Azərbaycanın xarici borcu nə qədərdir? - RƏQƏMLƏR
Azərbaycanın dövlət borcunun (xarici və daxili dövlət borcu) ümumi məbləği 2024-cü il iyulun 1-də 25,7 milyard manat təşkil edib. İlin əvvəlinə nisbətən dövlət borcu 1,164 milyard manat azalıb.
Sfera.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 1-də dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 21,2 faizi qədərində olub. Ümumi dövlət borcunun azalması sayəsində ÜDM-yə olan nisbət 0,6 faiz bəndi azalıb.
Dövlət borcunda azalma xarici borclanmada müşahidə edilib. Ümumi dövlət borcunun 9,11 milyard manatı (5,36 milyard ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16,57 milyard manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşüb. 2024-cü ilin iyulun 1-də xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 17 faiz azalıb.
Azərbaycan dövləti, əsasən, ABŞ dollarında borc alır. Borcun 3,6 faizi XBH-dədir (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları). Valyutalar üzrə isə ən çox borc ABŞ dollarında alınıb. Xarici borcun 86,8 faizi dollarla, 6 faizi avroyla, 3 faizi yapon yeniylə, 0,6 faizi digər valyutalarla götürülüb.
Xarici borclanmada ən vacib nüanslardan biri də dəyişən və sabit faizdir. Qeyd olunan tarixə, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib. Xarici dövlət borcunun 42,1 faizi 5 ilə qədər olan müddətdə, 49,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2024-cü ilin iyulun 1-də daxili dövlət borcu 16,57 milyard manat olmaqla ÜDM-nin 13,7 faizini təşkil edib. 2024-cü il birinci yarım ili ərzində daxili dövlət borcu 705,5 milyon manat artıb. Daxili dövlət borcunun 7,28 milyard manatı dövlət qiymətli kağızları üzrə qalıq borc, 9,29 milyard manatı isə “Aqrarkredit” QSC-nin Mərkəzi Bank qarşısında dövlət zəmanətli borcu üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.
Bu məlumatlardan göründüyü kimi, Azərbaycan dövləti xarici borcunu azaldır, əvəzində daxili borclanmanı artırır.
Vasif