Azərbaycanda dollar bahalaşır?- Məzənnə dəyişə bilər...

Azərbaycanda dollar bahalaşır?- Məzənnə dəyişə bilər...

ABŞ-nin yeni prezidenti Donald Tramp Ukrayna məsələsində Rusiyanı sülhə məcbur etmək üçün neft kartından istifadə etməkdə israrlı görünür. 


Dünən Davos Forumunda videobağlantı formasında çıxış edən Tramp bu fikrində qəti olduğunu bir daha bəyan etdi. Tramp qeyd edib ki, Rusiyanı Ukraynada dayandırmağın yeganə təsirli yolu neftu ucuzlaşdırmaqdır: “Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz qiyməti düşürəcəyik və Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq".

 

Sfera.az xatırladır ki, ABŞ Rusiyaya qarşı iki dəfə bu metoddan istifadə edib. ABŞ birinci dəfə 1980-ci ildə, ikinci dəfə isə 2014-cü ildə nefti ucuzlaşdırmaqla Rusiyanı dayandıra bilib. 

 


1979-cu ildə SSRİ ordusu Əfqanıstana daxil olandan sonra ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşma əldə edərək “Brent” neftinin qiymətini endirməyə nail oldu. “Brent” neftinin qiyməti 1980-ci ildə 37 dollara yüksəldikdən sonra 1982-ci ildə 33 dollara, 1985-ci ildə 27 dollara, 1986-cı ildə isə 14 dollara gerilədi. Daha sonra uzun müddət neft qiymətləri 15-20 dollar arasında dəyişdi. Yalnız 2000-ci ildən başlayaraq neft qiymətlərində ciddi artımlar baş verdi. 

 


İkinci dəfə 2014-cü ildə Rusiya Krımı və Ukraynanın Şərq hissəsində yerləşən əraziləri işğal etməyə başlayanda neft ucuzlaşdırıldı. 2014-cü ildə “Brent” neftinin qiyməti 110 dollar idi və ABŞ yenidən Səudiyyə Ərəbistanı ilə danışaraq neft qiymətlərini endirməyə nail oldu. Lakin bu dəfə “qara qızıl”ın dəyəri daha sürətlə endirildi. Çünki Rusiya Ukrayna ərazisində sürətlə irəliləyirdi. Bazara böyük həcmdə neftin çıxarılmasından sonra “Brent”in dəyəri 2014-cü ilin sonunda 55 dollara, 2015-ci ilin sonunda isə 34 dollara düşdü. Rusiya neft qiymətlərinin 1980 və 1990-cı illərdə olduğu kimi uzun müddət aşağı səviyyədə qalacağından qorxan Minskdə razılaşmanı qəbul etdi. Minsk razılaşmasından sonra neftin dəyəri tədricən yüksəldi və 2022-ci ildə 114 dollara çatdı. 

 


2022-ci ilin fevralında Rusiyanın növbəti dəfə Ukraynada hərbi əməliyyatlara başlaması nefti ucuzlaşdırsa da, qiymətlər 30-40 dollar həddinə qədər geriləmədi. Qiymətlər əsasən 80 dollar ətrafında dəyişdi. Bu qiymət səviyyəsi Rusiya üçün əlverişli olduğudan müharibə ilə bağlı artan xərcləri (65 milyard dollardan 140 milyard dollara) maliyyələşdirmək çətin olmadı. Neft qiymətlərindəki dəyişikliyin Rusiyanın davranışına təsirini görən Tramp üçüncü dəfə də eyni metoddan istifadə etməyə çalışacaq. 

 

Əgər Trampın bu ideyasına administrasiya və ABŞ-nin digər mühüm dövlət qurumları tərəfindən ciddi maneə yaradılmasa, böyük ehtimalla yaxın aylarda neft qiymətlərində enmə əlamətlərini görəcəyik.  Trampın bu açıqlamalarından sonra neft qiymətləri bir qədər enib. Lakin qiymətlərdə ciddi fərq görünmür. Qiymətlərdə ciddi dəyişiklik üçün Səudiyyə Ərəbistanı ilə razılaşma əldə edilməli və bazarlara daha böyük həcmdə neft çıxarılmalıdır. Bu, müəyyən qədər vaxt aparan məsələdir. Bu məsələdə razılıq əldə edilərsə, yəqin ki, neft qiymətlərindəki ciddi azalmanı 2025-ci ildə müşahidə edə biləcəyik.

 

 
Qeyd edək ki, neftin ucuzlaşmasından sadəcə Rusiya təsirlənməyəcək. Neft ixrac edən ölkələrin də gəlirində ciddi azalma baş verəcək. Bu baxımdan Azərbaycan da zərər çəkən ölkələr sırasında olacaq.  Amma Azərbaycanın neftin ucuzlaşmasından zərəri 2014-cü ildə olduğu kimi güclü olmaya bilər. Çünki neft və neft məhsullarının ixracda payı on il əvvəlki dövrlə müqayisədə çox yüksək deyil. Belə ki, 2014-cü ildə ixracın 91 faizi neft və neft məhsullarından ibarət idi. Hazırda isə nisbət 55-56 faizdir. Azərbaycanın ixracının qalan hissəsi təbii qaz və qeyri neft-qaz məhsullarından ibarətdir. 

 


Düzdür, adətən neftin qiyməti təbii qaz qiymətlərinə də təsir edir. Yəni, neft ucuzlaşanda təbii qaz da ucuzlaşır. Lakin bu asılılıq kəskin deyil və bəzən neftin qiyməti dəyişdikdə qazın qiymətində ciddi dəyişiklik müşahidə edilmir. Buna görə də əgər neft qiymətləri 40-50 dollar həddinə enərsə, Azərbaycanın ixracındakı azalma 2014-cü ildə olduğu qədər yüksək olmayacaq. 

 

Bununla belə etiraf etmək lazımdır ki, neft qiymətlərinin uzun müddət (bir il və daha çox) aşağı səviyyədə qalması cari əməliyyatlar balansında kəsir yarada və  Azərbaycanın makroiqtisadi sabitliyini poza bilər.

 

Bu vəziyyət uzun müddət qalarsa, Azərbaycan iki yoldan birini seçməli olacaq - ya xaricdən borc cəlb ediləcək, ya da dollarla olan məzənnədə dəyişdiriləcək.

 


Xaricdən borc cəlb edilməsi Azərbaycana vaxt qazanmağa imkan verəcək. Bir neçə milyard dollar cəlb etməklə ən azından 1-2 il vaxt qazanmaq olar. Amma qeyd etdiyimiz kimi neft qiymətləri bir neçə il aşağı səviyyədə qalarsa, o halda məzənnə dəyişikliyindən başqa yol qalmır. 

 

Neft qiymətlərinin aşağı səviyyədə nə qədər qalması isə Rusiyanın müqavimətindən asılı olacaq.

 

Rusiya tezliklə sülhə razı olarsa, neft qiymətləri yenidən yüksəlişə keçəcək və məzənnə dəyişikliyinə ehtiyac yaranmayacaq. 1980-ci illərdə olduğu kimi Rusiya uzun müddət müqavimət göstərərsə, onda məzənnə dəyişikliyi zərurəti yaranacaq. 

 

Vasif
    


OXŞAR XƏBƏRLƏR