onun sözlərinə görə, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə şamil ediləcək.
Mütəxəssisin fikrincə, bu proses doğru icra edilməsə, müsbət tərəflərilə yanaşı mənfi tərəfləri də ola bilər:
“Bunun müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulloğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.
Mənfi tərəflərinə gəldikdə isə mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə “aylıq yox, çağıranda gəl, saatına verərik” deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər.
Odur ki, yeni sistemin tanıdılması və başa salınması üçün uzun müddət ictimai maarifləndirmə lazımdır. Əks halda, ilk dövrlərdə qarışıqlıq və qeyri-şəffaflığa meyllər arta bilər”.
O, sonda vurğulayıb ki, bu dəyişiklik əmək bazarının real vəziyyətini hüquqi sistemə uyğunlaşdırmaq üçün vacibdir. Məqsəd isə kiminsə qazanməsı və ya itirməsi deyil, sistemin adaptasiyası və çevikliyinin artmasıdır. Amma əsas odur ki, bu keçid düzgün icra olunsun, nəzarət və maarifləndirmə zəif olmasın.
Firuzə Əliyeva
Sfera.az