Pul üçün etibarlı yer sandıqdır, yoxsa banklar? - Ekspertdən AÇIQLAMA

Pul üçün etibarlı yer sandıqdır, yoxsa banklar? - Ekspertdən AÇIQLAMA

Mərkəzi Bankın rəhbərliyi iki gün öncə media nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycan banklarında unikal əmanətçilərin sayını açıqlayıb. Rəsmi məlumata görə, ölkəmizdə unikal əmanətçilərin sayı 41 faiz artaraq 150,5 min nəfərə çatıb.Qeyd edək ki, burada unikal əmanətçi dedikdə banka müddətli pul yerləşdirən fiziki şəxslər nəzərdə tutulur.


Sfera.az xatırladır ki, 2024-cü ilin dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında müddətli əmanətlərin həcmi 8,371 milyard manatdır.


Bəs, Azərbaycanda əhali sayı ilə müqayisədə əmanətçilərin sayını qənaətbəxş hesab etmək olarmı? 

 

Əmanətçilərin sayı ilə bağlı faktı şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycanda əmanət hesabı olan şəxslərin sayı çox azdır. O bildirib ki, ölkəmizdə 18 və yuxarı yaşda olan əhalinin sayı 7,6 milyon nəfərə yaxındır.

 

“Mərkəzi Bankın açıqladığı məlumatlardan görünür ki, əhalinin ən yaxşı halda 2%-nin banklarda depozit hesabı var”, - deyən R.Ağayev bunun yaxşı göstərici olmadığını vurulayıb. Onun fikrincə, daha az adamın banklara vəsait yerləşdirməsi ölkəmizdə gəlir bərabərsizliyinin dərin olması ilə bağlıdır:

 

“Banklarda əmanət hesabı olanların sayı az olmaqla bərabər yerləşdirilən əmanətlərin çox hissəsi azsayda insana məxsusdur. Bu ölkədə sərvət təbəqləşməsinin real miqyasını görmək baxımından çox önəmlidir.  Ən zəngin 20% depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75%-nə də sahibdir. Amma hətta nəzəri olaraq həmin hesabların hamısında istisnasız olaraq 30 min manat depozit olsa, 78% əmanət sahibinin malik olduğu vəsaitlərin həcmi bütün əhali depozitlərinin 30% ətrafında olduğu görünür". 

 

Ekspert əlavə edib ki, insanların banklara inamının olmaması tam mənada həqiqəti əks etdirmir:

 

"Belə bir iddia səslənə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksəriyyətinin sərbəst pul vəsaitləri sayəsində faiz gəlirləri əldə etmək istəməməsi heç real görünmür.

 

Fikrimcə, problem yoxsulluğun miqyasının geniş olmasıdır. Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər.
Təqdim olunan statistika Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu hesaba oluna biləcək nadir və açıq rəsmi məlumatlardan biridir”.

 

Vasif


OXŞAR XƏBƏRLƏR