Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Bu il Azərbaycanda fəaliyyət göstərən banklarda əhaliyə məxsus olan əmanətlərin həcmində baş verən artımın əsas mənbəyi uzunmüddətli əmanətlər olub. 


Sfera.az-ın Mərkəzi Bankın açıqladığı statistik məlumatlar əsasında apardığı araşdırma göstərir ki, 2024-cü ildə əhalinin sahib olduğu uzunmüddətli əmanətlərin həcmində nəzərəçarpacaq artım var. Məhz uzunmüddətli əmanətlərin həcmindəki artım bütün əmanətlərin həcmində ciddi artıma səbəb olub. 


2024-cü ilin əvvəlində banklarda 2 milyard 586 milyon manat dəyərində uzunmüddətli əmanət olub. Həmin dövrdə cəmi əmanətlərin (12 milyard 948 milyon manat) 20 faizi uzunmüddətli əmanət idi.  2024-cü ilin noyabrın 1-də uzunmüddətli əmanətlərin həcmi 3 milyard 899 milyard manata yüksəlib ki, bu da cəmi əmanətlərin (14 milyard 266 milyon manat) 27,3 faizinə bərabərdir. Cari ilin geridə qalan 10 ayı ərzində uzunmüddətli əmanətlər 1,3 milyard manat, yəni 50 faizdən çox artıb. Bu dövrdə cəmi əmanətlər də təxminən 1,3 milyard manat (10 faiz) artıb. 


Müqayisədən görünür ki, 2024-cü ilin 10 ayında əmanətlərdəki artım məhz uzunmüddətli əmanətlərdəki artım hesabına baş verib. Uzunmüddətli əmanətlərin həcminin artmasının yeganə səbəbi 2024-cü ilin yanvarın 1-dən sonra həmin əmanətlərə görə verilən faizlərin vergidən azad edilməsidir. Yeni qaydalara asasən, manatla 18 ay və daha uzun müddətə banka yerləşdirilən əmanətlərin faiz gəlirindən vergi alınmır. Digər əmanətlər üzrə isə faiz gəlirinin aylıq məbləği 200 manatı ötdükdə bu həddən artıq olan məbləğdən 10 faiz vergi alınır. 


Uzunmüddətli əmanətlərdə həm də faizlər yüksəkdir. Yüksək faizdən vergi alınmadığından əmanətçi daha çox gəlir əldə edə bilir. On səkkiz aydan qısa müddətə qoyulan əmanətlərdə isə həm faiz azdır, həm də gəlirdən vergi də tutula bilər. Beləliklə, əmanətlərdən daha çox gəlir əldə etmək istəyən şəxslər vəsaitlərini banklara uzun müddətə əmanət edir və bu dəyişiklik banklarda manatla uzunmüddətli əmanətlərin həcmini artırır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR