Bakı Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzinə çevrilib - TƏHLİL

Bakı Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzinə çevrilib - TƏHLİL

Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz problemlər sırasında ən önəmlisi biznesin böyük hissəsinin ölkənin bir regionunda - Bakıda cəmləşməsidir. Qeyd edilən problem hələ də öz aktuallığını qoruyur və gələcəkdə iqtisadiyyatın balanslı inkişafı üçün müəyyən risklər yaradır.

 

Sfera.az bildirir ki, hökumətin regionların inkişafı ilə bağlı tədbir görməsinə baxmayaraq Bakının Azərbaycan iqtisadiyyatında ağırlığı hələ də qalır. Hələ də istehsalın və pullu xidmətlərin böyük hissəsi Bakıda həyata keçirilir.

 

Bakı həm əhali sayına, həm də ərazisinə görə Azərbaycanda böyük paya sahib deyil. Bakıda daimi qeydiyyatda olanların sayı 2,7 milyon nəfərdir və bu, Azərbaycan əhalisinin təxminən 26 faizini təşkil edir. Ərazi baxımından isə Bakının payı daha kiçikdir. Paytaxtın ərazisi 2 140 kvadrat kilometrdir ki, bu da ölkə ərazinin 2,47 faizidir. Əhalinin sayı və ərazi sahəsinə görə payının kiçik olmasına baxmayaraq, Bakının Azərbaycan iqtisadiyyatında çəkisi ağırdır. Bunu müxtəlif sahələrə dair açıqlanan rəsmi statistik məlumatlardan da görmək olar.

 

 

İstehsala dair məlumatlara diqqət yetirdikdə görürük ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatında məhsul buraxılışının həcmi 128,2 milyard manat olub. Bunun 68,6 faizi, yəni 87,96 milyard manatı Bakıda istehsal edilib. Düzdür, bir il əvvəlki dövrlə müqayisədə Bakının ümumi məhsul buraxılışında payı bir qədər azalıb.

 

2022-ci ildə istehsalın Bakıya düşən payı 74 faiz idi. Amma 2022-ci illə müqayisədə Bakının ümumi məhsul buraxılışında payı azalsa da, əvvəlki illərdəki göstəriciləri də nəzərə aldıqda müsbət dəyişiklikdə ciddi fərq yoxdur. Əvvəlki illərin də göstəricilərini nəzərə alsaq, ümumi məhsul istehsalında Bakının payı bir qayda olaraq 68-74 faiz intervalında dəyişib.

 

İstehsal sahələri arasında paytaxtın ən böyük payı sənaye sahəsində müşahidə edilir.

 

 

2023-cü ildə sənayedə 66,6 milyard manat dəyərində istehsal olub. Bu qədər istehsalın 56,1 milyard manatı və ya 84,2 faizi Bakıda təmin edilib. Əsas kapitala qoyulan investisiyalarda da paytaxt yüksək paya malikdir. 2023-cü ildə əsas kapitala 20,3 milyard manata yaxın investisiya yönəldilib və bunun yarısı (10,2 milyard manat) Bakıya yönəldilib.

 

Əsas kapitala qoyulan investisiyanın 14,55 milyard manatını tikinti-quraşdırma işlərinə ayrılan vəsait təşkil edir. Tikinti-quraşdırma üçün ayrılan vəsaitin 5,3 milyard manatı, yəni 36,4 faizi Bakıda istifadə olunub.

 

Xidmət sektorunda da Bakı dominat mövqeyə sahibdir. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təxminən yarısı Bakıda həyata keçirilib. Bir il ərzində Azərbaycanda 1,694 milyon sərnişin daşınıb və bunların 0,82 milyonu (50 faizə yaxın) Bakını icra edilib.

 

 

İnformasiya və rabitə xidmətlərində paytaxt daha böyük paya sahibdir. 2023-cü ildə ölkəmizdə 3,22 milyard manatlıq informasiya və rabitə xidməti göstərilib. Bu dəyərdə olan xidmətin 2,98 milyard manatdan çox hissəsi, yəni 92,5 faizi Bakıda həyata keçirilib.

 

İstehlak bazarında da paytaxt böyük çəkiyə sahibdir. 2023-cü ildə istehlak bazarının həcmi 72,5 milyard manat olub. İstehlak bazarı özlüyündə ödənişli xidmətlər, ictimai iaşə və pərakəndə ticarətdən ibarətdir.

 

Əhalinin daha çox pul xərclədiyi pərakəndə ticarətin dövriyyəsi 59 milyard manat olub və bu qədər ticarətin 60,3 faizi (35,57 milyard manat) Bakıda aparılıb.

 

Ödənişli xidmətlər və ictimai iaşə bazarında da eyni vəziyyətdir. Ödənişli xidmətlərin 65 faizi Bakıda göstərilib. İl ərzində Azərbaycanda göstərilən 11,4 milyard manatlıq xidmətin 7,35 milyard manatı paytaxtda icra edilib. 

 

İctimai iaşə xidmətlərində isə dövriyyənin 71,1 faizi Bakıda qeydə alınıb. 2023-cü ildə 2,04 milyard manatlıq iaşə xidmətinin 1,45 milyard manatı Bakının payına düşüb. Istehsal və xidmət sektorunda Bakının payının böyük olması iş yerlərinin sayının da çox hissəsinin paytaxtda cəmləşməsinə səbəb olub.

 

 

2023-cü ilin sonuna olan məlumata əsasən, ölkəmizdə 1,742 milyon nəfər əmək müqaviləsi ilə çalışan var. Onların 54,2 faizi, yaxud 945 min nəfəri Bakıda işləyir. Paytaxtda işçi sayının çox olmasında yeni açılan iş yerlərinin çox hissəsinin burada yaradılması da mühüm rol oynayır. 2023-cü ildə Azərbaycan 82 318 yeni iş yeri açılıb ki, bunun da 65 563-ü, yaxud təxminən 80 faizi Bakıda təmin edilib. Onu da nəzərə alaq ki, Bakıda işçi sayı çox olmaqla yanaşı, əməkhaqqı səviyyəsi də yüksəkdir. Ölkə üzrə orta əməkhaqqı 934 manat olduğu halda, Bakıda orta maaş 1 183 manatdır. Bakı həm də Azərbaycanın maliyyə mərkəzinə çevrilib.

 

Ölkə üzrə əhalinin banklara yerləşdirdiyi əmanətlərin, eləcə də banklar tərəfindən verilən kreditlərin böyük hissəsi Bakının payına düşür. 2023-cü ilin sonunda banklarda əhalinin 12,95 milyard manat dəyərində əmanəti var idi. Bu qədər vəsaitin 11,46 milyard manatı (88,5 faiz) Bakıda banklara yerləşdirilib. Kredit qoyuluşunun həcmi isə bu dövrdə 23,18 milyard manat olub ki, onun da 17,74 milyard manatı (76,5 faiz) Bakının payına düşür.

 

Bakıda əhalinin gəlirlərinin daha yüksək olması, daha çox işçinin burada çalışması ipoteka kreditlərinin verilməsi zamanı da bankların paytaxtı üstün tutmasına səbəb olub. 2024-cü ilin birinci yarısına aid olan məlumatlara əsasən, indiyə qədər dövlət vəsaiti hesabına 50 377 ədəd ipoteka kreditinə dair müqavilə bağlanıb. Bu qədər kredit müqaviləsinin 39 313 ədədi (78 faiz) Bakıda bağlanıb.

 

Beləliklə, rəqəmlərdən göründüyü kimi, Bakı Azərbaycan iqtisadiyyatının ağırlıq mərkəzini təşkil edir. Dövlətin əyalətlərdə gördüyü işlərin miqyası və əhəmiyyəti böyük olsa da regionların iqtisadiyyatda payını lazım olan səviyyəyə qədər artırmaq mümkün olmayıb.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR