BRİCS valyuta yaradarsa, dolları əvəz edə bilərmi? - İqtisadçı aydınlıq gətirdi

BRİCS valyuta yaradarsa, dolları əvəz edə bilərmi? - İqtisadçı aydınlıq gətirdi

Xəbər verdiyimiz kimi, BRICS dövlət başçılarının XVI sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. Sammit çərçivəsində artıq bir neçə görüşlər keçirilib, müzakirələr aparılıb. Sözügedən tədbir başlayandan etibarən bir sıra məsələlər gündəm olub. Bunlardan biri də  BRİCS-in vahid valyuta yaradıb aktiv istifadəyə verməsi istiqamətində idi.

 

Maraqlıdır, vahid valyuta yaradılarsa, bu, üzv ölkələr üçün dolları əvəz edə bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, BRİCS valyutası yaxın 10-20 il müddətində dolları əvəz edə bilməz. Onun sözlərinə görə, bunun üçün üzv ölkələrin iqtisadi vəziyyətinə ayrılıqda baxmaq kifayətdir:

 

“Üzv ölkələrdən biri Brazilya il ərazində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240 milyard dollarlıq məhsul alır. Bunun yalnız 48 milyard dollarını BRİCS  ölkələri vasitəsilə təmin edir. Yəni yerdə qalan 80% idxalı gerçəkləşdirmək üçün Brazilyaya hər il 192 milyard dollar lazımdır. Digər üzv ölkə Rusiya isə il ərzində 280 milyard dollarlıq idxal edir və bunun yalnız 15%-i BRİCS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238 milyard dollar lazım olur. İldə 700 milyard dollarlıq idxal edən digər üzv ölkə Hindistan isə cəmi 10%-ni BRİCS ölkələri ilə təmin edir. Yerdə qalan 630 milyardını dollar hesabına kənardan alır. Təkcə ABŞ-dən etdiyi idxalın həcmi bütün BRİCS ölkələrindən etdiyi idxaldan az qala iki dəfə çoxdur. Cənubu Afrika da asılılıq məsələsində Hindistanla bənzər pay nisbətinə sahibdir”.

 

E.Əmirov bildirdi ki, Çin idxal məsələsində BRİCS-dən kənar ölkələrdən daha çox asılıdır:

 

“Yəni il ərzində 2 trilyon dollarlıq idxal edən Çin bunun cəmi 5%-ni BRİCS ölkələri vasitəsilə təmin edir. Yerdə qalan 95%-lik pay isə 1,9 trilyon dollar deməkdir. Bəs BRİCS valyutası özünü doğrulda bilərmi? Bu sualın cavabı müsbətdir. Uzunmüddətli dövr üçün BRİCS valyutası özünü doğrulda bilər, amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur. İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə, perspektivlər də dəyişə bilər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR